Xarici siyasətimizin əsas prinsipləri: mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və milli maraqlar
Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə bu prinsiplərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rolu bir daha diqqətə çatdırıldı
Dövlətimizin başçısı İlham Əliyevin “Gücümüz birliyimizdədir”” çağırışı bütün türk dünyasını bir araya gətirməklə yanaşı, eyni zamanda, dünyaya bir mesajdır. Bu fikir də ölkə Prezidentinin çıxışlarında xüsusi yer alır ki, bu birliyimizi möhkəmləndirəcək əsas amillərdən biri bir dövlətin digərinin problemlərini öz problemi kimi qəbul edib, onun həlli istiqamətində ciddi səylər göstərməsidir. Ölkə Prezidenti İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində keçirdiyi görüşlərdə də bu mühüm məqam xüsusi qeyd olunmuşdur: “Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.”
Təkcə cari ilin mühüm hadisələrinə, dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinə və qatıldığı beynəlxalq səviyyəli tədbirlərə diqqət yetirsək, türkdilli dövlətlər arasında istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafını görmək mümkündür. Bu ilin mayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, iyun ayında isə onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, həmçinin Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ olan Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin keçirilməsi regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı olan türk dünyasının birliyinə, həmrəyliyinə işıq salır. Eyni zamanda, bu etirafı da edək ki, türkdilli dövlətlər arasında birlik, həmrəylik son illərdə möhkəmlənmiş və diqqətçəkən olmuşdur.
Hər bir çağırış mövqelərin yaxınlaşmasında stimulverici amil rolunu oynayır. Rəsmi Bakı türkdilli ölkələr arasında birliyə, həmrəyliyə müəyyən addımları ilə xələl gətirən ölkələrin mövqeyinə sərt münasibətini dəfələrlə bəyan edib. Ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Qırğızıstan hökumətinin qəbul olunan bəyanatın siyasi müddəalarına qoşulmaması Azərbaycan dövlətinin etirazına səbəb olmuşdur. ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafa və əməkdaşlığa mane olur. Bundan əlavə, həmin bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunmuşdur. O da bildirilmişdir ki, ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Qırğızıstanın bu prinsiplərə önəm verməməsi müxtəlif versiyaların yaranmasına, ən əsası rəsmi Bakının haqlı narazılığına səbəb olmuşdur. Bu xatırlatmanı da edək ki, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərkən “soyqırım” abidəsinə gül-çiçək qoymuşdu. Amma bu addıma “protokol qaydalarına riayət” adı altında haqq qazandırılmışdı. Sözsüz ki, belə “riayətlər” türk dünyasının birliyinə, həmrəyliyinə böyük maneələr yaradır, ölkələr arasında soyuq küləklərin əsməsinə rəvac verir. Amma illər keçdikcə dövlətlər arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafı bu maneələrin aradan qalxmasına, ümumi mövqenin ortaya qoyulmasına geniş yol açdı.
Regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması da uzun illər aparılan danışıqların nəticəsidir. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin tərəfdarı idi. Ölkəmiz bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe nümayiş etdirirdi. İran və Türkmənistan isə illərdir Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Ən əsası Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdilər. Ötən bu illər ərzində sahilyanı dövlətlərin Prezidentləri, istərsə də xarici işlər nazirləri çərçivəsində iki və çoxtərəfli formatda keçirilən görüşlər, əlaqələrin inkişafında müsbət meyillər sonda ümumi yanaşmanın ortaya qoyulmasını şərtləndirdi.
Ümumiyyətlə, Azərbaycan bütün türkdilli dövlətlərlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bu günümüzün çağırışı məhz onlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlərdir.
Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüşlərdə, həmçinin imzalanan 20-dən artıq sənəddə də bu kimi məsələlər öz əksini tapıb. “Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir” söyləyən cənab İlham Əliyev diqqəti ötən ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yoluna yönəldərək bildirmişdir ki, bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirmişdir: “Bizim - həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.”
Ölkə Prezidenti İlham Əliyevin hər bir səfərinin, çıxışının əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdən bəri Ermənistanın işğalından əziyyət çəkdiyimizi, 20 faiz torpağımızın işğal altında olduğunu, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşdüyünü beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran cənab İlham Əliyev bütün türk dünyasının birliyinin, həmrəyliyinin bu məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllində əhəmiyyətli rolunu vurğulayır.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...