Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri, IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında əməkdaşlığın bugünkü inkişafının göstəricilərindəndir
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Son zamanların daha çox diqqətçəkən əməkdaşlıq formatlarından biri də üçtərəfli çərçivədə qurulan münasibətlərdir. Bu foromatın da təşəbbüskarı Azərbaycandır. Mütəxəssislərin fikrincə, həmin əlaqələrin qurulmasında iki meyar əsas götürülür. Birincisi, Azərbaycan bütün tərəflərin maraqlarını nəzərə alan yeni format təklif edir. İkinci meyar isə bir neçə üçtərəfli formatın faktiki olaraq regional miqyasda “geosiyasi şəbəkə” yaratmaq potensialıdır. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatları deyilənlərin əyani sübutudur. Üçtərəfli əməkdaşlıq formatı ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Bir sözlə, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda qarşılıqlı faydalı və bərabərhüquqlu əlaqələrin ikitərəfli formatdan üçtərəfli əməkdaşlıq modelinə keçidi diplomatiya təcrübəsində yenilikdir.
Mütəxəssislər reallıqlara söykənərək, bu fikri də bildirirlər ki, Azərbaycanın, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.
Xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanla Rusiya arasında son zamanlar əlaqələrin inkişaf istiqamətlərinin genişlənməsi istər qarşılıqlı səfərlərdən, istərsə də imzalanan sənədlərdən, həmçinin iki dövlət arasında münasibətlərin inkişafına xidmət edən forumların keçirilməsindən daha aydın görünür.
Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Dövlətimizin başçısı İlham Əliyevin bu ayın əvvəlində Rusiya Federasiyasına, eyni zamanda, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu gün ( 27 sentyabr) Azərbaycana reallaşan işgüzar səfəri də bu baxımdan diqqət çəkəndir. İki dövlət başçısının bu görüşü son aylarda sayca 4-cü görüşdür. “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir” söyləyən Prezident İlham Əliyev qeyd edir ki, keçirilən bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Münasibətlərimizin səviyyəsindən məmnunluğunu ifadə edən ölkə Prezidenti İlham Əliyev vurğulayır ki, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik.
Sentyabrın 27-də Bakıda öz işinə başlayan, Azərbaycan Respubilkasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Rusiya-Azərbaycan Regionlararası Forum da iki ölkə münasibətləri üçün mühüm meydandır. Hər iki tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və mətbuat nümayəndələrinin iştirak etdikləri forum çərçivəsində təşkil olunan “dəyirmi masa”larda, plenar iclaslarda əməkdaşlığın ayrı-ayrı sahələr üzrə inkişafı üçün mövcud imkanlara, ötən forumdan keçən müddət ərzində bu istiqamətdə görülən işlərə nəzər salınaraq, qarşıdakı dövr üçün hədəflər müəyyənləşdiriləcək. Ümumilikdə forum bir daha Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayacaq, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü inkişaf səviyyəsinə bir daha işıq salacaq.
İki ölkə arasında münasibətlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafı göz önündədir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin müsahibələrində bu məqamı xüsusi qeyd edir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
Reallaşan hər səfərin, keçirilən hər görüşün, forumun, beynəlxalq səviyyəli tədbirlərin əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olur. Rusiyanın münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyi daim maraqlıdır. “Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi yüksək dəyərləndirir.
Hadisələrin inkişafından da göründüyü kimi, artıq dünya dövlətləri Dağlıq Qarabağ həqiqətlərini olduğu kimi dəyərləndirməyə səy göstərir. Bunun təsdiqi kimi, Rusiyanın son zamanlardakı mövqeyi ilə bir müddət öncə Rusiya Prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı suala cavabını müqayisə etmək kifayətdir. Vladimir Putin “ Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı” sualına cavabında bildirmişdir: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.” Həmin müsahibədə bu fikir də yer almışdır ki, öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Son səfərlər çərçivəsində səsləndirilən bəyanatlarda bildirilir ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək. Göründüyü kimi, artıq tərəfləri razı salacaq həll variantından söhbət getmir.
Azərbaycan 20 faiz torpağı işğal altında, bir milyondan çox soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan ölkədir. Bu gün Azərbaycanın dünya dövlətlərinə və təşkilatlara çağırışı budur ki, münaqişənin həllinə ədalətli yanaşılsın, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz həllini tapsın. Ermənistan hakimiyyətinin sərsəm bəyanatlarından fərqli olaraq reallıq budur ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi bəyan edilir. Artıq bu sənədlərdə tərəfləri razı salan razılaşmadan, həll prosesindən söhbət getmir. Ermənistan işğalçı, Azərbaycan işğala məruz qalan dövlətdir. Qonşu dövlətlərə qarşı ərazi iddaları ilə çıxış edib, özü üçün saxta tarix yazmaq nə tarixi həqiqət, nə də real fakt kimi qəbul oluna bilər. Azərbaycan tərəfinin işğalçı dövlətə ən böyük güzəşti bu günə qədər sülh siyasətinə sadiqlik nümayiş etdirməsi, digər həll variantına üstünlük verməməsidir.
Artıq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Rusiya və Fransanın da mövqeyində baş verən yeniliklər Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməyin beynəlxalq hüquqa nə qədər zidd olduğunun fərqində olmalarından, özlərinə qarşı inamsızılıq formalaşdırmamaq istəklərindən, ən əsası Azərbaycan diplomatiyasının gücü sayəsində həqiqətlərimizin faktlarla dünya ictimaiyyətinə çatdırılmasından irəli gəlir.
Ermənistanın yeni baş nazirinin Rusiya və Fransaya son səfərlərinə bir daha diqqət yetirməklə 180 dərəcə dəyişən münasibətin şahidi olarıq. Bu iki dövlətin xüsusilə qeyd olunması onunla bağlıdır ki, Rusiya daim Ermənistanı idarə edən, Fransa erməni lobbisinin güclü olduğu və cərəyan edən proseslərə təsir imkanları geniş olan, bir sözlə, ermənilərə dost ölkə kimi tanınır. Fransanın keçmiş prezidenti Jak Şirak daim bu fikri səsləndirirdi ki, Azərbaycan da Ermənistan kimi Fransaya dost ölkədir. Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa və Rusiyaya son səfərindən küskün qayıtması artıq işğalçı dövlətin sığallardan məhrum olmasına işarədir.
Bunları qeyd etməkdə məqsədimiz Azərbaycanın xarici siyasasətində qəbul etdiyi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılqlı maraq və hörmət prinsipi əsasında münasibətlərini qurması əlaqələrin inkişafı fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirir.
Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün geniş imkanlar açır. İmzalanan sənədlərdən da əlaqələrin çoxşaxəliliyi aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin bu ayın əvvəlində Rusiyaya səfəri zamanı təsdiqlənən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”, “Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı ( 5 “yol xəritəsi”)” qarşıdakı illərdə iki ölkə arasında əlaqələrin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Bir sözlə, Azərbaycanla Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi xoş münasibətlər əlaqələrin yeni mərhələlər üzrə inkişafını şərtləndirir.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...