Şübhəsiz ki, dövlət üçün gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması böyük önəm kəsb edir. Başqa sözlə, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da, əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Sözsüz ki, bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da dahi şəxsiyyət Heydər Əliyev idi.
Təkcə müstəqillik dönəmində deyil, hələ sovetlər tarixində belə Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ölkənin çətin dönəmində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin gənclər siyasəti ilə bağlı bir neçə fərman və sərəncamlar imzalaması da bu sahəyə verilən önəmdən irəli gəlirdi. Ötən əsrin 90-cı illərin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Məhz bütün bunları görən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlandı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı və həyata keçirildi. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də I Forumun ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni ölkəmizdə Gənclər Günü kimi elan etdi. Bu da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi oldu. Həmin dövrdən başlayaraq, Azərbaycan Respublikası gənclərinin Forumunun mütəmadi şəkildə keçirilməsinə başlandı. Daha sonra gənclərin II Forumu 1999-cu ildə keçirildi. Ulu Öndər bu Forumda çıxış edərək gənclərə öz müraciətini ünvanladı׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin üçüncü Forumu isə əvvəlki forumlardan fərqli olaraq ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə yadda qaldı.
Bu gün Ulu Öndər siyasətini uğurla və məqsədyönlü şəkildə davam etdirən Prezident İlham Əliyevin siyasətində də gənclərə diqqət və qayğı ön plandadır. Cənab Prezident Ümummilli Liderin ideyalarına sadiq qalaraq gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.
Göründüyü kimi, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Bununla da gənclərə dəstək və diqqət göstərilməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Bundan başqa, gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şöhrətini ucaldıblar.
Bildiyimiz kimi, bu gün ölkəmizdə gəncliyin inkişafı ilə bağlı bir çox Dövlət proqramları da uğurla həyata keçirilir. Həmçinin bu proqramlar Azərbaycan gəncliyinin inkişafına da öz müsbət təsirlərini göstərir. Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramı, eləcə də 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha sübuta yetirmiş oldu. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Mənsumə Babayeva,
“İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...