Dövlətçilik salnaməmizə Azərbaycan xalqının xilas günü kimi yazılan 3 oktyabr 1993-cü il haqqın, ədalətin, liderə xalq məhəbbətinin ifadəsi idi. Həmin gün Azərbaycan xalqı öz öndərinin simasında əbədi liderini seçdi. Hakimiyyətinin birinci dövründə Azərbaycanı aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına, Qırmızı bayraqlar diyarına çevirən ulu öndər Heydər Əliyev həmin gün xalq qarşısındakı məsuliyyətinin, öhdəliyinin taleyüklü vəzifə olduğunu uzaqgörən siyasəti ilə hiss etdi. Vəzifə isə düşünüldüyündən də çətin, amma şərəfli idi: Ölkəmizin gələcəyi üçün mühüm dönüş olan Azərbaycanın müstəqilliyini, suverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini gücləndirmək. Prezident seçkisində ümumxalq etimadını milyonların yekdil səsi ilə qazanan Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı.
Ağır günlərdə xalqa arxa, dayaq olan, cəsarətli addımları ilə liderlik zirvəsinə yüksələn, erməni lobbisinin planına uyğun Kremldən uzaqlaşdırılsa da Moskvada fərdi təqaüdçü olduğu dövrdə belə Azərbaycanın taleyini düşünürdü. Təzyiq və təhdidlərə məruz qaldığı zaman Azərbaycana qarşı törədilən və siyasi təcavüz olan 20 Yanvar faciəsindən sonra sovet hökumətinin törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyası sıralarından çıxdı.
Qəlbi Azərbaycan xalqı ilə bir döyünən Ulu Öndərin Bakıya, sonra Naxçıvana dönüşü milli müstəqilliyimizin kövrək addımları kimi yadda qaldı. Siyasi fəaliyyətinin Naxçıvan dövrünü müstəqilliyə aparan yolun başlanğıcı adlandıranlar Ulu Öndərin o illərdə qəbul etdiyi qərarları Azərbaycanın varlığını təsdiqləyən addımlar kimi dəyərləndirirlər. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları- bayrağı, gerbi, himni uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə bərpa olundu. Ölkənin inkişafını şərtləndirən bazar iqtisadiyyatına keçidin ilk mərhələsi olan özəl bölmənin, sahibkarlığın təməli qoyuldu. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanı çətin vəziyyətdən qurtarmaq üçün qonşu İran və Türkiyə ilə əlaqələr yaratdı. «Ümid» körpüsünün inşası ilə qardaş Türkiyə ilə münasibətlər möhkəmləndi. İrandan, Türkiyədən alınan enerji ilə insanların ehtiyacları ödənildi. Dünya dövlətlərini təmsil edən KİV-lərin əməkdaşları Azərbaycanla bağlı həqiqətləri Ulu Öndərdən öyrənmək üçün Naxçıvana üz tuturdular. Naxçıvanda olarkən daxili düşmənlərin bəd niyyətli , qərəzli əməllərinin qarşısını almaqla da suverenliyimizin əbədiliyini təmin etdi. Dövlət çevrilişlərinə cəhdlərin qarşısını elə xalqa arxalanaraq alan ulu öndər Heydər Əliyev dəfələrlə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi.
Xalqın liderinə olan el məhəbbəti, inamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarını narahat edirdi. Bu cütlüyün hakimiyyətinin Azərbaycanı məhvə apardığını hiss edən insanlar Ulu Öndərə müraciət edərək ondan imdad diləyirdilər. Həmin dövrdə Gəncədə baş verən qarşıdurmadan qorxan səbatsızlar da Ulu Öndərdən yardım istədilər. Canından artıq sevdiyi Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almaq üçün Bakıya gələn Ulu Öndər heç bir dövlət başçısının, siyasətçinin öhdəsindən gələ bilməyəcəyi məsuliyyəti boynuna götürərək ölkəni vətəndaş müharibəsindən xilas etdi. Həmin hadisələrin şokunu yaşayan milyonlar ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının əbədiliyini birlik və həmrəylikləri ilə təsdiqlədilər. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxdı. «Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib» söyləyən Prezident İlham Əliyev o illəri belə xarakterizə edir.
Azərbaycanın o zamankı səbatsız rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss edərək xalqın tələbi ilə ONU rəsmən Bakıya dəvət etdilər. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.
«1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın müasir tarixi Heydər Əliyevin doğma torpağa möhtəşəm qayıdışından sonra başlayıb. Ulu Öndərin qayıdışı ilə monolit birliyimizin, iqtisadi inkişafımızın əsası qoyuldu. Bütün sahələrdə əmin- amanlığın, sabitliyin təmin olunması, tənəzzülün qarşısının alınması, islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəlməsi ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin qurulmasına da təkan vermişdir. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən olkəsi kimi tanınan bugünkü müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan Azərbaycandır. O Azərbaycan ki, beynəlxalq aləmdə mövqeləri möhkəmlənməklə ən mötəbər təşkilatlarda söz sahibidir. Regionun ən qüdrətli , güclü dövlətinə çevrilib.
Tariximizə Qayıdış, Milli Qurtuluş Günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. Ulu Öndər iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Xalq isə respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi.
1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 10 oktyabr 1993-cü ildə, Azərbaycan xalqının həyatının ən mürəkkəb dövründə, XX əsrin sonunda dünyada köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını xalqının etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən ilk növbədə Azərbaycan xalqının ağlına, zəkasına, qüdrətinə inandığını bildirdi: «Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»
1993-cü ildə hakimiyyətə qayıdan ümummilli liderHeydər Əliyev siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib hər kəsin qəlbində sabaha inam hissi yaratmağı bacardı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan Heydər Əliyev həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Azərbaycançılıq fəlsəfəsinə, milli ideologiyaya bağlılığı və dərin zəkası, təfəkkürü ilə ölkəmizin dünyada rolunu və geosiyasi əhəmiyyətini müəyyən etmiş Ulu Öndər milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu ideyalar Azərbaycan xalqının dövlətçilik ənənələri ilə sıx bağlı olub milli ruhun, özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmış, hərəkətverici qüvvəyə çevrilmişdir.
Bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı Azərbaycanın inkişaf strategiyası kimi təkmilləşdirən, iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Heydər Əliyev bildirirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması, onun gerçəkləşdirilməsi
BTC, BTƏ neft-qaz kəmərlərindən sonra «Cənub Qaz Dəhlizi», TANAP, TAP haqqında deyilən hər xoş söz, Azərbaycanın liderlik rolunun etirafı o illərdə Ulu Öndərin çəkdiyi zəhmətin bəhrəsidir. Dünyanın ən iri şirkətlərinin müharibə şəraitində yaşayan Azərbaycana, belə möhtəşəm layihələrə marağının artması düşünülmüş siyasətin, ulu öndər Heydər Əliyev qətiyyətinin, düşüncəsinin, uzaqgörənliyinin məntiqi nəticəsi idi. Azərbaycana investisiya axınının əsasını qoyan ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli ərazidə yerləşən respublikamızın iqtisadi-sosial, elmi, texniki mədəni inkişafı üçün zəmin yaratdı. Sərmayələr nəzərdə tutulan proqramların, iqtisadi islahatların həllinə yönəldildi.
Bu gün Azərbaycan enerji resursları ilə Avropa ölkələrinin yanacağa tələbatının 30-40 faizini təmin edirsə, bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategiyanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini istəməyən dairələrin planlaşdırdıqları oyunlara, anarxiya və ekstremist hallara son qoyulmuş, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, mütəşəkkil ordu yaradılmış, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin edilmişdir.
Dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, Milli Konstitusiyanın qəbulu, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır. Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin ideyaları reallaşdı. Azərbaycan hazırda dünyanın ən nüfuzlu təşkilatların etibarlı üzvü kimi qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə doğruldur. Tolerant ölkə kimi diqqət çəkir, sivilizasiyalararası dialoq məkanı kimi də tanınır. Ulu Öndərin adını daşıyan Fondun layihələri beynəlxalq səviyyədə dəstəklənir.
Xuraman İsmayılqızı, «İki sahil»
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...