Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Onuncu ildönümünü qeyd edəcəyimiz və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu kimi tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür.
«İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir» söyləyən cənab İlham Əliyev ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlı olduğunu, tolerant ölkə kimi nüfuz qazandığını əsaslı şəkildə diqqətə çatdıraraq, 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili» və 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsini, həmçinin ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına, ötən il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə kimi mövqeyinin möhkəmləndirilməsi kimi diqqətə çatdırır. Cənab İlham Əliyevin xarici ölkələrə son səfərlərinə, eyni zamanda, Azərbaycana bu və ya digər ölkələrin dövlət başçılarının səfərlərinə diqqət yetirsək, keçirilən görüşlərdə, tərəfdaşlığın inkişafına dair imzalanan sənədlərdə Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində göstərdiyi səylər təqdir edilərək, əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd olunmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» sənədində də bu məqam qeyd olunub ki, dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Ölkəmiz islam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır. Bir çox Avropa ölkələrində təşkil olunan sərgilər, təqdimatlar, digər mədəni tədbirlər islam mədəniyyətini təbliğ, islam dəyərlərini təcəssüm etdirir.
Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. İslam Əməkdaşlıq Təşkilatının sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycanın qurumun Sammitlərində, Zirvə görüşlərində islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. «Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik» söyləyən Prezident İlham Əliyev ötən il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır.
Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir. «Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz» söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.
Düşünürük ki, dövlətimizin başçısı İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı imzaladığı sənəddən irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünyanın ikili siyasətinin doğurduğu problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması fonunda ədalətə ədalət gözü ilə yanaşmaq imkanları artacaq.
Yeganə Əliyeva,
«İki sahil»
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...