Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə mükəmməl inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti bərpa edilmiş, bütün sahələrdə olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermiş, neft-qaz sənayesinin bazası genişləndirilmiş və müasirləşdirilmişdi.
Ümummilli Liderin respublikaya rəhbərliyinin birinci dövründə bütün sahələrdə olduğu kimi, görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi də möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycana dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı Dərin Özülləri Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdi. Neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində əsaslı dönüş mərhələsi XX əsrin 70-80-ci illərində Azərbaycan nefti dünyada neftçıxarma və neft emalı sənayesinin inkişafında, SSRİ kimi nəhəng ölkənin sənayeləşməsində həlledici rol oynamışdır.
1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır.
Məhz Ulu Öndərin bilavasitə iştirakı ilə dənizdə perspektivli neft yataqlarının kəşfiyyat işləri xeyli genişlənərək sürətləndi. Xəzərin Azərbaycan sektorunda yeni dəniz neft-qaz kondensat yataqları- "Bahar", "Sanqaçal-Duvannı-dəniz", "Bulla-dəniz"" dənizin 200 metr dərinlikdə ümumi resurs ehtiyatı 700 milyon ton neft və 200 milyard kubmetr qaz olan "Günəşli", "Çıraq, "Azəri" və "Kəpəz" kimi çoxlaylı neft yataqlarının açılışı və istismara başlanması reallaşdırıldı. 1970-ci ildə dəniz neftinin çıxarılması maksimum həddə yüksələrək 12,9 milyon tona çatdı. 1971-ci il martın 28-də Azərbaycanın yeraltı sərvətlərinin istismarının başlandığı andan milyardıncı ton (1 milyard) ton neft çıxarıldı. Bu, ölkəmizin neft sənayesinin tarixinə şanlı səhifə kimi yazıldı.
Ümummilli lider Heydər Əliyevin göstərişi ilə 70-80-ci illərdə Azərbaycanda iri gəmilərdən, təchizat gəmilərindən, borudüzənlərdən, xüsusi seysmik tədqiqat və axtarış gəmilərindən ibarət güclü dəniz neft donanması yaradılmışdı. Bir sıra üzən qazma qurğularının yaradılması da Heydər Əliyevin böyük zəhməti və xidmətinin nəticəsi idi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ilk dəfə olaraq neft emalı üçün xüsusi proqram hazırlandı. Proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradıldı, təzə qurğular inşa olundu. Bununla yanaşı, neftayırma zavodlarının yenidən qurulmasına başlanıldı. 1976-cı ildə ELOU-AVT-6, 1980-ci ildə Katalitik riforminq, 1986-cı ildə Neftin kokslaşdırılması, 1993-cü ildə Katalitik krekinq qurğularının inşası Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına zəmin yaratdı.
Həmin dövrdə Bakıda dünyada analoqu olmayan Dəniz Özüllər Zavodunun tikilməsi üçün o zaman sovetlər məkanında 450 milyon dolların ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması dahi şəxsiyyət Heydər Əliyev cəsarətinin nəticəsində baş verirdi.
Respublikamızın neft sənayesinin böhranlı vəziyyətini Sovet İttifaqının dağılması prosesi daha da kəskinləşdirdi. Yalnız 1993-cü ildən, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra neftin ölkənin inkişaf vasitəsinə çevrilməsi istiqamətində əsaslı dönüş əldə edildi. Məhz 1993-cü ilin 15 iyunundan sonra bir çox sahələrdə olduğu kimi, neft sektoru da öz qurtuluşunu tapdı. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.
Dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə Xəzərdəki karbohidrogen ehtiyatlarının istismarı barədə müqavilələr imzalandı, Azərbaycanın müstəqilliyi dönməz və sarsılmaz xarakter aldı. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, neft yataqlarımızın müştərək işlənməsi haqqında Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında 3 il aparılan danışıqlar məhz bir neçə onillər üçün hesablanmışdı və Azərbaycanın gələcək iqtisadi inkişafı üçün nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ''Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü'' üzrə birinci saziş imzalandı.
Bu tarixi imzalanma mərasimində Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk."
"Əsrin müqaviləsi"nin ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir.
"1994-cü ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə başlanmış işlər bu gün artıq qitə miqyası almışdır və söz yoxdur ki, gələcəkdə regionun geosiyasi konfiqurasiyasında, siyasi proseslərin və inteqrasiyanın inkişafında çox mühüm rol oynayacaqdır." Bu sözlərin müəllifi Prezident İlham Əliyev bugünkü uğurların gələcək üçün geniş imkanlar açdığını bildirir.
Bu gün öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən "Cənub Qaz Dəhlizi"nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, "XXI əsrin layihəsi" adlandırılan "Şahdəniz-2" layihəsinin gerçəkləşdirilməsi də məhz əsası "Əsrin müqaviləsi" ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın güclənməsinə, respublikamızın sosial-iqtisadi tərəqqisinə xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verəcək.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft və qaz strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdirib, eyni zamanda, bölgədə ölkəmizin imkanlarını gücləndirib və dövlətimizin müttəfiqlərinin sayının artırılmasında önəmli rol oynayıb. Ölkəmizin həyata keçirdiyi enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar növbəti illərdə də regionda və dünyada vacib məsələlərdən biri olacaq.
Orxan Vahidoğlu,
"İki sahil"
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...