Dövlət siyasətinin əsasında insan amilinin dayandığı ölkəmizdə həyata keçirilən bütün proqramların əsas qayəsi ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsidir. Sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi iqtisadiyyatın gücləndirilməsinə, özəl bölmənin inkişafına stimul yaradır. Kiçik sahibkarlığın gücləndirilməsinin işsizliyin aradan qaldırılmasının mühüm amili kimi diqqətdə saxlanılması qeyri-formal məşğulluğun aradan qaldırılmasını da təmin edir. «Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır» söyləyən cənab İlham Əliyev sosial cəhətdən az təmin olunmuş vətəndaşlara dövlət dəstəyinin artırılmasını əsas vəzifə kimi qarşıya qoyur.
Prezident İlham Əliyevin «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında»kı Fərmanında, «Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamında da qeyd olunur ki, əmək bazarında təklif və tələb arasında tənzimləmə siyasətinə, işsizliyin və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına diqqət artırılmalıdır.
Dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində «ABAD» publik hüquqi şəxsin yaradılması haqqında» Fərmanı da bu məqsədə xidmət edir. Sənəddə qeyd edildiyi kimi, məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması üçün əlavə imkanlar yaratmaqdır. Adından da göründüyü kimi, ailə biznesinə, insanların həyat şəraitinin yaxşılaşmasına dəstək göstərən bu layihə minlərlə ailə biznesini əhatə edir. «ABAD» layihəsi istiqamətində yaradılan mərkəzlər sahibkarları, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın hazır vəziyyətə gətirilməsinə yardım göstərir. Ümumiyyətlə günümüzün əsas çağırışı olan, işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər diqqətdən kənarda qalmır. Bu baxımdan xüsusilə bölgələrdə özünüməşğulluq proqramının tətbiqi iqtisadi inkişafımıza da təkan verir. Hər il 6-7 min insanın bu proqrama cəlb olunması, ünvanlı sosial yardıma ehtiyacı olanların yaşayış tərzini yaxşılaşdıracaq. Özünüməşğulluq proqramında iştirak etməkdə maraqlı olan əlillər
kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilir. Adi bir misal. Son illərdə yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunması diqqətçəkən rəqəmdir. Bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğulluğu, eləcə də beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialı yüksəlir.
Beynəlxalq maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir ki, Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasındadır. Son illərdə ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2, minimum əmək haqqı 3,5, orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsindədir. Açılan yeni iş yerlərində özünüməşğulluğun payı artmaqdadır. Adətən ailə təsərrüfatları keyfiyyətli məhsul istehsal etsələr də
bu fərqi təsdiqləyən sertifikatları olmadıqlarına görə böyük bazarlara çıxmaq imkanları məhdud olur. Ailələrin qarşılaşdıqları problemlərdən biri də zəruri istehsal avadanlıqlarının olmamasıdır. Bu vəzifəni yerinə yetirən «ABAD» ailələri zəruri avadanlıqlarla təmin edir, mərkəzləşdirilmiş qaydada marketinq xidmətləri, hüquqi dəstək göstərilir.
«ABAD» iştirakçı ailələrə hüquqi təlimlər keçərək maliyyə-mühasibatlıq sahəsində, məhsulların regionlardan satış mərkəzlərinə daşınması üçün də yardımlar göstərir. «ABAD»ın əməkdaşlıq etdiyi şirkətlər tərəfindən məhsullar toplanılır, vahid mərkəzlərdən satış yerlərinə çatdırılır. Bu isə əlavə vaxt və vəsait sərfini aradan qaldırır.
«ABAD» ilk fəaliyyətinə Masallı rayonunda başladı. İkinci pilot rayon kimi Balakən seçildi. Bu təşəbbüs «ABAD»ın SOCAR-la birgə əməkdaşlığı nəticəsində baş tutdu. SOCAR sosial layihələrə hər zaman dəstək göstərir. Balakəndə seçilən 12 ailəyə zəruri istehsal avadanlıqları təqdim edildi, təlimlər keçirildi.
Müraciətlər nəzərə alınaraq İcərişəhərdə «ABAD» sənətkarlıq mərkəzi yaradıldı. Bütün regionlardan müraciətlər bu mərkəzdə təhlil olundu. Mərkəzin dəstəyi ilə ilkin mərhələdə 62 ailənin 500 adda əl işi satışa çıxarıldı. Hazırda «ABAD» sənətkarlıq mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artır. Bu sahəyə artan tələbatı, eyni zamanda turistlərin marağı nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda ikinci «ABAD» mərkəzi açıldı. Bakının, həmçinin onun simvoluna çevrilmiş Qız Qalasının, paytaxtımızın tarixi yerlərinin təsvirini əks etdirən əl işlərinə maraq artmaqdadır. «ABAD» MDB məkanında, Avropa İttifaqının layihələrində iştirak edir. BMT-nin Ərzaq Təşkilatı, BP şirkəti ilə əməkdaşlıq edir.
Bu gün Azərbaycanda təxminən 4,9 milyon əmək qabiliyyətli insan var. Bunun təqribən 4,7 milyona nəfəri məşğuldur. Onların 1,5 milyondan artığı muzdla işləyir, 1,7 milyon nəfəri kənd təsərrüfatında çalışır. Bunlardan 1,5 milyon nəfər əmək müqaviləsi bağlayan, rəsmi fəaliyyət göstərən insanlardır. Qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olanlar da az deyil. «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı»nın tətbiqi ilə əmək bazarında mövcud olan netaqiv hallar aradan qaldırılır. Çünki qeyri-leqal məşğulluq daha ciddi problemə yol açır, «qara mühasibatlığ»ın da ortaya çıxmasına zəmin yaradır. Əmək müqaviləsi olmayan qeyri-formal məşğulluq, eyni zamanda qadınların, gənclərin əməyinin istismarı deməkdir və aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar.
Xuraman İsmayılqızı,
«İki sahil»
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...