Ulu öndər Heydər Əliyevin adı ilə yanaşı çəkilən ümummilli lider, dahi, mütəfəkkir, yüksək zəkalı, uzaqgörən siyasətçi, dövlət xadimi, fenomen insan, natiq ... sözləri xidmətlərini əməli ilə doğruldan xilaskarına xalqının layiq gördüyü şəxsi keyfiyyətlərdir. Respublikaya rəhbərliyinin hər iki dönəmində canından artıq sevdiyi Azərbaycan naminə göstərdiyi fədakarlıqların hər birində bu adların Ulu Öndərin taleyinə yazılan ömür payında “qisməti” vardır.
Azərbaycana rəhbərliyinin qərinədən artıq dövrünü əhatə edən zaman çərçivəsində Ulu Öndərin xalqı, Vətəni naminə gördüyü işlərin ən layiqli qiyməti Ümummilli Lider adını qazanmasıdır. Xalqın etimad və inamını doğrultmaqla hər bir azərbaycanlının həyatında zərrəsi yaşayan ulu öndər Heydər Əliyevin qısa müddətdə gördüyü işləri nəzərdən keçirməklə siyasi fəaliyyətinin bütünlükdə qiymətinin insan ömrünə sığacaq müddətdə heç bir rəqəmlə ifadə oluna bilməyəcəyini təsəvvür etmək çətin deyil.
22 iyul 1990-cı ildə Naxçıvana gələn, muxtar respublika paytaxtının mərkəzi meydanında 100 min nəfərdən artıq həmyerlisi ilə görüşən dahi və siyasi xadim Heydər Əliyevə olan məhəbbət o dövrdə iqtidarda olanları təşvişə saldı. Bu yenilməz həmrəylik qarşısında gücsüzlüklərini hiss edən səbatsızlar aydın başa düşürdülər ki, xalqla birlik qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bu birlik və həmrəylik Azərbaycanın müstəqilliyini arzulayan, xalqına xidmətdən zövq alan dahi şəxsiyyətə əlavə güc qazandırdı. Nəzərdə tutduğu taleyüklü məsələlərin həlli üçün qətiyyət və cəsarətini artırdı. Ermənistanla müharibə şəraitində müstəqilliyin qorunması üçün müşkül məsələlərin həlli təbii ki, çox çətin, başqaları üçün bəlkə də imkansız idi. Amma dünya boyda problemlərin həlli üçün dünyanın özünü öyrənmək bacarığına malik ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi fövqəlbəşər zəkası ilə dünya siyasətçilərinin ön sırasında addımladığını təsdiqlədi. Heç bir mübaliğə olmadan, o dövrdə Naxçıvanda yaşayan bir yazar kimi şahidi olduğum və Ulu Öndərin gördüyü işləri hər bir naxçıvanlı kimi həyatımda hiss etdiyim üçün bəzi məqamları xronoloji, qısa olaraq diqqətə çatdırmaq istərdim.
Bir deputat kimi Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən ulu öndər Heydər Əliyevin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, gerbinin, himninin bərpası Prezident İlham Əliyevin Sərəncamına əsasən 100 illiyini qeyd etdiyimiz AXC-nin fədailərinə hörmət olmaqla müstəqilliyimizin əbədiyyət rəmzi oldu. 20 Yanvar hadisələrini xalqımıza qarşı siyasi təcavüz adlandıraraq, Kremlin təhdidlərindən çəkinməyərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək etirazını bildirən “Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüz, təhqirdir” söyləyən Ulu Öndərin qətiyyəti sayəsində hadisələrə ilk olaraq siyasi qiymət verildi, bəyanat qəbul olundu. “Bunu da edib sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından əvvəl gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər... Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları- kim olursa olsun Qorbaçovdan tutmuş, aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu xalqdır, xalqa qarşı cinayətdir,- cəzalandırılsın” söyləyən Ulu Öndər hələ sovetlərin mövcud olduğu bir zamanda bu sözləri ilə siyasi qətiyyətini göstərdi. Sov.İKP sıralarından istefa verdi, muxtar respublikadakı partiya təşkilatlarının əmlaklarının milliləşdirilməsini, Naxçıvanda qoyulmuş büstünün götürülməsini tələb etdi. Bu qətiyyət sayəsində SSRİ-nin saxlanılmasına yönələn İttifaq müqaviləsi ilə bağlı referendum Naxçıvanda baş tutmadı. “Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının devrilməsi pislənməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır” sözləri ilə fikrini əsaslandıran müdrik şəxsiyyət Heydər Əliyev xalqda birlik və həmrəyliyin yaradılması üçün Azərbaycan Kommunist Partiyasının dərhal hakimiyyətdən getməsini tələb etdi. Azərbaycanda elan olunan fövqəladə vəziyyətdə prezident seçkilərinin alternativsiz keçirilməsini qeyri- qanuni adlandırdı. “Sərhəd hərəkatı”ndan başlanan, türk dünyasının birliyinə yönələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərarın qəbulu Ulu Öndərin uzaqgörən siyasətinin uğuru oldu. Bakıda Naxçıvan nümayəndəliyi yarandı. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikanın paytaxtla əlaqəsini yaradan, ağır yüklü sərnişin və nəqliyyat təyyarələrini qəbul edən Naxçıvan aeroportu istifadəyə verildi. Muxtar respublika əhalisinin ərzaq və enerji təminatı üçün qonşu İran və Türkiyədən gələn yardımlar ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu nəticəsində mümkün olmuşdur. Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid körpüsü”nün salınması, Qars müqaviləsinin yenilənməsi ilə muxtar respublikanı işğaldan azad edən Ulu Öndər bir daha liderlik, xilaskarlıq missiyasını yerinə yetirdi. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin bildirdiyi kimi Araz çayı üzərində salınan bu körpü hər iki ölkəni təkcə coğrafi baxımdan birləşdirməyəcək. Xalqlarımızın 70 illik qürbətinə də son qoyulacaq.
Halbuki o dönəmdə iqtidarda təmsil olunan Pənah Hüseynov Naxçıvanın muxtariyyət statusunun ləğv olunmasını ortaya atmışdı. İxtisasca tarixçi olan Pənah Hüseynov bilməli idi ki, Naxçıvanın muxtariyyətinin beynəlxalq səviyyəli hüquqa malik Qars və onun əsasını təşkil edən Moskva müqaviləsində aydın yazılıb ki, beynəlxalq hüquq normalarına görə müqavilə iştirakçısı olan dövlətlərin razılığı olmadan Naxçıvanın muxtariyyət statusunun dəyişilməsi qəti qadağandır. Belə ki, fəaliyyət dövrü məhdud olmayan Qars müqaviləsinin Azərbaycan tərəfindən qüvvədən salınması ermənilərin “Qarabağı başlayan adam” kimi tanıdıqları, “Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı” deyən Zori Balayana xidmət deməkdir. Belələrini “sapı özümüzdən olan baltalar” adlandırmaqdan başqa söz tapmaq olmur.
Sovetlər dönəmində azərbaycanlı gəncləri İttifaqın ən tanınmış respublikalarında təhsil almağa göndərən ulu öndər Heydər Əliyev Naxçıvanda da bu missiyasını davam etdirdi. 75 naxçıvanlı gəncin Türkiyənin universitetlərində oxumasını təmin edən, “ Bir şeyi bilmək lazımdır ki, əgər hər hansı bir xalq inkişaf etmək istəyirsə, o, gərək bəşəri mədəniyyətə, bəşəri elmə yiyələnsin... Çünki öz içimizdə olan biliklər özümüzdədir və bunu heç kəs bizim əlimizdən ala bilməz. Ancaq dünyanın cürbəcür ölkələrindəki təhsil sistemlərindən istifadə edərək, böyük elmi nailiyyətlərə müvəffəq olaraq xalqı daha da irəliyə aparmaq lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin bu siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Erməni silahlıları ilə döyüşlərdə yaralanan əsgərlərin Türkiyədə müalicəsini təmin edən Ulu Öndər qardaş ölkə ilə münasibətlərin möhkəmlənməsi naminə səylərini artırdı.
1992-ci ildə o dövrdə daxili işlər naziri olan İsgəndər Həmidovun qeyri-qanuni hərəkətlərinə, özünü “xalq cəbhəsi”nin üzvləri adlandıran bir qrup silahlının dövlət əleyhinə törətdikləri hərəkətlərin qarşısını alan Ulu Öndər 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdləri də xalqın birlik və həmrəyliyi sayəsində aradan qaldırdı. Ölkəmizin etibarlı müdafiəsi üçün ordu islahatlarına da elə muxtar respublikada Müdafiə Komitəsini yaratmaqla başladı. Sovet ordusunun 75-ci motoatıcı diviziyasının hərbi avadanlıq və sursatlarını yenicə təşkil olunan Milli Orduya verdi. İttifaq çərçivəsində muxtar respublikanın sərhədlərini qoruyan 41-ci sərhəd qoşunları dəstəsi ləğv edildi. Naxçıvanda I Milli Sərhəd Qoşunları Dəstəsi yaradıldı.
Qonşu ölkələrlə iqtisadi, ticari, mədəni əlaqələr genişləndi. Azərbaycanın bu gün iftixarla qeyd etdiyimiz uğurlarında siyasi təşkilat kimi ümumxalq məhəbbəti, etimadı qazanan Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın yerli təşkilatlarının üzvlərinin sayı artdı.
Azərbaycanda baş verən hadisələri öyrənmək üçün daha çox Naxçıvana üz tutanlar müdrik siyasətçi Heydər Əliyevin siyasi bilik və bacarığına heyran qalırdılar. Ulu Öndərin xarici qonaqlarla görüşündən bir misal. “Bir gün Litvadan gələn müxbirlərdən birinci onu soruşdum ki, nə üçün bura gəlibsiniz. Deyir, gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün bura gəlmisiniz, məndən nə istəyirsiniz, nə olub ki? Cavab verir ki, bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda gedir. Bunu biz eşitmişik, ona görə də Naxçıvana gəlmişik.”
Ulu Öndər istəyirdi ki, bu dəyişikliklər bütünlükdə respublikanın bütün ərazilərində hiss olunsun. Tarixdə “91-lər” kimi tanınan ziyalıların “Azərbaycan sizin sözünüzü gözləyir” müraciətinə cavab olaraq Bakıya qayıdan Ulu Öndər müstəqilliyimizin əbədiyyət qarantı kimi istəklərini daha geniş miqyasda gerçəkləşdirdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edir. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bu gücün qaynaq mənbəyi ulu öndər Heydər Əliyev qətiyyəti, müdrikliyi, dövlətçilik məharəti, cənab İlham Əliyevin siyasi iradəsi, dünyada möhkəmlənən nüfuzudur.
Xuraman İsmayılqızı, "İki sahil"
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...