03 yanvar 2019 19:17
3217

Şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir

2018-ci ilin iqtisadi uğurları fonunda 2019-cu ilin proqnozları

Artıq 2019-cu ilin ilk ayındayıq. Dövlətimizin başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən ilin uğurlarına baxış fonunda bu reallıq bir daha diqqətə çatdırılmışdır ki, əlbəttə, qarşımızda dayanan bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat olmalıdır: “Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.”

Bu hədəf hər zaman önə çəkilir ki, 2003-cü ildən, yəni cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədə lazımi səviyyədə nail olmaq üçün regional  inkişaf proqramları icra edilir. O da məlumdur ki, ötən il  regionların sosial-iqtisadi inkişafına dair  üçüncü Dövlət Proqramının icrası başa çatdı. 2004-2008, 2009-2013-cü illəri əhatə edən Dövlət proqramlarının uğurlu icrası əsasında təsdiqlənən və icrası  başa çatan  2014-2018-ci illəri əhatə edən üçüncü sənəddə əksini tapan vəzifələrin uğurla həyata keçirilməsi  ölkə Prezidenti İlham Əliyevin bölgələrə mütəmadi səfərləri çərçivəsində görülən işlərə baxış əsasında daha aydın görünür. Düşünürük ki, üçüncü proqramın  icrasının uğurla başa çatmasının zərurətə çevirdiyi  növbəti sənədin qəbulu rayonlar arasında sağlam rəqabəti daha da gücləndirəcək, Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi davamlı inkişafı ilə diqqətdə olacaq.  Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda,  səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Təkcə ötən il ölkə Prezidentinin regionlara 30-dan çox səfəri olub. Onu da nəzərə alaq ki, ötən il ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı diqqətdə olduğundan bölgələr arasında ayrı-ayrı sahələrin inkişafı ilə bağlı bölgü prinsipi, yəni ixtisaslaşma  həyata keçirildi, həmin sahələrin inkişafına dair Dövlət proqramları qəbul olundu.  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən  müşavirələrdə prioritetlər açıqlandı və həlli yolları göstərildi. Cənab İlham Əliyev bir daha bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsasını təşkil edir.

Təkcə 2018-ci ilin 9 ayının statistikasına diqqət yetirsək, bu sahəyə diqqətin yüksək səviyyədə olduğunu görmək mümkündür. Belə ki,  ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır.  Bu əminlik də ifadə olunmuşdur ki, islahatların dərinləşməsi əsasında  2019-ci ildə rəqəmlər daha da böyük olacaq. Təbii ki, bu əminliyə əsas verən ötən ilin uğurları, eyni zamanda, gələcəyə hesablanmış, təkmil sosial-iqtisadi islahatlardır. İslahatların dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır.  Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə dünyanın əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində Azərbaycanın təcrübəsi təqdir olunur və bu fikir bildirilir ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğu davamlı uğurlara geniş yol açır. Hazırda yoxsulluğun və işsizliyin  səviyyəsi 5 faizdir. Dövlətimizin davamlı inkişafa xidmət edən strateji yol xəritələrini təhlil edən xarici ekspertlər,  beynəlxalq humanitar təşkilatların təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda yoxsulluğun səviyyəsi heçə enəcək. Yeni iş yerlərinin açılması da yoxsulluq və məşğulluq kimi problemlərin həllinə öz müsbət təsirini göstərir.  İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllinə yol açır. Bu isə öz növbəsində  sosial müdafiənin gücləndirilməsi deməkdir.  Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, yəni “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də ötən ilin prioritet məsələlərindən oldu. Bu inam ifadə edilir ki, ailə təsərrüfatlarına dəstək hər bir ailənin öz məhsulu ilə  bazarlarda yer almasına, tanınmasına geniş imkanlar açır. Məhsulun keyfiyyətinə verilən önəm  ailələrin öz məhsullarını təqdim etmələrində  stimulverici amildir. 2019-cu ildə  “ABAD” mərkəzlərinin sayının artırılacağı hədəflər sırasındadır. Ötən il  Azərbaycan brendlərinə əlavə olunan  “DOST” layihəsi  də sözün əsl mənasında əhalinin yaxın dostuna çevriləcək. Cari ilin ilk ayında ilk “DOST” Mərkəzinin açılacağı gözlənilir. 

Hər bir sənəd qarşıya qoyulan vəzifələrin icrasına doğru atılmış addımdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafına, sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar davamlı olacaq, dövrün tələbinə uyğun təkmilləşmə həyata keçiriləcək. Məqsəd hərtərəfli inkişafı, yüksək rifahı təmin etmək, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirməkdir. 

Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcı kimi xarakterizə olunan 2018-ci ildə əldə olunan uğurların,  mühüm hadisələrin miqyası genişdir. Əməkdaşlığın regional çərçivədən çıxaraq  əhatə dairəsini genişləndirməsi növbəti layihələrə yol açan mühüm amillərdəndir. Uğurlu sonluqla başa çatan hər bir enerji layihəsinin iqtisadi və siyasi əhəmiyyətindən bəhs edərkən, onun sosial müdafiənin gücləndirilməsinə, işsizlik və məşğulluq probleminin həllinə müsbət təsiri xüsusi  önə çəkilir. Beynəlxalq Valyuta Fondunun hesabatlarında bu proqnoz öz əksini tapır ki, enerji layihələrinin icrasından Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Ötən ilin mühüm hadisələri sırasında qeyd olunan “Cənub Qaz Dəhlizi”nin açılışı, TANAP-ın, “Star” neft emalı zavodunun istifadəyə verilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, hər ilin uğurlu nəticələrdə başa vurulması, yeni ilə  xoş əhval- ruhiyyə ilə başlanılması bizi addım-addım hədəflərə yaxınlaşdırır. Cənab İlham Əliyev Yeni il təbrikində ötən ilin uğurlarına qısa baxış əsasında   bu əminliyi  ifadə etmişdir ki, ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib.

Yeganə Əliyeva, “İki sahil”