10 oktyabr 2018 22:03
3023

İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında uğurlarımıza söykənərək bildirmişdir ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. Doqquz ayın göstəriciləri deməyə əsas verir ki, istədiyimizə nail oluruq:

“Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.”

Hər zaman qeyd olunduğu kimi, məqsəd uğurların başlanğıcıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək uçün son 15 ildə bölgələrin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı təsdiqlənib və artıq üçüncü proqramın icrası başa çatmaqdadır. Hər bir sənəd özündə konkret görüləcək işləri və icra mexanizmini əks etdirir. Yeni iş yerlərinin yaradılmasını qeyri-neft sektorunun, bölgələrin inkişafı kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq birinci Dövlət Proqramının əhatə etdiyi 2004-2008-ci illərdə 5 min yeni iş yerinin açılması nəzərdə tutulurdu. Sənədin icrası bu rəqəmin 600 minə çatdırılması ilə başa çatdı. Ümumilikdə üç Dövlət proqramından irəli gələn vəzifələrin icrasının nəticələrindən bəhs ediriksə, bu halda yeni iş yerlərinin 3 dəfədən çox artdığını görərik. 2018-ci ilin 9 ayında 85 min daimi iş yeri açılıb.

Onu da qeyd edək ki, ölkəmizin bu uğurlarını beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Bunu ölkəmizin həmin hesabatda 65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir. Ölkəmiz, həmçinin Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.

Ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi 5 faizdir. Dövlətimizin başçısı əhalinin artımını nəzərə alaraq, iş yerlərinin yaradılmasının daimi proses olmasının vacibliyini bildirir. Ən əsası 2003-cü ildə yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağı vəd olunmuşdur. Son 15 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Dövlətimizin başçısı bildirir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Təkcə cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. İnflyasiya 2,6 faiz, əhalinin gəlirləri 9,5 faizdir. Ölkə iqtisadiyyatına cari ilin ötən dövründə 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticəsidir. Valyuta ehtiyatlarımız artır. Hazırda valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. “İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq” söyləyən cənab İlham Əliyev bildirir ki, bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq: “Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.”

Təbii ki, hər dövrün öz çağırışı vardır. Bu çağırışlara yüksək səviyyədə cavab vermək davamlı inkişafı şərtləndirir. Daxili bazarın qorunması, inhisarçılıq hallarına qarşı mübarizənin gücləndirilməsi, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması bu günümüzün əsas hədəflərindəndir. Ölkə Prezidenti iclasda bildirmişdir: “İqtisadiyyatın rəqabətliliyinin artırılması üçün biz bundan sonra da fəal işləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq.”

Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində də önəmli addımlar atılır. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan 250 milyard dollara yaxın investisiyanın böyük hissəsini xarici investisiyalar təşkil edir. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. O da məlumdur ki, ölkə Prezidenti İlham Əliyev 2016-cı il 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalamışdı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi - dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün böyük inamla bildiririk ki, Azərbaycan brendi dünyaya səs salıb. Cənab İlham Əliyev iclasda bu məqama da xüsusi diqqət yönəltmişdir: “Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq.”

İqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsi ölkə iqtisadiyyatının inkişafını, qeyri-neft sektoruna xarici sərmayələrin daha böyük həcmdə qoyulmasını şərtləndirir. Ənənəvi kənd təsərrüfatı sahələrinin-pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və s inkişafı, özünüməşğulluğun təminatı, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması bu günümüzün əsas çağırışları kimi öndədir, uğurlu addımların nəticələri göz önündədir. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır. Özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. “Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var” söyləyən ölkə Prezidenti bildirir ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaq, ailələrini saxlayacaq və ölkə iqtisadiyyatına töhfələr verəcəklər.

İclasda bu rəqəm də açıqlanmışdır ki, bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılıb. “Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq.

Məhz görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir.

Yeganə Əliyeva, “İki sahil”