Dövlətimizin başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada aparıcının sullarına cavabı, eyni zamanda, Çinin CGTN televiziyasına müsahibəsi ölkəmizin son illərdə əldə etdiyi uğurların təqdimatı oldu.
Belə ki, sessiyanın da adından göründüyü kimi, bir layihə, bir yol ölkələri, xalqları birləşdirməklə yeni əməkdaşlıq formatlarının yaradılmasında stimulverici amil rolunu oynayır. Ölkə Prezidentinin vurğuladığı kimi, müasir infrastrukturun yaradılması hökumətin əsas məqsədlərindən biridir: “Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görürük... Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür.”
Cənab İlham Əliyev günün əsas reallıqlarından biri kimi bu məqamı daim vurğulayır ki, güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. BTC və BTƏ neft-qaz layihələrinin, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi buna bariz nümunə kimi qeyd olunur. Bu fikir də önə çəkilir ki, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. “ Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.” BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi “Cənub Qaz Dəhlizi”nə, onun əsas seqmentləri olan TANAP və TAP kimi layihələrə yol açdı. Çoxtərəfli əməkdaşlığın nümunəsi olan TANAP ilə Xəzər qazı ilk dəfə Avropaya çatacaq. “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək.
TAP isə Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. Ötən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsi alqışlanaraq bildirilmişdir ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır.
Ötən ilin mühüm hadisələri sırasında yer tutan Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasında yeni əməkdaşlıq formatlarının rolu inkaredilməzdir. Nəzərə alsaq ki, məsələ illərdən bəri mövqelərin üst-üstə düşməməsi üzündən öz həllini gözləyirdi, bu halda ikitərəfli və üçtərəfli formatda danışıqların və imzalanan sənədlərin rolunu daha aydın görmək mümkündür. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın, həmçinin ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar beynəlxalq səviyyədə də bu qənaətə əsas verir ki, yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr əldə olunacaq. Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyaya gəldikdə isə sənəd ilk növbədə Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.
Əvvəldə də əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs etdik. Bu layihə təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bildirir ki, dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan bəhrələncək bütün ölkələr arasında əməkdaşlıq daha da dərinləşəcək. Ən əsası BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq. Bir sözlə, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xüsusi strateji əhəmiyyət daşıyır.
Məhz bu uğurlarımıza söykənərək “Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Yükdaşımaların həcmi artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb.
Qısa təhlil əsasında Azərbaycanın yerləşdiyi coğrafi məkanın, eyni zamanda, malik olduğu təbii resurslardan səmərəli istifadəninin biri-birindən önəmli uğurlara yol açdığının şahidi oluruq. Eyni zamanda, bu uğurlar dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, düşünülmüş siyasətin, xalq-iqtidar birliyinin, şəffaflığın, düzgün iqtisadi siyasətin və regional əməkdaşlığın nəticəsidir.
Çinin CGTN televiziyasına müsahibəsində cənab İlham Əliyevin “Cənab Prezident, Sizin bir çox ölkələrdə olan həmkarlarınız uzunmüddətli perspektivə investisiyaların yatırılmasına arzuolunmaz hal kimi baxa bilər. Deyə bilərlər ki, əsas diqqətimizi bu günə, lap uzağı sabaha yönəldirəm. Bir dövlət başçısı kimi Siz bu qısamüddətli və uzunmüddətli faydalar arasında balansın qorunmasına necə baxırsınız” sualına cavabı uğurlarımıza baxış fonunda müəyyənləşdirilən perspektivlərin təqdimatıdır: “... uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır... Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir.”
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...