20 dekabr 2018 10:42
4392

Liderlik məktəbinin layiqli davamçısı

İradə Hüseynova,

YAP Siyasi Şurasının üzvü,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi
kafedrasının müdiri, 
tarix elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Əməkdar müəllim


Yazıya möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə  Prezident kimi jurnalistlərə ilk müsahibəsində  “Sizcə  Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabı ilə başlamaq istərdim. Cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaratdığı möhkəm təmələ, eyni zamanda, təkmilləşmənin davamlı inkişaf üçün əsas faktor olmasına söykənərək  sualı  belə  cavablandırmışdır: “Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində  Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin  çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə  belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı olduğunu ilk gündən təsdiqlədi. Bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Bu fikirlər ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin davamı kimi dəyərləndirildi. Ulu öndərin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi önəm uzaqgörən siyasətinin əsas tərkib hissəsi, bu günümüz üçün möhkəm baza idi. Məhz o bazaya əsaslanaraq, cənab İlham Əliyev son 15 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımları ilə  Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını şərtləndirdi. Ən əsası “neft kapitalını insan kapitalına çevirək” tezisinin real həyatda öz  təsdiqini tapmasını təmin etdi. Son 15 ilin uğurları  möhtərəm Prezidentimiz cənab İlham  Əliyevin bu vədinin də təsdiqidir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadi, siyasi humanitar mərkəzə çevrilib. Bütün sahələrdə ilklərə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin, tolerantlığın Vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. 2018-ci ildə ölkəmizin ev sahibliyi etdiyi tədbirlər sırasında xüsusi yer tutan VI Qlobal Bakı Forumunda da Azərbaycanın qeyd olunan sahələrdə təcrübəsi önə çəkilərək, ölkələr, xalqlar arasında günbəgün möhkəmlənən körpü roluna töhfələri təqdir edilmişdir.

Ölkəmizə möcüzə kimi dəyərləndirilən iqtisadi uğurları, onların fonunda digər sahələrdə yenilikləri  qazandıran əsas amil  təkmil islahatlar, həmçinin əldə olunan nailiyyətlərlə kifayətlənməyib daim irəliyə baxmaq prinsipidir. Əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir.

Təkcə 2018-ci ilin uğur səhifələrini vərəqləsək, növbəti illərin aydın mənzərəsini yaratmış olarıq. 2018-ci il ilk növbədə prezident seçkiləri ili kimi tariximizə yazıldı. Cənab İlham Əliyev növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq  qələbəsini təmin etdi. Bu səslər, bu dəstək növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açdı, Azərbaycanın daha böyük zirvələri fəth edəcəyinə əminliyi artırdı. Bu səslər, eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqəti, həyata keçirilən siyasətə dəstəyi nümayiş etdirdi. O ideyalara ki, Azərbaycan onların gerçəkləşməsi ilə  dünənini qurdu, bu gününə inamı formalaşdırdı, gələcəyə böyük addımlarla irəliləmək üçün möhkəm  baza formalaşdırdı. Bu ideyalar hələ qarşıdakı illərdə ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, sözümüzün  də imzamız qədər dəyərli olmasını təmin edəcək.

11 aprel 2018-ci il prezident seçkiləri bir daha  təsdiqlədi ki, bu gün Azərbaycan dövlətinin keşiyində  hər zaman möhkəm dayanan şəxsiyyət, ölkəmizə bacarıqla, peşəkarlıqla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vardır.  Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı cənab  İlham Əliyevin ətrafında daha da sıx birləşməli, günbəgün güclənən, qüdrətlənən, hər birimizin qürur mənbəyi olan Azərbaycanın daha da möhkəmlənməsinə öz töhfəsini verməlidir. Bu seçkilər müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların, qarşıdakı illərdə görüləcək işlərin təqdimatı oldu. Azərbaycanın gələcəyi, Azərbaycanın sükanı etibarlı əllərdədir.

Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Ötən 100 illik yola baxış keçirdikdə  Azərbaycanın qəhrəmanlıqla dolu zəngin tarixinin olduğunu görür və bununla qürur duyuruq. Dahi şəxsiyyət Heydər Əliyev tariximizin öyrənilməsini, ən əsası saxtalaşdırılmasına yol verilməməsini qarşıya mühüm vəzifə kimi qoyurdu. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün məhz ziyalılarla olmasının da mühüm səbəbləri var idi. Tarixi araşdırmaların miqyasının genişləndirilməsi, erməni yalanlarının faktların dili ilə beynəlxalq ictimaiyyətə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyuldu. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçirilən tədbirlər, tarixçilərimizin dili ilə səsləndirilən faktlar  dünənimizin, bu günümüzün işığında sabahımız üçün prioritetlərin müəyyənləşdirilməsinə yardımçı olur. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək günümüzün əsas çağırışlarındandır. Bu baxımdan möhtərəm Prezidentimiz   İlham Əliyevin  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi əhəmiyyətli hadisə, dövlətçiliyimizə böyük töhfə kimi  dəyərləndirildi. Təbii ki, bu addımın dərin mənası vardır.   23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq  Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən  və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi.  Daim ilkləri ilə tarixə düşən Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi.

Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər  Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etməklə Cümhuriyyətin varisi oldu. Ümumilikdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan “Azərbaycan Xalq Cümhuriyyəti İli” xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin artırılmasında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  Cümhuriyyət tarixinə  yüksək dəyərinin göstəricisi kimi  2007-ci ildə İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi  abidəsinin açılışını, bu tariximizin araşdırılması məqsədilə ikicildlik  ensiklopedik lügətin  hazırlandığını xüsusi qeyd etməliyik. 100 illik yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki,  Azərbaycan xalqı  aciz deyil,  qəhrəmanlıqla  dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

Dövlətimizin başçısı İlham Əliyevin bu il çərçivəsində imzaladığı  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı da tarixin heç nəyi silmədiyinə işıq salır, tarixi faktların, real həqiqətlərin daim zamanın hakimliyi, tarixin yaddaşlığı fonunda üzə çıxarıldığını təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında çıxışında da  Azərbaycanın çox zəngin tarixə malik olduğunu  önə çəkərək  bildirmişdir ki, biz öz tariximizi,  reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.” Bu reallıq inkaredilməzdir ki,  bir xalqı, dövləti dünyada tanıdan  tarixi,  dili,  ziyalılarıdır. Azərbaycan xalqı zəngin tarixi ilə fəxr edir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki,  tariximizin parlaq səhifələri ilə yanaşı  faciəli səhifələri də vardır. Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla  yanaşaq.

Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin təhsilin, elmin inkişafı, milli mənəvi dəyərlərimizin, dilimizin qorunması istiqamətində atdığı addımları da davamlıdır. Kadr hazırlığını ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyan möhtərəm Prezidentimiz müasir gəncliyin yenilikçi olduğunu önə çəkməklə, onların davamlı inkişafa töhfələrinin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə maraqlarının artırılması ilə əlaqələndirir.  Təhsil sisteminin yeni hədəflərə istiqamətləndiyi imzalanan sənədlərdən də aydın görünür. Belə ki,  Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olundu. Bu sənəd  ölkədə insan kapitalının inkişafına dövlət dəstəyinin növbəti təzahürüdür.  Bundan öncə qəbul olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda da əsas məqsəd yüksək intellektual səviyyəyə malik olan gənclərin yetişdirilməsi və ölkənin inkişafına töhfələrinin davamlılığını təmin etməkdir.

Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Kosmik klubun üzvü olan Azərbaycan bu il  sayca üçüncü peykini orbitə buraxdı. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev “Azerspace-2” peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində bildirmişdir: “Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.”

Təbii ki, uğurlarımıza əsas verən ölkəmizdə mövcud olan sabitlik, iqtisadi tərəqqidir. Sabitliyin təminatçısı olan xalq-iqtidar birliyi görülən işlərin, irəli sürülən təşəbbüslərin miqyasının genişliyi fonunda daha aydın görünür. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün çıxışlarında  həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığını önə çəkərək bildirir: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.”

Son 15 ilin uğurlarından bəhs edərkən idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etmək lazımdır. Vitse-prezidentlik institutunun yaradılması, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatına qədər gördüyü işlərin miqyasının genişliyi bundan sonrakı dövr üçün əldə olunacaq uğurların aydın mənzərəsini yaradır. Fəaliyyətinin önündə xeyirxahlıq, mərhəmətlilik, vətənpərvərlik kimi ali  dəyərləri öndə saxlayan Mehriban xanım Əliyeva ona göstərilən bu etimadı yüksək dəyərləndirərək bildirmişdir ki, mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Bu mühüm məqam da qeyd edilmişdir ki, qazandığı  hər bir uğurun, hər bir nailiyyətin arxasında möhtərəm Prezidentimiz İlham Əliyevin  köməyi, dəstəyi dayanır.

Məhz bu birlik dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, Azərbaycanın davamlı uğurlarına yol açır. Daim qeyd olunduğu kimi, hədəf inkişafa aparan yolun davamlılığını şərtləndirir. Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunəviliyinin, dünyanın qabaqcıl ölkələrinin ən yeni texnologiyalarının ölkəmizə gətirilməsinin və tətbiqinin təmin edilməsi əsas hədəflərdəndir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Bu uğura yol açan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Artıq regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlığa xidmət edən  mühüm enerji və nəqliyyat layihələri həyata keçirilir. Ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanması kimi əhəmiyyətli  hadisəni tarixinə yazan Azərbaycan üçün  2018-ci il də mühüm enerji uğurları ilə yadda qalacaq.  “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi təşəbbüsləri gerçəkliyə çevirən ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır.

Hər bir uğur, hər bir qələbə Heydər Əliyev siyasətinin təntənəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev son 15 ildə modernləşməni, yeniləşməni həyata keçirilən siyasətin  əsası kimi dəyərləndirərək, təkmil islahatları ilə Azərbaycanı irəliyə aparır. Möhtərəm Prezidentimiz İlham Əliyevin  “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikirləri uğurlarımızın, perspektivlərimizin  ümumiləşdirilmiş ifadəsidir.