21 sentyabr 2018 23:10
3228

Xam xəyallardan ayılmayan Paşinyana növbəti aprel dərsi gərəkdir

«Küçə iqtidarı» formulunu «hakimiyyətə tətbiq edən» Ermənistanın baş naziri Nikol Paşinyanın dövlətçilik  barədə düşüncələrinin məhəllə səviyyəsində olmasını işğalçı ölkədə  baş verənlər  də təsdiqləyir. Ermənistanın adı çəkiləndə nəzərlərdə ilk növbədə təsəvvürdə asılı olduğu hamıya sitayiş edən, yalvaran, miskin  qul obrazı, səkkiz ayaqlı osminoq canlanır. Bir balaca dara düşəndə öpdüyü əllərin sayını artıran, göz yaşları ilə məkrli niyyətlərini gizlədən ermənilərin böyük dövlətlərin əlində oyuncaq olması onların genlərindən gələn irsi xəstəlikdir ki, bu  mərəzi daşımaq estafeti indi N. Paşinyana həvalə edilib. Sələfləri S. Sarkisyan və R. Koçaryanın əməllərini, ölkədə 25 ildən artıq dövlətçilik ənənəsinə çevrilən korrupsiya, rüşvətxorluq hallarını guya aşkarlamaqla, beş-üç hərbçini əsgərlərin payına şərik olduqları üçün qandallamaqla  ölkəyə başçılıq missiyasını bitirmiş hesab edən Nikol Paşinyan əslində vəzifə səlahiyyətlərini şəxsi maraqlarından, qisasçılıq əməllərindən irəli apara bilmədi. Xarici  ölkələrin dəstəyi ilə  baş nazir olan  Nikol Paşinyanın seçilməsinə dəstək göstərən parlamentdə təmsil olunan partiya fraksiyaları artıq ondan  üz döndərirlər. Onun ətrafında daha çox dolanan «Çıxış”» (Yelk)  və «Çiçəklənən Ermənistan»” fraksiyalarının Paşinyandan vəzifə gözləyən təmsilçiləri yanıldıqlarını etiraf edirlər.

İqtidarlığının ili tamam olmamış əvvəlki  prezidentlərin taleyini yaşayacağını hiss edən Paşinyanın ətrafını möhkəmləndirmək naminə növbədənkənar parlament  seçkilərinin keçirilməsi ilə bağlı  təşəbbüsünü dəstəkləyənlər azalır. Bu isə Ermənistanda siyasi böhranı getdikcə dərinləşdirir. İrəvan meri seçkilərinin yaxınlaşdığı bir vaxtda Ermənistanda daxili siyasi mübarizə daha da gərginləşır.  Belə ki, «Tsarukyan»” blokuna daxil olan «Çiçəklənən Ermənistan»” partiyasının təmsilçiləri N.Paşinyan və yeni hökumətin mövqeyinə qarşı sərt tənqidlər səsləndiriblər. Bəzi siyasi qüvvələrin əvvəlki iqtidarla, yəni Respublikaçılar Partiyası ilə ” gizlin danışıqlar aparmaları xüsusi narahatlıq doğurub.  Belə ki,   Paşinyanın haylı-küylü, ermənilərə  uğur gətirməyən  «məxməri inqilabı»  respublikanın siyasi  səhnəsindəki oyunçuları «ağlara», «qaralara» parçalayıb. Yəni, İrəvan merinin təyin olunmasında yaranan siyasi parçalanma Paşinyanın rəhbərlik etdiyi «Vətəndaş» siyasi  partiyasının merliyə namizədinin qələbəsini  şübhə altına alır.

«Çiçəklənən Ermənistan» partiyasının rəhbəri Edmon  Marukyan  Paşinyan siyasətini  sərt tənqid edərək baş nazirdən qeyri-etik  bəyanatlarına görə üzr istəməsini tələb etmişdir. N.Paşinyandan gözlədikləri nəticəni əldə etməyən xalq, siyasətçilər mövcud iqtidar barədə  neqativ  fikirlər söyləməkdədirlər.  Daxildəki  gərginliyi sakitləşdirmək üçün özünə yaxın ölkələrə, Rusiyaya  üz tutan N. Paşinyanın bu jesti də istənilən effekti  vermədi.  Hər iki ölkənin politoloqlarının qeyd etdikləri kimi, səfər çox uğursuz olub. Rusiyaya uğursuz  səfərindən sonra havadarlarının « sabiqlərlə» əlaqə yaratması da diqqətdən yayınmır. Keçmiş prezident Robert Koçaryanın Rusiyadan ona edilən zənglərdən danışması iqtidarsız iqtidarı təlaşlandırıb. Belə ki, Ermənistan baş nazirinin atdığı addımlar, oğlunu hərbi xidmətə göndərməsi  kimi şoular, səsləndirdiyi qeyri-adekvat fikirlər  onun hakimiyyətinin çox uzun  sürməyəcəyi proqnozunu verir. Ermənistan baş nazirinin səsləndirdiyi fikirlərdən sonra onu dəstəkləyən fraksiyaların köhnə hakimiyyət nümayəndələri ilə gizli razılığa gəlmələri ehtimalı  Paşinyan hakimiyətinin ötəri mərhələ oldunu göstərir.  Erməni iş adamı Qaqik Tsarukyanın bir müddət öncə eks-prezident Serj Sarkisyanla görüşməsi N.Paşinyanın mövqeyinin zəifləməsinə gətirib çıxara bilər.   Rusiyadan gözlədiyi nəticəni ala bilməyən baş nazirin «tarixi köklərə bağlı olduğunu» iddia etdiyi Fransada da  etinasız qarşılanması işğalçı dövlətin dünya siyasətində önəmsiz fiqur olduğunu subut edir. Onun  xəstə  psixologiyasının diaqnozu bütün dünya ictimaiyyətinin, siyasətçilərinin  dəstəklədikləri «Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir» bəyanatını hələ də qavraya bilməməsidir. Qondarma «Dağlıq Qarabağ Respublikası» separatçılarının danışıqlarda tərəf kimi  iştirakını irəli sürən  Paşinyanın populist vədləri  ölkədə  daxili sabitliyi qorumaga, siyasi savadsızlığını ört- basdır etməyə hesablanıb. Bir  faktı da unutmaq olmaz ki,  qüdrətli, dünyada siyasi, iqtisadi  mövqeyi möhkəmlənən Azərbaycanla müqayisədə  cılız siyasəti ilə  arxa planda, kölgədə qalaq  Ermənistanın baş nazirinin  «kabab iyinə» gəlmək  sevdası  yarımçıq nəticələnə bilər.   

Hələ də « status-kvo»nun saxlanılmasında maraqlı olan, sirk ayıları ilə məşq edən N.Paşinyan bilməlidir ki, münaqişənin sülh yolu ilə həllindən başqa çıxış yolu yoxdur. «Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal etdiyi Azərbaycan  torpaqlarından çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır» söyləyən cənab İlham Əliyev hələ bir neçə il bundan əvvəl  bildirirdi ki,  Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıb. Bəzi ermənipərəst dairələrin  saxta hesabatlarının əksinə olaraq Ermənistanda  demokratiya adlı  heç nə yoxdur.   Ölkə iqtisadiyyatı dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir. Ona görə onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Son günlərdə Ermənistanda mətbuata göstərilən təzyiqlər, sosial şəbəklərlərin bağlanması, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ermənisayaq demokratiyadır.

İşğalçı ölkədə baş verənlər, əhalinin  Paşinyana qarşı  etimadsızlığı  göstərir ki,  baş nazir əvvəl-axır Azərbaycanın prinsipial mövqeyi ilə razılaşmalıdır. Həmişə qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.  Tolerant  ölkə olan Azərbaycanda bir çox millətin nümayəndələri ölkəmizdə  əmin-amanlıq şəraitində yaşayırlar.  Münaqişə  Azərbaycanın ərazi  bütövlüyü şəraitində  başa çatdıqdan sonra  Dağlıq Qarabağda yaşayan erməni əhalisi də ölkəmizin bütün vətəndaşları kimi  sərbəst yaşaya biləcəklər.  Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. 

Çox təəssüf ki, hələ də  baş verənlərdən nəticə çıxarmayan Ermənistan  atəşkəsi mütəmadi olaraq pozur. Təmas xəttinə yaxın Azərbaycan  ərazilərini atəşə tutur, dinc əhalini qorxu altında saxlayır. Amma deyəsən Paşinyana 2016-cı ildəki aprel hadisələrini xatırlatmaq lazımdır. İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətdi, mövqelərimiz atəşə tutuldu. Hərbçilər, mülki vətəndaşlar arasında şəhid, yaralananalar oldu. Amma  Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi,  yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan təmizlədi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi azad edildi, iki min hektar ərazi təmizləndi. «Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq» vurğulayan Preziden İlham Əliyevin qeyd etdiyi kimi, bu döyüşlər  Ermənistanın dağınıq orduları barədə uzun illər ərzindəki iddialarına son qoydu. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının işğaldan azad olunması isə Azərbaycan əsgərinin  növbəti qələbəsi oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən aparılmış uğurlu əməliyyatı nəticəsində xeyli ərazi,  strateji yüksəkliklər işğaldan azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Hələ də   Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  kompromisə getmək istəməyən Paşinyan bilməlidir ki,  Azərbaycan Ordusu Ermənistanın istənilən ərazisini məhv etmək qüdrətindədir. «Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır» söyləyən cənab İlham Əliyevin bu xəbərdarlığı N. Paşinyanı qəflət yuxusundan ayıltmalıdır, silkələməlidir.

Xuraman İsmayılqızı, «İki sahil»