05 sentyabr 2018 22:55
2780

“Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək

 Dövlətimizin başçısı 24 illik yolun uğurlarına söykənərək, regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın Avropanın enerji xəritəsini yenidən tərtib etdiyini böyük inamla bildirir

«Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.» Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycanın ilklərə imza atan, təşəbbüsləri reallığa çevirən ölkə olduğunu diqqətə çatdırır.

Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişindən bizləri 24 illik zaman ayırır. Ötən bu dövr ərzində Azərbaycanın enerji sektoruda qazandığı uğurları təbii ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bircə faktı xüsusi qeyd etməliyik ki, ötən il «Yeni əsrin müqaviləsi»nin imzalanması, eyni zamanda, onun ardınca bu ilin mayında «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, iyunda TANAP-ın istifadəyə verilməsi bu reallığın təsdiqidir ki, uğurlarımız davamlı, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənməkdə, etibarlı tərəfdaş kimi nüfuzu artmaqdadır. Cənab İlham Əliyevin vurğuladığı kimi, regional çərçivədə əməkdaşlığın coğrafiyası genişlənməkdədir. «Əsrin müqaviləsi»nin əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz layihələri regional əməkdaşlığın göstəricisidir. Bu gün  beynəlxalq səviyyədə müzakirə olunan «Cənub Qaz Dəhlizi»nin  icrasında yeddi ölkə iştirak edir -  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi,  geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Dövlətimizin başçısı bildirir: «Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. «Cənub Qaz Dəhlizi»nin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.»

Onu da qeyd edək ki,  1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından öncə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi də Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamışdı. Bu il yubiley (XXV) sərgi-konfransı məhz «Cənub Qaz  Dəhlizi»nin rəsmi açılışı ilə yadda qaldı.
 Sirr deyil ki, bu gün reallıq sayılan layihələr o illərdə («Əsrin müqaviləsi»nin imzalandığı dövrdə)  əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiyanı yaratdı. Dövlətimizin  başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirir ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Bir sözlə, bu günün reallıqları ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi  «Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq» fikrini təsdiqləyir. Baxmayaraq ki, Azərbaycan malik olduğu təbii resurslara, yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub, lakin 1994-cü ildən ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitliyin, normal biznes mühitinin formalaşdırılması ilə Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam  əmin olaraq bu istiqamətdə real  addımlar atdılar. İlk dəfə olaraq xarici şirkətlər məhz Azərbaycan tərəfindən Xəzər dənizinə dəvət olundu və investisiyalar qoymağa başladılar.  Xəzər dənizinin nefti müxtəlif yollarla dünya bazarlarına çıxarıldı. Azərbaycan, həmçinin qaz ixrac edən ölkəyə çevrildi.

1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından öncə keçirilən Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neftkimyası» sərgi-konfransı da  Azərbaycanın imkanlarının, enerji potensialının  dünyaya təqdimatında mühüm rol oynadı. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını belə ifadə edir: «1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi.  Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə  Azərbaycanın, ümumiyyətlə gələcəyi  haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu  hansı istiqamətdə görür? Bütün bu suallar ölkə  qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi.»   Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində  Azərbaycan düzgün yol seçdi və bu yolun düzgün olmasını bügünkü Azərbaycanın inkişafında görürük. Artıq ənənəvi olaraq keçirilən sərgi-konfransda iştirak edən dövlətlərin, şirkətlərin sayının  artması da  ölkəmizin nüfuzunun göstəricisidir.

«Əsrin müqaviləsi»ndən ötən 24 illik yol Azərbayanın davamlı uğurları ilə yadda qalıb.  Dövlətimizin başçısı İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca  TAP, TANAP, «Cənub Qaz Dəhlizi» layihələrinin icrasına başlanıldı, yuxarıda qeyd etdiyimiz kimi, artıq «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı olub, TANAP istifadəyə verilib, TAP-ın istifadəyə verlməsi isə 2020-ci il üçün nəzərdə tutulub.  Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan TANAP üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdı. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq.  Dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə  «Cənub Qaz Dəhlizi»nin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi  öz resurslarını dünya bazarına çıxaracaq.  Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır» fikirləri ilə bugünkü reallıqların aydın mənzərəsini yaratmışdır.

Əvvəldə də vurğuladığımız kimi, təkcə son bir ildə  enerji sektorunda əldə olunan uğurlardan bəhs etsək, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasını xüsusi qeyd  etməliyik. Cənab İlham Əliyev   keçilən yola əsaslanaraq bildirir: «Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, «Şahdəniz» qaz, «Azəri-Çıraq» neft yataqlarının işlənilməsi – bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir… Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir.»

Təbii ki,  qeyd edilən layihələr Azərbaycanın gücünü daha da artıracaq. Milyardlarla    dollar investisiya qoyulacaq. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaq. Bu öz növbəsində  on minlərlə yeni iş yerinin  açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcək.  Əsas hədəf  bundan ibarətdir ki,  qeyri-neft sektoru inkişaf etdirilsin.  Ölkə Prezidenti İlham Əliyev  hər zaman bu fikri də qeyd edir ki, biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı  ölkəmizin iqtisadi imkanları ilə  bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız  yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində  imkan verdi ki,  bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək.  Bu gerçəklik də aydındır ki,   iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək  mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. Məhz davamlı inkişafın qaçılmaz olduğunun, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğunun təsdiqidir ki,  ölkəmizi qarşıdakı illərdə inkişaf etmiş dövlətlər sırasında görmək istəyimizi ortaya qoymuşuq.  Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən   «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya  (2005-2025-ci illər)»dan irəli gələn vəzifələrin  uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.  İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi olaraq diqqətə çatdırır ki,  əməkdaşlıq və sərmayə tarixi olmadan bugünkü nailiyyətlərimiz mümkünsüz olardı. Hazırda planlaşdırılan bütün işlər  möhkəm bünövrəyə əsaslanır.

Ümumiləşdirilmiş şəkildə ifadə etsək, arxada qalan dövrdə  Azərbaycan özünü  etibarlı  tərəfdaş kimi təqdim edib. Hər bir layihənin uğurlu sonluqla baş çatması yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Bu isə öz növbəsində Azərbaycanın  iştirakçısı və təşəbüsçüsü olduğu layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir.  Dövlətimizin başçısı İlham Əliyevin  «Yeni əsrin müqaviləsi»nin imzalanması mərasimində  söylədiyi “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq» fikirləri keçilən yolun və qarşıdakı illərin prioritetlərinin aydın mənzərəsini  yaradır.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında  SOCAR-ın öz yeri və payı vardır.  Ölkəmizin  son bir ildə uğurlarından bəhs edərkən ötən ilin noyabrında  iki milyardıncı ton Azərbaycan neftinin hasil olunmasını xüsusi qeyd etməliyik Dövlətimizin başçısı bu münasibətlə keçirilən təntənəli mərasimdə  «…bir neçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisələr SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək» fikirləri ilə  SOCAR-ın iqtisadi və texniki imkanlarına işıq saldı,  bu fikri də  böyük inam və qətiyyətlə bildirdi ki, bütün işlərin sistemli şəkildə həyata keçirilməsi yeni-yeni hədəflərə yol açmaqla reallıqda öz əksini tapmasına stimul verir. 

Enerji layihələrinin coğrafiyasının genişlənməsi, çoxtərəfli əməkdaşlığa  açılan yollar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələrini daha da artırır.  Ulu öndər Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi «heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübaliəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əməkdaşlıq əlaqələrinin genişlənməsi  ümumi məqsədə lazımi səviyyədə çatmaq üçün əsasdır. Təkcə SOCAR-ın timsalında cənab İlham Əliyev əməkdaşlığın uğurlarını belə aaçıqlayır: «BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkələr üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib.»Qısa təhlil fonunda bir daha bu reallığı təsdiqləyə bilərik ki,   neft-qaz layihələrimiz  Azərbaycanı  dünya miqyasında  çox önəmli  enerji hasilatçısı  kimi ciddi ölkəyə, SOCAR-ı beynəlxalq şirkətə  çevirib.     Azərbaycanın uğurlarında neftçilərin əməyi dövlətimiz tərəfindən daim  yüksək dəyərləndirilir. Qeyd olunan mərasimdə də cənab İlham Əliyev bu əməyi xüsusi vurğulamışdır. İstər reallaşdırılan layihələrdə, istər  Dövlət Neft Fondunun vəsaitlərinin artımında, istər «Neft kapitalını insan kapitalına çevirək» tezisinin  real həyatda öz əksini tapmasında  neftçilərin zəhmətini önə çəkən cənab İlham Əliyev bildirmişdir: « Bu gün Azərbaycan  dünya miqyasında  müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə  neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün  əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək.»

Neft hasilatında əldə olunan uğurlar SOCAR-ın inkişafına  böyük imkanlar yaradır.  Gürcüstanda, İsveçrədə,  Türkiyədə,  Rumıniyada, Ukraynada və digər ölkələrdə  həyata keçirilən investisiya layihələri, əldə olunan  aktivlər beynəlxalq enerji sektorunda  şirkətin mövqeyini gücləndirir. “SOCAR Polimer”, “SOCAR Karbamid” layihələri,  Türkiyədə “STAR” Neft Emalı Zavodunun inşası və s. kimi layihələr  SOCAR-ın  ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfələrini artırmaq istəyindən irəli gəlir. Bu inam da ifadə olunur ki,  SOCAR ilbəil əldə etdyi təcrübəyə söykənərək, qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi üçün səylərini daha da artıracaq.

24 illik yol  növbəti illərin hədəfləri barədə aydın təsəvvür yaradır. Azərbaycan neft strategiyasının uğurlarını yaşayaraq iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

Yeganə Əliyeva, «İki sahil»