08 dekabr 2018 00:20
3071

Ulu Öndərin həmişəyaşar ideyaları ilə inkişaf edən Naxçıvan

Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, sevilən rəhbər, el ağsaqqalı, müdrik siyasətçi və ümummilli liderimiz Heydər Əliyevin unudulmaz adı və xatirəsi hər birimizin qürur mənbəyimiz və güvənc yerimizdir. Keçmiş İttifaq dövründə də, hazırkı müstəqillik illərində də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında, dövlət quruculuğunda, iqtisadi perspektivliyinin və sosial dayanıqlığının artmasında böyük şəxsiyyətin əvəzsiz xidmətləri olmuşdur. Bu, keçmiş SSRİ məkanında İttifaq ölkələri arasında, hazırkı şəraitdə isə dünya miqyasında Azərbaycanın get-gedə güclənən mövqeyinin ən bariz göstəricisinə çevrilmişdir.

Məhz hər iki mərhələdə ölkənin bütün regionlarında və eləcə də Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respulbikasında davamlı iqtisadi inkişafın və eləcə də sosial ədalətin bərqərar olmasında Ulu Öndərin qətiyyətli rəhbərliyini qürurla qeyd edə bilərik. Naxçıvan Muxtar Respublikasında müasir bazar iqtisadiyyatının güclü dayaqlarının yaradılması, islahatların başladılması, makroiqtisadi proseslərin səmərəli təşkili və idarə olunması sahəsindəki ilkin mərhələnin əsasları məhz böyük Heydər Əliyevin xalqımıza, dövlətimizə və iqtisadiyyatımıza bəxş etdiyi çox zəruri nailiyyətlərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın sərhədlərinə erməni təcavüzünün iflasa uğramasında, daxili sabitliyin bərqərar edilməsində, sağlam iqtisadi, sosial, siyasi və mədəni mühitin təsisatlarının yaradılmasında dahi rəhbərin həyata keçirdiyi tədbirlər hər birimizin xatirində ömürlük yaşayacaqdır. Əlbəttə ki, bütün bunlar bu günlərə qədər keçən sonrakı dövrlər üzrə güclü və dayanıqlı bazaya çevrildi, ölkəmizdə, onun regionlarında və Naxçıvan Muxtar Respublikasında milli və regional iqtisadiyyatın səmərəlilik göstəricilərini təşkil etdi.

Artıq 2018-ci ilin sonlarına doğru addımlamaqdayıq. Ötən dövrdə Azərbaycan Respublikasının Ulu Öndərin ideyalarından bəhrələnməklə, sosial-iqtisadi sahələrdəki hədəfləri onun regionlarının istehsal-iqtisadi münasibətlərinin davamlı inkişafına sürətləndirici təsirlərini göstərmiş və bu, milli iqtisadiyyat üçün mövcud perspektivlərin daha da artırılmasına stimul vermişdir. Təsadüfi deyildir ki, cari ildə Dünya Bankının “Doing Business” hesabatında ölkəmiz dünya miqyasında biznes mühitinə görə ötən 2017-ci ildəki 57-ci yerdən bu ilki 25-ci yerə qədər irəliləmişdir. Təbii ki, bu, Azərbayacan Respublikasında iqtisadi islahatların davamlılığının, onun sosial dayanıqlığının, müqavimətliliyinin, hazırkı inkişaf səviyyəsinin, dünyanın müasir çağırışları ilə səsləşməsinin ən mühüm ifadəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişəyaşar ideya və təşəbbüslərinin gerçəkləşdiyi son 23 ildən artıq dövrdə muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində dinamik artım baş tutmuş və bu, makroiqtisadi proseslərin səmərəliliyini təmin etmişdir. Məhz bu dövrdə Naxçıvan Muxtar Respublikasının ölkənin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr bütün zamanların aktuallığını artıran prosesləri olaraq ifadə edilməlidir. Burada iqtisadi inkişafın və sosial siyasətin səmərəliliyi istiqamətində həyata keçirilən tədbirlər 2018-ci ilin yanvar-oktyabr aylarında da dinamik iqtisadi artımı təmin etmişdir.

Naxçıvan Muxtar Respublikasının qazandığı bütün nailiyyətlər məqsədyönlülük və stimullaşdırma mexanzimlərinin məcmusu olmaqla, əvvəlki dövrlərin çox güclü bazasını formalaşdırmış, nəticə etibarilə cari və perspektiv dövrlər üzrə çoxistiqamətlilik və çoxşaxəlilik əsasında makroiqtisadi potensial yaratmışdır. Bunu cari ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi inkişaf göstəriciləri də sübut etməkdədir. Belə ki, istinad edilən dövrdə muxtar respublikada 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunmuş, bu isə müəyyən edilən hədəflərin gerçəkləşməsi fonunda 2017-ci ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələmişdir.

Muxtar respublikanın sosial-iqtisadi inkişaf mühitində keyfiyyətcə yeni mərhələnin başladılması onun milli iqtisadi quruculuq proseslərində malik olduğu çoxşaxəli iqtisadi göstəricilərlə iştirakını daha da sürətləndirməkdədir. Bu, həmçinin mövcud və yeni yaradılan istehsal müəssisələrinin muxtar respublika iqtisadiyyatına qazandırdığı nailiyyətlərin ən gerçək nəticəsi olmaqla, ölkənin milli iqtisadiyyatı üçün prioritet olan sənayeləşmə siyasətinin səmərəliliyini də artırmaqdadır. Mühüm göstərici kimi, istehsal edilən ümumi daxili məhsulun tərkibində 30 faizə yaxın həcmlə ilk yeri də məhz sənaye sahəsi tutur. 450-yə yaxın sənaye müəssisəsinin fəaliyyət göstərməsi isə muxtar respublikanın bu sahə üzrə məhsul istehsalının həcminin də artmasında stimula çevrilmişdir. Elə cari ilin yanvar-oktyabr aylarında 827 milyon 648 min 800 manat dəyərində sənaye məhsulun istehsal edilməsi də fikrimizi təsdiqləməkdədir.

Yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 840 milyon 725 min manat vəsait yönəldilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,1 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasında sakinlərin rahatlığı, yüksək yaşam tərzi, mənzil şəraitinin yaxşılaşdırılması və digər bu kimi məsələlər dövlətin aktiv sosial siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bu mənada rayon və kəndlərin abadlaşdırılması, çoxsaylı infrastruktur quruculuğu həyata keçirilən ünvanların sayının artması məhz bu məqsədlərə xidmət etməkdədir. Qeyd edək ki, elə əsas kapitala yönəldilmiş vəsaitin 775 milyon 690 min manatı və ya 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, burada da başlıca məqsəd insan amilindən onun hərtərəfli qayğı və diqqətdə saxlanılmasından ibarətdir.

Muxtar respublikada aqrar sahə makroiqtisadi proseslərin hərəkətverici qüvvəsinə çevirlmişdir. Qeyd edək ki, cari ilin istinad edilən dövründə muxtar respublikada 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bəhs edilən göstəricilərə 19926,1 ton həcmində diri çəkidə ət istehsalını, 77230 ton həcmində isə süd istehsalını da əlavə edə bilərik. Bütün bunlar isə kənd təsərrüfatı sahəsindəki fəaliyyətin məhsuldarlığını göstərməkdədir.

Hazırda muxtar respublikanın bütün kəndlərində kiçik sahibkarlar üçün əlverişli fəaliyyət mühiti yaradılmış və onların əməyinin nəticələri makroiqtisadi proseslərdə özünü göstərməkdədir. Bu isə təbii ki, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının səmərəliliyini yüksəltmişdir. Ölkədə həyata keçirilən özünüməşğulluq proqramlarının da hərəkətverici qüvvəsini təşkil edən bu amillər muxtar respublikada kəndlərin iqtisadi inkişafına, abadlaşmanın və şəhərləşmənin sürətlənməsinə stimul vermiş, bu işlərdə təsərrüfat subyektlərinin fəaliyyətinin məhsuldarlığını daha da artırmışdır. Qeyd edək ki, təsərrüfat subyektlərinə dövlət qayğısının ifadəsi olaraq, 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 44 milyon 118 min 500 manat məbləğində kreditlər verilmişdir. Bu göstərici bir il öncə verilən kreditlərin məbləğindan 1,7 dəfə çox olmaqla, fəaliyyətin məhsuldarlığını və istehsalın fasiləsizliyini daha da artırmışdır.

Məhz belə bir şəraitdə muxtar respublikada hədəf kimi götürülmüş daxili bazarın qorunması, yerli məhsulların istehsalı, istehsalla tələbat, nəticə etibarilə istehsalla istehlak arasında tarazlığın təmin edilməsi məsələlərini daha da əlçatan etmişdir. Bununla yanaşı, müəssisələrin zəruri istehsal avadanlıqları ilə təminatı sahəsində güclü potensial yaradılmışdır. Artıq bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarətdir. Qeyd edək ki, əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilməkdədir. Hesablamalar göstərir ki, ərzaq məhsullarının 86 faizi, qeyri-ərzaq məhsullarının 94 faizdən artığı, ümumi məhsul istehsalının isə 91 faizdən artığı məhz tamamilə yerli imkanlar hesabına təmin edilir.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinin, bununla da beynəlxalq iqtisadi münasibətlərin davamlılığında özünəməxsus üstünlüyə malikdir. Ərazinin coğrafi, iqtisadi və təbii potensialı burada xarici ticarət əlaqələrinin də inkişafına təkan vermiş və bu, müsbət saldo ilə nəticələnən xarici ticarət dövriyyəsini təmin etmişdir. Fikrimizi əsaslandırmaq üçün 2018-ci ilin yanvar-oktyabr aylarında 374 milyon 768 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinin qeydə alınmasını göstərə bilərik. Bu sahədəki proseslərin səmərəliliyinin nəticəsi olaraq 2009-cu ildən etibarən ixracın həcmində özünü göstərən artım dinamik olaraq davam etmiş və cari ilin bəhs edilən dövründə 330 milyon 369 min 200 ABŞ dolları təşkil etmişdir. Təbii ki, ixracın dəyərinin artması nəticə etibarilə idxalın minimuma endirilməsinə səbəb olmuş və ötən on ayda idxalın dəyəri 44 milyon 398 min 800 ABŞ dollarına düşmüşdür. Nəticədə isə 285 milyon 970 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. Qeyd edək ki, müsbət saldonun dəyəri ixracın dəyərinin 87 faizə qədərini təşkil etməkdədir.

Tərəddüd etmədən qeyd edə bilərik ki, bütün bunlar ölkənin milli iqtisadi quruculuq proseslərinə böyük bir töhfədir. Çünki bu göstəricilər qeyri-neft sektorunun inkişafı sahəsində milli-iqtisadi əhəmiyyətə malikdir. Belə ki, cari ilin 10 ayında Azərbaycan Respublikasının makroiqtisadi uğurlarının tərkib hissəsi olaraq, qeyri-neft sektorunun inkişafı sahəsində də ixrac potensialı artmışdır. Ölkə iqtisadiyyatında qeyri-neft ixracı 12 faizlik, ümumi ixrac isə 37 faizlik artımla müşayiət edilmişdir.

Beləliklə, xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının çox güclü əsaslarını yaratmışdır. Bu, özünü iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malik olan sahələrin ardıcıl yüksəlişində, milli iqtisadiyyatın müqavimət gücünün artmasında, sosiallaşma miqyasının genişlənməsində, əhalinin rifah göstəricilərinin dinamikliyində və s. bu kimi uğurların məcmusunda ifadə etməkdədir.

Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent