17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib, yanvarın 25-də isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda bu münasibətlə rəsmi mərasim keçirilərək qurumun binası qarşısında dövlətimizin bayrağı ucaldılıb. Artıq o vaxtdan 18 il keçir. Hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyduğundan 18 illik üzvlüyün Azərbaycana nə verdiyini qısaca da olsa nəzərdən keçirək.
Öncə bu məqamı qeyd edək ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Ən əsası qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini arxada qalan illərdə atdığı addımları ilə sübut etsə də, fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb. Bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi qəbul edəndə ədalət meyarını qarşıdakı illərdə necə qoruyacağına işıq salmışdı.
Avropa Şurası Parlament Assambleyasının keçmiş həmməruzəçiləri Andres Qross və Andres Herkelin ölkəmizlə bağlı hazırladıqları qərəzli hesabatları xatırlamaq kifayətdir. Azərbaycanı demokratik inkişaf baxımından zəif ölkələr sırasında daxil edən andres qrosslar işğalçı Ermənistanı “azad ölkələr” qrupuna daxil edirdilər. Hər dəfə eyni qərəzli yanaşmalara rəsmi Bakının münasibəti belə olub ki, Avropa Şurası təkcə həmməruzəçilərdən ibarət deyil. Heç kəs öz şəxsi mövqeyini qurumun ümumi mövqeyi kimi qəbul etdirə bilməz. Daxili bədxahlarımızın dostu kimi tarixə düşən keçmiş həmməruzəçi Andres Qross bu gün də ənənəsinə sadiqliyini bu ünsürlərə davamlı dəstəyi ilə nümayiş etdirir.
“Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri reallıqlarımızı inkar yolunu tutan daxili və xarici anti-Azərbaycan qüvvələrə tutarlı cavabdır. Cənab İlham Əliyev uğurlarımıza söykənərək bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Bir sözlə, insan amilinə verilən dəyər dövlət siyasətinin əsasını təşkil etdiyindən hərtərəfli inkişaf prioritet məsələ kimi öndədir.
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, davamlı inkişafa geniş yol açan şəffaflığın yüksək səviyyədə təminatı istiqamətində atılan addımlar göz önündədir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm” bəyan etməklə bir daha ölkəmizə qarşı reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə diqqət yönəldir: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu bir tendensiyadır.” Ölkəmizdə həyata keçirilən demokratik islahatları daim diqqətdə saxlayan Avropa Şurasının qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə Azərbaycanın demokratik inkişafı təqdir olunsa da, qurum təmsilçiləri ikili yanaşmadan irəli gələn “iradlarını” söyləməkdə davam edir, hətta bir qədər də irəli gedərək Azərbaycana sanksiyaların tətbiq edilməsi, quruma üzvlükdən məhrum etmək kimi məsələlərin gündəmə gətirilməsinə səy göstərirlər. Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasından gözləntilərimizi açıqlayan cənab İlham Əliyev bildirir ki, ilk olaraq qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini gözləyirdik. Avropa Şurası demokratik islahatlara münasibətdə də ikili mövqeyini qabarıq şəkildə büruzə verir: “Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.”
Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Bu kimi sərəncamlar, eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. 2016-cı ildə keçirilən Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək, idarəçilik sistemində təkmilləşməni həyata keçirməklə davamlı inkişafı təmin etmək idi.
Bu reallıqları düzgün dəyərləndirmək üçün təbii ki, ikili siyasəti bir kənara qoyub, ədalət meyarına önəm vermək gərəkdir. Nəzərə alaq ki, Avropa Şurasında təmsil olunan 47 ölkənin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Uğurlarımızın fonunda AŞPA-nın son zamanlar qəbul etdiyi hesabatların, nümayiş etdirdiyi mövqeyin qeyri-obyektiv və qərəzliliyi bir daha öz təsdiqini tapır. Bu sənədlər ayrı-ayrı deputatların fərziyyə və ehtimalları üzərində qurulmuş subyektiv mülahizələr əsasında meydana çıxır. AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr, qərəzli “hesabatlar” və digər bu kimi məsələlər qurumun mövqeyinə bir daha işıq salır.
Yazının əvvəlində qeyd etdiyimiz suala qayıdıram - 18 illik üzvlüyü dövründə AŞPA Azərbaycana nə verib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurası münaqişəli tərəfləri eyni vaxtda tamhüquqlu üzv qəbul edərkən ikili siyasətini ört-basdır etmək üçün belə bir öhdəlik irəli sürmüşdür ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməlidir. 18 ildə qurum bu öhdəliyin icrası ilə bağlı işğalçı Ermənistana hansısa təzyiqi göstəribmi?
AŞPA-nın ikili standartları çox zaman bu fikirlərin yaranmasına yol açır ki, Azərbaycan quruma üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Azərbaycan dövləti Avropa təsisatlarının özünə qarşı ədalətsiz, qərəzli mövqeyini qəbul etmir, bu yanaşmalara tutarlı cavabımız reallıqlarımızdır.
Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki, hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, bu kimi qarayaxmalar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dünya dövlətləri ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.
18 il Azərbaycan-Avropa Şurası əməkdaşlığında yalnız mənfi deyil, müsbət meyillərlə də yadda qalıb. Mənfilikləri qeyd etməkdə məqsədimiz budur ki, qərəzli, ikili yanaşmalara baxmayaraq, Azərbaycan heç vaxt tutduğu yoldan dönməyib, daim irəliyə baxıb, ən əsası demokratik prinsipləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edərək, demokratik inkişaf tarixinə biri-birindən önəmli səhifələr yazıb.
Ötən il Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olarkən keçirilən mətbuat konfransında almaniyalı jurnalistin Azərbaycanla bağlı aldığı sifarişi biabırcasına icra etməsi də bir çox məqamlara aydınlıq gətirmişdi. Dövlətimizin başçısı İlham Əliyev suala cavabında Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddalarla çıxış etdiyini diqqətə çatdırmışdı. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”
Ölkə Prezidenti İlham Əliyevin bu fikirləri 18 ilin ümumiləşdirilmiş ifadəsidir: “Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur... Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz... Azərbaycanda müasir dövlət qurulur.”
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...