SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin etiraf etdiyi kimi, irəlidə hələ o qədər iş var ki!
“Xəyalən dönüb ömrümün arxada qalan illərinə baxdım. O illərin aylarını, günlərini, istisini-soyuğunu, sevincini-kədərini yenidən yaşaya-yaşaya xatirələrimi kağız üzərinə köçürub son nöqtəni qoydum. Amma hiss etdim ki, son nöqtə son söz deyil. Bu dünyada sözün söz yeri, nöqtənin nöqtə yeri var... Söz ömürdür. Son nöqtəni qoymaq səlahiyyəti də İlahinin əlindədir. Bu nöqtəni O, nə vaxt qoyacaq, bilmirəm. Hələ ki, yaşayır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: “Biz əlimizdən gələni, bacardığımızı etdik, Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”
Yazıya Xoşbəxt müəllimin ömrün illərini və izlərini özündə birləşdirən, ömür səhifəsini vərəqləməyə, xatirələrlə tanış olmağa yardımçı olan “Ömrümün illəri və izləri” kitabında qeyd etdiyi bu fikirlərlə başlamağımız təsadüfi deyil...
`Bütün fəaliyyətini neft sənayesinin inkişafına yönəldən Xoşbəxt Yusifzadə ilk gündən bu peşəni seçdiyi üçün özünü həqiqətən xoşbəxt hesab edib. Bu fikir Xoşbəxt müəllimin açıqlamalarında, gənclərə tövsiyələrində də hər zaman öndə dayanır ki, zəhmət, əmək bütün uğurların açarıdır.
Ümummilli lider Heydər Əliyevin 12 iyul 1999-cu ildə “Şahdəniz” yatağında əldə edlmiş nəticələrin təqdimat mərasimində söylədiyi bu fikirləri yada salaq: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan- 70-80-cı illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görülmüş və böyük xidmətlər göstərilmişdir. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi -texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik... Bu gün “Şahdəniz” konsorsimunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, - demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, - deyir ki, orda bir trilyon kubmetrə qədər qaz olacaqdır.” Dahi şəxsiyyətin bu fikirlərinin davamı olaraq cənab İlham Əliyev 5 noyabr 2009-cu ildə keçirilən Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir: “Bu gün Xoşbəxt müəllim həmişə olduğu kimi, çox gözəl və maraqlı çıxış etdi. Bizi çox maraqlı tarixi anlara qaytardı və qeyd etdi ki, mən adətən bölgələrə tez-tez gedirəm. Hər dəfə gedib öz gözümlə tanış oluram, maraqlanıram, lazım olan göstərişləri verirəm və qayıdıb yoxlayıram. Amma Xoşbəxt müəllim bir məsələni qeyd etmədi: bu gün biz avtobusla Neft Daşları ilə tanış olarkən mən qeyd etdim ki, keçən dəfə burada gördüklərim bu gün tam başqa mənzərədir. Yəni beş il ərzində böyük fərq, böyük irəliləyiş vardır. Hələ mən vertolyotla bura yaxınlaşanda gördüm ki, binalar təmir olunub, gözəl parklar salınıb, gözəl məişət obyektləri tikilib. Xoşbəxt müəllimə dedim ki, inşallah, 5 il bundan sonra gələcəyəm, çox güman ki, daha da yaxşı dəyişikliklər olacaqdır. Xoşbəxt müəllim də dedi ki, indi 5 il bundan sonra mən nə olacağam bilmirəm. Dedim ki, elə şey yoxdur, siz olmasanız mən gəlməyəcəyəm. Beş il bundan sonra burada növbəti yubileyi bərabər qeyd edəcəyik.”
Artıq o vaxtdan 10 ilə yaxın vaxt keçir. Bu illər ərzində Azərbaycanın neft-qaz sənayesində qazandığı uğurlara diqqət yetirsək, miqyasının nə qədər geniş olduğunu görərik. Azərbaycan hər sahədə möhtəşəm uğurlara imza atıb.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsində böyük töhfələri olan Xoşbəxt müəllimin fəalliyyətini izlədikcə, harada çalışmasından asılı olmayaraq peşəkarlıq, işinə məsuliyyət, rəhbərliyin və kollektivin etimadını doğrultmaq hissi onun əbədi bələdçisi olub. Əbəs yerə söylənmir ki, Xoşbəxt Yusifzadə bir məktəbdir- Daim öyrəniləsi, bu peşəni sevənlərə örnək olan təcrübə məktəbi. Gördüyü biri-birindən əhəmiyyətli işlər, yetişdirdiyi mütəxəssislər fədakar neftçinin əmək fəaliyyətinin maraqlı şəcərəsi kimi çoxlarına nümunədir. Açıq dənizdə - Neft Daşlarında neftçıxarma əmsalının təyin olunmasında da onun əməyi misilsizdir. Neft Daşlarında işləyərkən neft geologiyasının əsasını öz fəaliyyəti, elmi kəşfləri, düşüncəsi ilə formalaşdıran Xoşbəxt müəllim möcüzələr adasının zəngin sərvətlərinin öyrənilməsi, sirlərinin açılması üçün əsl alim-geoloq kimi çalışıb, fədakarlıq göstərib. Kəşfiyyat işlərinin miqyasının genişlənməsi, dənizdə ilk dəfə olaraq neft yataqlarının tapılmasında, ən müasir qazma üsullarının, müasir neft avadanlıq və texnologiyalarının tətbiqində böyük xidmətləri olan bu insanı əbəs yerə yenilikçi adlandırmırlar. Neft sənayesində ən müasir geofiziki texnologiyaların tətbiqi, proqram və geofiziki tədqiqatların öyrənilməsi, uğurla başa çatdırılması ömrünü neft sənayesinin inkişafına həsr etmiş bu cəfakeş insanın adı ilə bağlıdır.
Onun mənalı ömrünün ən yaddaqalan anları Azərbaycanın müstəqillik qazanmasından sonra ölkədə yeni neft strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin hazırladığı bu strategiyanın elmi əsaslarla həyata keçirilməsində xidməti olanlar arasında da onun adı birincilər sırasında çəkilir.
Neft tariximizi yazanlardan biri kimi Xoşbəxt müəllimin elmi fəaliyyəti də təqdirəlayiqdir. Neft Daşlarında çalışdığı dövrdə apardığı elmi-tədqiqat işləri 1961-ci ildə namizədlik dissertasiyasını müdafiə etməyinə imkan yaradıb. Onun doktorluq dissertasiyası böyük zəhmətin nəticəsidir. Elmi əsərlərinin toplusunu doktorluq dissertasiyası şəklində müdafiə etmək qərarına gələn Xoşbəxt müəllim bir çox ünvanlara müraciətindən sonra yenə də rastlaşdığı təsadüf onu arzusuna qovuşdurur. O, 1987-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edir. Xoşbəxt müəllimin elmi kəşflərinin istehsalata tətbiqi böyük səmərə verir. Elmi əsərləri dünyanın neft hasil olunan bir çox ölkəsində öyrənilir.
Onu da qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə “Avropa xidmət” ordeni ilə təltif edilib.
Göründüyü kimi, Xoşbəxt müəllimin əməyi hər zaman yüksək qiymətləndirilib. İki dəfə Azərbaycan Respblikasının Dövlət mükafatı laureatı adına layiq görülən X. Yusifzadə fəxri neftçi, fəxri neft kəşfiyyatçısı, respublikanın əməkdar mühəndisidir. İki dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Ölkə Prezidenti İlham Əliyevin 11 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda neft sənayesinin və elminin inkişafındakı böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadə “Şərəf” ordeni ilə təltif edilib. Dövlət başçısı İlham Əliyevin X.Yusifzadənin 80 illik yubileyi mərasimindəki çıxışında söylədiyi “Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki, yubileyinizin ölkə miqyasında keçirilməsi üçün mən bir müddət bundan əvvəl müvafiq Sərəncam imzalamışam. Bu onu göstərir ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz həqiqətən də buna layiqsiniz” fikirləri bir daha onun xidmətlərinə verilən yüksək dəyərin təsdiqidir.
Xoşbəxt müəllim müsahibələrinin birində “Özünüzü xoşbəxt sanırsınızmı” sualına cavab olaraq bildirmişdir ki, xoşbəxtlik nisbi anlayışdır. İmtahan verib ali məktəbə qəbul edilirsən, özünü xoşbəxt sanırsan. Sevdiyin qızla ailə qurursan və hesab edirsən ki, bütün dünyada səndən xoşbəxti yoxdur. Ata olursan və sanki özünü göyün yeddinci qatında hiss edirsən...
Ulu öndərimiz Heydər Əliyev “Xəzər dənizini Xoşbəxt Yusifzadə qədər bilən ikinci adam yoxdur” deyəndə özümü xoşbəxt sanmışam. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyeva və qızı Arzu xanım Əliyeva ilə birlikdə mənim 80 illik yubileyimə həsr olunmuş mərasimdə iştirak edəndə və orada mənim barəmdə olduqca hərarətli sözlər söyləyəndə, şərəfimə badə qaldıranda sanki mənə dünyanı verdilər... Xoşbəxt müəllim bu xoşbəxt anları bir-birinə calamaqla 89 yaşın zirvəsinə yüksəlib.
X.Yusifzadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyinin keçirilməsi mərasimindəki çıxışında keçdiyi ömür yolunun mənalılığını, uğurlarını və gələcəyə böyük inamla irəliləməyini şərtləndirən üç amili qeyd etmişdir: “Birinci, xoşbəxtliyim onda olub ki, işlədiyim adamların hamısı yaxşı insanlar olublar. İstəyir “Neft daşları”nda, istəyir birliklərdə insanlar ilə münasibətim həmişə yaxşı olub. Rəhbərlərin- cənab Heydər Əliyevin, cənab İlham Əliyevin də mənə münasibəti həmişə yaxşı olub. Bu, əlbəttə, mənim 80 yaş yaşamağıma (bu gün 86 yaşını qeyd edir), iş görməyimə böyük kömək olub. İkincisi, Bakıxanovun 103 nəsihəti vardır. Onun biri belədir: “Heç vaxt öz halından şikayət etmə. Minlərlə insan var ki, sənin vəziyyətində olsalar özlərini xoşbəxt hesab edərlər.” Bunun mənası odur ki, yuxarı çox baxma, aşağı da bax hərdən. Üçüncüsü də zəhmətdir. Leninin bir sözü var: “Oxumaq, oxumaq, yenə də oxumaq!”. Mən də deyirəm ki, işləmək, işləmək, yenə işləmək. ... Əgər əziyyət çəkirsənsə, həmişə nəticəsini görəcəksən.”
Azərbaycanın bugünkü inkişafına geniş yol açan neft strategiyasının həyata keçirilməsinə öz töhfələrini verən Xoşbəxt müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Özünün də qeyd etdiyi kimi, irəlidə hələ o qədər iş var ki...
Etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirən Azərbaycan “Yeni əsrin müqaviləsi”, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı ilə bundan sonrakı uğurlarının aydın mənzərəsini yaratdı. Hədəflər biri-birini əvəzlədikcə yeni-yeni layihələr gündəmə gəlir. Azərbaycan onları reallığa çevirməklə bir daha bu gerçəkliyi ortaya qoyur ki, onun təşəbbüsü ilə irəli sürülən heç bir layihə icra olunmadan qalmır. Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Yeganə Əliyeva,
Sevinc Abdullayeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...