Ataların mənəviyyatımızın məhək daşı hesab olunan müdrik kəlamları çox olsa da insanların xarakterinə aid söylədikləri “Xasiyyət südlə gəlib, sümüklə çıxar” sözləri sanki AXCP sədri Əli Kərimlinin boyuna biçilib. Düşərgədə “komsomol” adlandırıldığı vaxtlardan xəyanətkar kimi tanınan Əli Kərimlinin bir amalı olub: Burada mənəm, Bağdadda kor xəlifə.
Əzəli rəqibi olan sabiq Müsavat başqanı İsa Qəmbəri sıradan çıxarmaq niyyətinə nail olmaq üçün hər cür rəzilliyə əl atan, düşərgədə yaradılan bütün blokları, birlikləri dağıdan “islahatçı sədr”in dağıdıcı ünsür adlandırılması da təsadüfi deyil.
AXCP sədri Əli Kərimlinin özünə ustad hesab etdiyi eks -prezident Əbülfəz Elçibəyi zəhərləməsi ilə bağlı məlumatın doğruluğunu sübut edəcək insanları çıxdaş etmək üçün hansı oyunlardan çıxdığı yaxın keçmişdə, ətrafındakıların gözü qarşısında baş verən xəyanətləridir. Elçibəyə sadiq adam kimi tanınan “cəbhənin bayraqdarı” Elman Türkoğlunu bu faktı təsdiqlədiyi üçün döydürməklə bir növ təhlükəni özündən kənarlaşdırmağa çalışan Əli Kərimli hər zaman “pambıqla baş kəsən” iblis xislətli olduğunu gizlətməyə çalışıb.
İqtidarda olduqları müddətdə özünü “demokrat”, “vətənsevər” kimi tanıtdıran, əslində isə öz mənafeləri naminə bölgələrdə separatçı ocaqlar yaradanların önündə Əli Kərimlinin adı çəkilir.
AXC-Müsavat hakimiyyətinin 25 may 1993-cü ildə keçirdiyi müşavirədə Elçibəyin söylədiyi “Deyin görüm respublikanı niyə dağıdırsınız. Camaat yollarda oturub ata-anamızın qəbrini söyür. Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” sözlərini unudan Əli Kərimliyə həmin müşavirənin stenoqramından götürülən başqa etirafları da xatırladaq: Dövlət katibi “respublikada mafioz qüvvələr güclənir və onlar demək olar ki, ölkəni idarə edirlər” söyləyir. Baş prokuror “ iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizəyə də məhz dövlət aparatından başlanmalıdır” kimi iradlarını bildirir. Ədliyyə naziri “ hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb” deyir. Gömrük Komitəsinin sədri “ imperiyanın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir” deyə “gileylənir.” Ali Məhkəmə sədri “Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir” sözləri ilə iqtidarda olan iqtidarsızların idarəetmə üsullarının dağıdıcı nəticələrini açıqlayır. Məhz həmin müşavirədə bu gün guya ölkədəki özbaşınalıqdan gileylənən Əli Kərimli hərbi sahədə cinayətkarlığa qarşı mübarizənin qənaətbəxş olmadığını etiraf edir: “Respublikada hələ rəsmi özəlləşdirilmə başlamamış qeyri-qanuni yolla dövlət əmlakının özəlləşdirilməsi adı ilə mənimsənilməsi prosesi kütləvi şəkildə gedir. Zavodların, müəssisələrin, əsas istehsal fondlarının, zavod və müəssisələr yanında yaradılan kiçik dövlət müəssisələri vasitəsilə dövriyyədən çıxarılması və mənimsənilməsini xüsusilə qeyd etmək istəyirəm.” Əli Kərimli hakimiyyətləri dövründə qaçaqmalçılığın “çiçəkləndiyini” də bildirir. “Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur” söyləyən “islahatçı sədr” iqtidarda olduqları dövrdə hakimiyyət daxilindəki “bespredel”in artmasını da dilə gətirir, hərbi hissələrdən çıxarılan silahların satılmasından bəhs edir. AXC-Müsavat iqtidarının başbilənləri sərsəm bəyanatları ilə qonşu ölkələrlə münasibətləri kəskinləşdirmiş, Azərbaycanı təklənmiş vəziyyətinə salmışdılar.
Gənclərin şüurunu zəhərləyən AXC-Müsavat yetkililəri AMEA kimi elm ocağını lazımsız bildikləri kimi gənclərin fiziki tərbiyəsi və sağlamlığı üçün böyük əhəmiyyətə malik idmanı cəmiyyətin gərəksiz, “ölü” sahəsi kimi unutmuşdular. “Prezident seçkilərində çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız” söyləyən Elçibəy öz komandasını xəyanətləri və xalqa qarşı törətdikləri əməllərinə görə ittiham etmişdir.
Müxalifətdə olduqları müddətdə də məkrli siyasətlərini davam etdirən əlilər yenə də onları dəstəkləyən xarici ünsürlərlə əlbir olaraq antiazərbaycan kampaniyaların, təxribatların fəal iştirakçılarına çevriliblər.
İndi Əli Kərimlinin mitinqlərə çağırış etməsi, inkişafda olan Azərbaycanın iqtisadi qüdrətini görməzdən gəlməsi, “ofşor zonalar” barədə əsassız sözlər söyləməsi təbii ki, xəyanətə pərdə salan iblis xislətidir. Dünyanın siyasi arenasında mövqeyini möhkəmləndirən, maraq dairəsində olan, enerji və nəqliyyat layihələri ilə inkişafın Azərbaycan modelini beynəlxalq ictimaiyyətə çatdıran ölkəmizdə siyasi sabitliyin pozulmasında maraqlı olan ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirən Əli Kərimli və onun “ mühacir biznesinin fəalları”nın iftira və böhtanları respublikamızın reallıqları qarşısında görünməzdir. Mitinqlərin təşkili üçün xarici ağalarından aldığı qrantları oğlu Türkelin keçirdiyi keyf məclislərinin təşkilinə sərf edən Əli Kərimli mitinqə zorla topladığı gənclərin şüurunu korlayır, onları asayiş keşikçiləri ilə üzbəüz qoyur. Bununla da “mühacir biznesi” üçün yeni “bloqgerlər, fəallar” dəstəsi təşkil edir. Təbii ki, lazımi məbləğin ödənilməsi şərtilə.
Əli Kərimlinin “Məhsul”dakı mitinq-şouda səsləndirdiyi əsassız iddiaların əksinə hazırda işini davam etdirən Davos İqtisadi Forumunda Azərbaycanla bağlı ürəkaçan fikirlər söylənilir, ölkəmizin inkişaf səviyyəsini göstərən hesabatlarda rəqəmlərin qısa müddətdə dinamik artımı respublika rəhbərliyinin qətiyyəti, xalq-iqtidar birliyi və həmrəyliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Forumda iştirak edən Prezident İlham Əliyevlə keçirilən görüşlərdə dövlət və hökumət başçılarının Azərbaycanla bağlı söylədikləri xoş sözlər, cənab İlham Əliyevin tanınmış KİV-lərə, televiziyalara verdiyi müsahibələrin maraqla qarşılanması Əli Kərimlinin iftiralarının kəsərsizliyinin təsdiqidir.
Ölkə əhalisi bloqger Mehman Hüseynov kimilərindən vasitə kimi istifadə edən Əli Kərimlinin antiazərbaycan çağırışlarını deyil, daha çox cənab İlham Əliyevin humanizm və xeyirxahlığını dəstəkləyir. Əfv fərmanlarını, amnistiya aktlarını imzalamaqla Mehman Hüseynov kimi yüzlərlə məhbusu bağışlayan dövlət başçımızın insan amilinə göstərdiyi diqqət və qayğını razılıqla qarşılayır.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...