Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu proses daha da ağrılı idi. Ölkəmiz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə ki, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaos yaratmışdı. Bununla da 1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının 2/3-i hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Məhz bu səbəblərə görə işsizlik səviyyəsi xeyli artmışdı. 1991-ci ildən başlayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərin birində həmin dövrü xatırlayaraq qeyd edib: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Bəli, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı. Ulu Öndər digər sahələrdə olduğu kimi, bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, bu ilk növbədə, ölkə vətəndaşına sahibkar, mülkiyyətçi olmaq hüququ verdi.
Eyni zamanda, 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki Pövlət Proqramı sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı. Onların sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, dövlətin sahibkarlara maliyyə dəstəyi sistem halını aldı.
Həmçinin dövlət-sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu məqsədlə ilk addım kimi 17 iyun 1996-cı il tarixində "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərmanla iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirildi.
Bu dövrdə sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar da atıldı ki, nəticədə mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqının məbləği aşağı salındı.
Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Fərman imzalandı. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları isə ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verdi.
Eyni zamanda, ölkəmizdə Azərbaycan Respublikasının "Sahibkarlıq fəaliyyəti haqqında", "Torpaq islahatı haqqında" qanunlarının qəbul olunması bir daha göstərir ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur.
Bununla da 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2002-ci il aprelin 25-də yerli sahibkarlarla görüşündə bildirirdi ki, Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir: “Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl sürətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir".
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu siyasət hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın nüvəsini təşkil edir. Nəticədə sahibkarlığın inkişafı özünü ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əldə olunan nailiyyətlərlə büruzə verir.
Ceyhun Piriyev,
“İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...