Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırmışdır ki, əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir.
Əhatə etdiyi dövrün hesabatı kimi dəyərləndirilən iclasda səsləndirilən statistik rəqəmlər də verilən proqnozların özünü doğrultduğunu, hədəflərin gerçəkliyə çevrildiyini təsdiqlədi. Bununla yanaşı, beynəlxalq maliyyə qurumlarının hesabatları da uğurlu nəticələrin təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə gedən proseslərə yüksək qiymət verərək, Azərbaycanı ən islahatçı ölkələrdən biri kimi təqdim etdilər. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında isə bildirilirdi ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında da Azərbaycan öz reytinqini qorudu. Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq belə fikirlər ortaya qoyulanda bu, həm bizi sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır: “Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək.”
Ötən ilin statistik rəqəmlərinə diqqət yetirək. İqtisadi artım 1,4 təşkil edib. Qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı 4,6 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına ötən il 17,2 milyard manat sərmayə qoyulub. Bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. 118 min daimi iş yeri yaradılıb. Ölkə Prezidenti sosial-iqtisadi göstəricilərə söykənərək bu fikri böyük inamla qeyd edir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir.
Sənaye potensialının artırılması da hədəflər sırasındadır. Qeyd etdiyimiz kimi, sənayenin qeyri-neft sektorunda istehsalı 9,1 faiz artıb. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki Sumqayıtda, hazırda Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. Bu günlərdə “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir. Belə ki, zavodun istehsala başlaması azot kübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Nəzərə alsaq ki, bu günədək azot gübərələri Azərbaycana idxal edilirdi, bu halda zavodun istifadəyə verilməsi həm daxili bazarın tələbatının tam ödənilməsini, həm də istehsal olunan məhsulun təxminən 70 faizinin ixrac edilməsini təmin edəcək.
Dövlətimizin başçısı İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanı da ciddi islahatlara yol açdı. Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşmasında bu islahatların nə qədər vacib olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, islahat çox böyük məna daşıyır: “İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir.”
Bir əsas məqamı da nəzərə alaq ki, modernləşmə, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev hər çıxışında bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəetmədə təkmilləşmənin bariz nümunəsidir. Fəaliyyətində daha çox sosial məsələlərin həllinə diqqət yönəldən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə keçirilən Təhlükəsizlik Şurasının iclasında ona göstərilən bu etimadı yüksək dəyərləndirərək söylədiyi fikirləri xatırlamaq istərdik: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Mehriban xanım Əliyevanın bu fikirləri ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin keçirilən hər iclasında məmur-vətəndaş münasibətlərinə diqqət yönəldərək verdiyi tapşırıqların davamı, bir tərkib hissəsi kimi də qəbul olunur. “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları!.. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”
Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur” söyləyərək, uğurlarla kifayətlənməyib, daim irəliyə baxmağın davamlı inkişafda nə qədər böyük rol oynadığını bu fikirləri ilə bir daha ifadə etdi: “Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.”
Nazirlər Kabinetinin iclasından sonra ölkə Prezidentinin dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasına xidmət edən sərəncamları bir daha bu reallığı ortaya qoydu ki, idarəetmə sisteminin təkmilləşdirilməsi dövrün, zamanın tələbidir. Bu təkmilləşmə davamlı olaraq həyata keçirildikdə sosial-iqtisadi göstəricilərimiz daha böyük rəqəmlərlə ifadə olunur, Azərbaycan ən islahatçı ölkə imicinə yeni əlavələr edir.
Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Eyni zamanda, uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. Cari ilin ilk ayında imzalanan Prezident Fərman və sərəncamları əsasında idarəçilikdə təkmilləşmənin yüksək səviyyədə həyata keçirilməsi 2019-cu ili də uğurla başa vuracağımıza əminlik yaradır. 11 aprel 2018-ci il prezident seçkilərində 10 möhtəşəm uğurumuza söykənərək açıqlanan o sayda da hədəfə çatmaq üçün xalqımız “İlhamla irəli” dedi və bunu verdiyi səslərlə təsdiqlədi.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...