04 yanvar 2019 11:59
736

Şəxsiyyətini dollara satan “siyasət dəllalı”

Britaniyanın “Financial Times” qəzetinin münaqişə ocaqlarının müəllifi və maliyyəçisi, şeytana papaq tikən Corc Sorosu “ilin adamı” seçməsi iblisin mələk adlandırılması təsəvvürü yaradır. “Ərəb baharı”ndan başlamış müxtəlif ölkələrdə törədilən mənfur inqilabların təşkilatçısı kimi tanınan Sorosun bu ada layiq görülməsi iğtişaşların layihələrini hazırlayan dairələrin məqsədləri naminə istifadə etdikləri Corc Sorosa minnətdarlıq jestidir.

Qəzet yazır ki, guya 30 ildən artıq xeyriyyəçilik yolu ilə avtoritarizm, rasizm və dözümsüzlüklə mübarizə aparan maliyyəçi Soros liberal demokratiya və açıq cəmiyyətin bayraqdarıdır. O da vurğulanır ki, Sorosun “Quantum” şirkəti 40 ildə əldə etdiyi qazanclardan “rəngli inqilab”ların təşkilinə xeyli vəsait xərcləyib.

Hədəfə aldığı dövlətlərdə sabitliyi pozmaqda mahir olan maliyyəçinin özü də etiraf edir ki, 2004-2013-cü illərdə Ukraynada “narıncı inqilab”a və “Avromaydan” hərəkatına yardım edib. Bu “yardımlar” isə dövlət çevrilişlərini alovlandırır. Bəzi ölkələrin daxili işlərinə müdaxilə edən, sabitliyin pozulması üçün milyonlar xərcləyən Sorosun son fəaliyyət ünvanı Türkiyə oldu. Dost ölkədə törədilən 15 iyul hadisələrində də əli olan Sorosun “yardım missiyası”, “fəaliyyət istiqamətləri”, qərbli milyarderin mənfur nəfəsi bu ölkədə də sabitliyi zəhərlədi. Postsovet məkanında baş verən inqilabların əsas maliyyə mənbəyi olan Soros fondu Ukraynadan sonra Azərbaycanda etiraz dalğaları yaratmaq üçün ölkəmizdəki radikal müxalifətə, müxalifyönlü bəzi QHT-lərə 25 milyon dollardan artıq vəsait ayırdı. AXCP sədri Əli Kərimlinin dağıdıcı vədlərinə uymayaraq iqtidar ətrafında daha sıx birləşən ölkə vətəndaşları Sorosun əl buyruqçusu olan “yurd” şefinin yurdunu bayquş yuvasına çevirdilər. Əli Kərimlinin fitnə-fəsadından xəbər tutan “silahdaşları” AXCP-dən istefa verdilər. Bakıda “inqilab” yaratmaq üçün ayrılan pulları bölüşdurməkdə biri-birinə güzəştə getməyən, əzəli dost olan Əli Kərimli ilə “araşdırmaçı jurnalist” Xədicə İsmayıl cütlüyü əbədi düşmənə çevrildilər. Cəhdləri boşa çıxan Sorosun Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyinin “dağıdıcılıq missiyasına” son qoyuldu. Düşərgədə də etiraf edirlər ki, Sorosun ayırdığı pullardan bəhrələnənlər arasında AXCP sədri Əli Kərimliyə çatan olmaz. Xarici dairələrin “qara-piar” kampaniyasına qoşulan “islahatçı sədr”in “saman altından su yeritmək” məharəti onun maddi vəziyyətini xeyli yaxşılaşdırdı. Həmin pullarla oğlu Türkelin Amerikada təşkil etdiyi eyş-işrət məclislərini yola verən Əli Kərimli əvəzində siyasi hazırlığı olmayan gəncləri aksiyalara cəlb etməklə xarici havadarlarından aldığı sifarişləri yerinə yetirir. Antiazərbaycan qüvvələrin sifarişi ilə Əli Kərimlinin başçılıq etdiyi “beşinci kolon”da birləşən, vicdanlarını pula satan milli xəyanətkarlar mənəviyyatlarını da girov qoyurlar. Şəhidlər xiyabanında Əli Kərimlinin təşkil etdiyi məqsədli aksiya da “islahatçı sədr”in pul qazanmaq naminə növbəti oyunlarından idi.

Ən çirkin rəzilliyə imza ataraq Azərbaycanın imicinə zərbə vurmaqda liderlik edən Əli Kərimlinin xəyanət yuvası, “kif atmış beynində dolaşan inqilab havası”ndan xəbər verən sayıqlamalarından Sorosun “pullarının” iyi duyulur. Əvvəllər havadarlarının göstərişlərinə əsasən “oturaq aksiyalar” təşkil etməklə varlanan Əli Kərimlini həvəsləndirən qaz vurub, qazan doldurduğu illərin şirin xəyallarıdır. Son günlərdə Xədicə İsmayıl, Emin Hüseynov və Emin Milli kimi satqınların, yaxud da İlqar Məmmədovun dəstəsindəki şəxslərin maliyyə ilə bağlı müxtəlif maxinasiyalar etmələri Əli Kərimlinin agentura şəbəkəsində də əməlli-başlı münaqişə yaradıb. Xarici ölkələrdə sığınacaq tapan, Azərbaycan iqtidarına, ictimaiyyətinə, respublikamızın tanınmış, hörmətli məmurlarına qarşı şər, böhtan yağdıranları da istiqamətləndirən, onları öz xəyanətinə ortaq edən Əli Kərimli kimi Xədicə İsmayıl da Sorosun “ilin adamı” seçilməsindən ruhlanaraq maliyyə vəziyyətlərini düzəltmək üçün nəzərlərini Corc dayılarına tərəf yönəldiblər. Əli Kərimlinin ölkədən xaricdə fəaliyyət göstərən “fəalları” vasitəsilə səsləndirdiyi “inqilab çağırışları” daha çox varlanmağa hesablanıb. Qərb, antiazərbaycan dairələr jurnalist adından manipulyasiya kimi istifadə edərək maliyyə maxinasiyalarının əsas siması olmaqla Əli Kərimli ilə kəllə-kəlləyə gələn Xədicə İsmayılı da unutmurlar. Fırıldaqları ilə “islahatçı sədr”i mat qoyan “araşdırmaçı” Xədicə də Azərbaycana qarşı təxribatlarda fəaldır. Milli mənəvi dəyərlərini xarici bazarlarda yadellilərin qəpik- quruşuna satan bu naxələflər bir məsələni unudurlar ki, xalqımız üçün onlar artıq öz çirkablarında boğulan böcəklərdir. Azərbaycanda sabitliyi pozmağa cəhd göstərənlərin niyyətlərinin baş tutmayacağını “Rossiya-24” kanalına verdiyi müsahibəsində də diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur: “Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və arabir biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim ümumiyyətlə, iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur”.

Çox qəribədir ki, Azərbaycanda guya, insan hüquqlarının pozulduğu, demokratiyanın tələblərinə əməl edilmədiyi barədə yalan məlumatlar heç bir yerdə qeydə alınmayan və ölkəmizin də həmin təşkilatlarda təmsil olunmadığı qurumlar tərəfindən səsləndirilir, saxta, əsası olmayan hesabatlara daxil edilir. Bu kimi cəhdlər göstərir ki, Azərbaycan əleyhinə aparılan təxribat kampaniyaları bir mərkəzdən idarə olunur. Böhtanların mənbəyi isə “saxta informasiya bataqlığının, xarabalığının” bayquşu Əli Kərimlidir.

Xuraman İsmayılqızı, “İki sahil”