04 yanvar 2019 20:29
3117

Uğurlu islahatlar, müstəqil xarici siyasət, çoxşaxəli əməkdaşlıqlar...

2018-ci il tarixi hadisələr baxımından mühüm məqamlarla yadda qaldı

Yerləşdiyi regionda baş verən hadisələrin mürəkkəbliliyinə baxmayaraq ölkəmizin dinamik inkişaf yolu ilə dünyada qüdrətli ölkə kimi tanınması da düşünülmüş daxili və xarici siyasətin uğuru olmaqla, inkişafın Azərbaycan modelinin təbliğidir.

Xalqın iradəsini əks etdirən ölkədəki siyasi sabitlik, uğurla davam etdirilən mühüm əhəmiyyətli islahatlar, çoxşaxəli, müstəqil xarici siyasət sayəsində Azərbaycanın regionda, MDB-də, Avropada nümunə göstərilməsi Odlar Yurdunu gələcəyə inamla addımlayan respublika kimi tanıdır.

Prezident İlham Əliyevin 2018-ci ildə Türkiyəyə, Rusiyaya, Böyük Britaniyaya, Fransaya, Belçikaya, Xorvatiyaya, İsveçrəyə, Belarusa, Qazaxıstana, Qırğızıstana, Tacikistana və Türkmənistana rəsmi və izgüzar səfərlərinin hər biri ölkəmizə artan marağın ifadəsi, daxili sabitliyin nümunəsi, beynəlxalq səviyyədə möhkəmlənən nüfuzumuzun artmasıdır. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti, əldə edilmiş ölkələrarası razılaşmalar ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdır. Ölkəmizin müəllifi olduğu enerji və nəqliyyat layihələrində iştirak etməkdən məmnun olduqlarını bildirənlər, xüsusilə qitə dövlətləri sözü ilə əməli eynilik təşkil edən Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdırlar.

Müsəlman aləminin ayrılmaz parçası olan Azərbaycanın İslam dövlətləri ilə əməkdaşlığı yüksələn xətlə inkişaf etdiyi kimi, Avropa ölkələri ilə işgüzar və səmərəli əməkdaşlıq da respublikamızın xarici siyasətinin prioritetlərindəndir. Ölkəmizdə “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin elan olunması, İslam Əməkdaşlıq Təşkilatında, AŞPA-da layiqincə təmsilçiliyimiz dünya siyasətində  söz sahibi olmağımız üçün geniş imkanlar yaradır. Ölkəmizdə Birinci Avropa oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bəşəri və İslami dəyərlərin dünyaya çatdırılması baxımından ən gözəl nümunədir.

Son illərdə Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər, ölkəmizin ev sahibliyi etdiyi önəmli beynəlxalq konfranslar, simpoziumlar, beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoqlar, dünya dini liderlərinin görüşləri dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, Azərbaycanın siyasi, iqtisadi, humanitar dialoq, platforma mərkəzinə çevrilməsini təsdiqləyir.

Yola saldığımız 2018-ci ildə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər milli maraqlarımıza cavab verir. Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə ölkəmizin ərazi bütövlüyü , suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. Avropa Parlamentinin qəbul etdiyi “ Vahid Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin, suverenliyinin və ərazi bütövlüyünün təsdiqlənməsi ölkəmizin beynəlxalq hüquq normaları əsasında təkmilləşən xarici siyasətinin dəstəklənməsidir. Brüsseldə keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində Alyans üzvləri ölkəmizin suverenliyinə davamlı dəstəklərini ifadə etmişlər. Münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza mövcud olsa da, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar ölkəmizin mövqeyini daha da möhkəmləndirir. Ötən il Azərbaycanda 127 ölkəni birləşdirən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirildi. Azərbaycan bir neçə ildir ki, bu təşkilatda uğurla fəaliyyət göstərir və bu ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.

Düşünülmüş xarici siyasətimizin uğuru olan ölkədə sabitliyin təminatı  Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin nəzərdə tutulan cədvəl üzrə həllini də sürətləndirir . İki il bundan əvvəl istifadəyə verilən, “Modern İpək Yolu”” və ya “Orta dəhliz”” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq, iqtisadi və ticarət əlaqələrinin inkişafına böyük töhfədir. Ən başlıcası isə maiyyə böhranının hələ də davam etdiyi müasir dövrümüzdə dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün BTQ tərəfdaşlar üçün əlverişli imkanlar yaradır. Etiraf olunduğu kimi, sivilizasiyalararası dialoq mərkəzi, multikultural, tolerant respublika kimi tanınan Azərbaycanın dünya birliyinə açılan dəmir qolları adlandırılan BTQ XXI əsrin möcüzələrindən sayılır. Xəzərdə yükdaşımaların təşkili üçün böyük gəmiqayırma zavodunun tikilməsi, nəqliyyat infrastrukturunun önəmli hissəsi olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası düşünülmüş siyasətin nəticəsidir. İldə 15 milyon ton yük və 100 min konteyner qəbul edəcək limanda  yükdaşımanın gücü 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaq. Ölkəmizdə nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur ölkəmiz, bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir.

Ötən il “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın açılışı ilə də yaddaşlarda qaldı. “Cənub Qaz Dəhlizi” bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır” söyləyən cənab İlham Əliyev bildirir ki, qlobal enerji və nəqliyyat layihələri bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək.

Tarixi sənəd olan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbulu ötən ilin yaddaqalan hadisələrindəndir. “Xəzər beşliyi”nin birgə razılığı əsasında qəbul olunan bu sənəddə Azərbaycanın milli maraqları tam əksini tapıb. Konvensiya bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli, ciddi hüquqi sənəddir.

Ölkədəki sabitlik  sayəsində respublika daxilində iqtisadi, sosial proseslər də  uğurla davam edir. “Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik. Ölkədə mövcud olan sabitlik şəraitində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə olunmuş, beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən iqtisadi uğurlarımız da istənilən qədərdir. Ən nüfuzlu iqtisadi qurumu olan Davos İqtisadi Forumunun qiymətləndirmə hesabatında ölkəmiz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdədir” söyləyən, uğurların qazanılmasında daha çox haqqı olan cənab İlham Əliyevin bildirdiyi kimi  2018-ci il hər cəhətdən respublikamız üçün çox mühüm il olub. Dünya Bankının “Doing Business””in hesabatlarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında ən böyük islahatçı ölkə adlandırılan Azərbaycanda biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verir, ölkə üzrə investisiya reytinqini yüksəldir. On bir ayın yekunlarına görə qeyri-neft sənayesinin 9 faizdən çox artması, sağlam biznes mühitinin formalaşması, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün yaradılan şərait sənayeləşdirmə proqramının tərkib hissələridir.  Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının daxili bazarda çoxluq təşkil edən yerli istehsal hesabına ödənilməsi üçün fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad olunması, güzəştli şərtlərlə gübrə, yanacaq, subsidiyalarla təmin edilməsi sabitlik nəticəsində formalaşmış güclü malyyə imkanları nəticəsində mümkün olmuşdur. Artıq Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm ölkəyə çevrilib. Bir neçə MDB ölkəsində Azərbaycan brendi ilə tanınan məhsullarımızın satışını təmin edən Ticarət evləri təşkil olunub. Bu nailiyyətlər dayanıqlı inkişaf, sənaye və kənd təsərrüfatının ən yüksək texnologiyalarla təmin olunması sayəsində qazanılmışdır. Beynəlxalq kosmik klubunun fəal üzvü Azərbaycanın orbitdə üç peykinin yerləşdirilməsi, turizmin inkişafı üçün göstərilən dövlət dəstəyi siyasi sabitliyin nəticəsi olmaqla, ölkəmizin dünyada tanınması, mövqeyinin möhkəmlənməsi baxımından aktualdır. Ölkə üzrə sosial islahatlar, layihələr vaxtında həllini tapır. Təkcə bir fakta diqqət yetirək. Ötən il daim diqqət və qayğı ilə əhatə olunan 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan üçün kiçik şəhər tikilib. “Bu gün Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz... Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər... Bizim taleyimiz öz əlimizdədir” söyləyən cənab İlham Əliyevin bu sözlərində bütün Azərbaycan xalqının istək və arzuları ifadə olunur.

Xuraman İsmayılqızı, “İki sahil”