07 dekabr 2018 22:49
3079

Heydər Əliyevin xatirə işığında Ürəyi Azərbaycanla döyünən dahi

Qismətinə tarixi dövrlərin qovşağunda yaşamaq və xalqı arxasınca aparmaq məsuliyyəti düşən müdrik insanlar müasiri olduğu zamanda baş verən prosesləri dərindən təhlil edir, hansısa qanunauyğunluqları tapmağa çalışır, gələcək nəsillər üçün faydalı yollar müəyyənləşdirirlər. Cənubi Qafqazın təbii sərvətləri ilə zəngin olan, təkcə Xəzəryanı ölkələrin deyil, başqa ölkələrin də siyasətinin mərkəzində dayanan Azərbaycan bu fərqi müharibələr, daxili gərginliklərlə hiss etdi. XX əsrin ən böyük coğrafi- siyasi fəlakətindən əziyyət çəkən Azərbaycan oldu. Dünyanı dəyişmək qüdrətində olan dahilərin ön cərgəsində dayanan ulu öndər Heydər Əliyevin cəsarəti, zəkası ilə ölkəmiz ən çətin sınaqlardan mətanətlə çıxdı.

Ümummilli liderin respublikaya rəhbərliyinin hər iki dövründə xalqı naminə gördüyü işlərin hər biri Azərbaycanı siyasi, iqtisadi cəhətdən qüdrətləndirmişdir. Ulu Öndəri müdriklik, dahilik zirvəsində əbədiləşdirən isə Azərbaycan xalqının Ümummili Liderinə olan sonsuz məhəbbəti, ehtiramı və inamıdır. Ulu Öndərin anım günlərinin xalqımız tərəfindən ümumxalq hüzn günü kimi qeyd olunması Azərbaycan xalqının öz xilaskarına hörmət və ehtiramının ifadəsidir. Haqqın dərgahına qovuşan Ulu Öndər özündən sonra müdrik şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, Azərbaycan naminə göstərdiyi fədakarlığı ilə də əbədiyaşarlıq haqqı qazandı. Böyük şəxsiyyətlərin əvəzsiz xidmətlərinə tarix özü qiymət verir, dəyərləndirir, əbədiləşdirir. El arasında belə müdrikləri Tanrının çox sevdiyi insanlar da adlandırırlar. Fitri qabiliyyəti , iti zəkası, siyasi qətiyyəti ilə tarixi şəxsiyyətlərin, dünya siyasətçilərinin ön sırasında addımlayan Heydər Əliyev də taleyinə belə xoşbəxtlik yazılmış liderlərdən idi. Quruculuq, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri ilə fərqlənən Ulu Öndərin xilaskarlıq missiyası əvəzedilməzdir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır.

Hələ Sovet İttifaqı dövründə respublikaya rəhbərlik etdiyi zamanlarda belə Azərbaycanın inkişafı, tərəqqisi naminə zəruri, mükəmməl qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətləri əhatə edən konsepsiyaların qəbulu ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq bölgəsinə, xalqlararası dialoq mərkəzinə çevrilmişdir.

Dövrünün elə bir tanınmış şəxsiyyəti olmayıb ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığına heyran qalıb, yüksək qiymət verib, təcrübəsindən bəhrələnməsin. Çünki dünya şöhrətli siyasətçi, müdrik dövlət başçısı, islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən Ulu Öndər siyasi fəaliyyətinin bütün dövrlərində təkcə öz xalqı üçün deyil, bütün dünyada sülhün bərqərar olması naminə çalışmışdır. Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan tarixinin nadir hadisəsidir.

Xilaskar kimi “Azərbaycanın müstəqilliyi əbədi olacaq” söyləyən Ulu Öndər ölkə vətəndaşlarına azadlıq sevincini bəxş edəndə də, reallığa əsaslanan müdrik ideyalarının həyata keçirilməsi naminə canından, qanından keçməyə hazır olduğunu əməlləri ilə bildirəndə də yalnız Azərbaycanın gələcəyini, xalqının xoşbəxtliyini düşünürdü. Bu gün vətəndaşı olduğumuz üçün qürur duyduğumuz Azərbaycanın qüdrətli dövlət kimi dünyada tanınması üçün qətiyyət göstərən Ulu Öndər yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafdan söz açmaq nəinki çətindir, hətta müşküldür. Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə Azərbaycanın süverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi, nüfuzlu beynəlxalq təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqini sürətləndirdi. Ulu Öndərin səyi nəticəsində Azərbaycanda formalaşan, Prezident İlham Əliyevin səyi ilə təkmilləşən, sonralar dünya birliyinə nümunə göstərilən demokratik islahatlar bu gün də davam etdirilir.

Ümummilli lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi. Azərbaycanda milli məfkurə və təfəkkürün formalaşması, müasir , demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, müasir idarəetmə üsullarının tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi naminə onun həyata keçirdiyi inkişaf strategiyasının daha da təkmiləşdirilməsi nəticəsində bu gün Azərbaycan təkcə neft-qaz hasil və ixrac edən ölkə kimi deyil, rəqabətədavamlı iqtisadiyyata malik respublika kimi də tanınır. Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və tannımış beynəlxalq təşkilatları ilə qarşılıqlı etimad və inama əsaslanan ikitərəfli münasibətlər formalaşmış, inkişaf etmiş, təkmilləşmişdir. İqtisadiyyatı tənəzzülə düçar olan, işsizlik və inflyasiyanın törətdiyi problemlər içərisində qalan Azərbaycanı hakimiyyətə qayıdışı ilə çətinliklərdən xilas edən Ulu Öndər siyasəti, müdrikliyi, dövləti idarəetmə təcrübəsi ilə qısa müddətdə xalqı əziyyətlərdən qurtardı. Naxçıvan MR Ali Məclisinin sədri olarkən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməyin vacibliyini həyata keçirdiyi islahatlarla bəyan edən Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət atributlarını bərpa etməklə də müstəqilliyimizin qarantı olduğunu sübuta yetirdi. Fenomen dahinin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.

Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndərin azərbaycançılıq ideyalarını, milli özünüdərkin, milli özünə qayıdış təfəkkürünün formalaşması istiqamətində gördüyü işlər misilsizdir. Yalnız Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri olduğunu Dünya azərbaycanlılarının I qurultayını təşkil etməklə bildirən Ulu Öndər türkçülük ideyasını təkmilləşdirməklə də öndərliyini sübut etmişdir. Dünya azərbaycanlılarının, soydaşlarımızın təşkilatlanma prosesinə Ulu Öndərin təşəbbüsü ilə başlanıldığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, dünya dövlətlərini maraqlandıran siyasi, iqtisadi problemlərin həllində Azərbaycanın yeri və rolunun mühüm əhəmiyyətə malik olması uzaqgörən siyasətin nəticəsi olmaqla Ulu Öndərin daim sadiq qaldığı regional əməkdaşlığa böyük diqqətin ifadəsidir: “Heydər Əliyev siyasəti Azərbaycanda hər bir sahədə davam etdirilir. Xarici siyasətimiz çox uğurludur, çox fəaldır. Biz qonşu ölkələrlə çox gözəl münasibətlərimizi saxlaya bilmişik, onları möhkəmləndiririk və bu bizim inkişafımız üçün çox vacibdir.”

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini 1994-1995-ci illərdə gerçəkləşdirdi, müstəqilliyimizi qorudu, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə əsrlərin tanınmış siyasi xadimləri arasında yerini əbədiləşdirdi. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edir, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyini qətiyyətlə təsdiqləyirdi. Natiqlik məharəti Heydər Əliyev fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsi kimi diqqəti cəlb edirdi. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı.

Yeni dünya düzənində vahid güc, ortaq maraqlar, milli birlik türk dövlətlərinin timsalında özünü büruzə verməkdədir. Dünyadakı qaz ehtiyatlarının 22 faizinə sahib olan türk dövlətləri, eyni zamanda qlobal enerji dəhlizlərinin sahibinə çevrilməkdədir. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. Enerji layihələrinin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir, ölkələrimizə əlavə maliyyə resursları qazandırır. Neft-qaz sahəsində Azərbaycan Türkiyə, Türkmənistan, Qazaxıstan ilə çox səmərəli fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsidir. “Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik” söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, tarix tarixdir: “Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək.” Bu inkişafın əsasında isə cənab İlham Əliyev tərəfəindən davam etdirilən Ulu Öndərin ideyaları, siyasəti dayanır.

Xuraman İsmayılqızı, “İki sahil”