05 sentyabr 2018 14:37
1697

Gücümüz birliyimizdədir

Dövlətimizin başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını, əlaqələrin gündən-günə möhkəmlənməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırdı

Dövlətimizin başçısı İlham Əliyevin “Gücümüz birliyimizdədir” çağırışı bütün türk dünyasını bir araya gətirməklə yanaşı, eyni zamanda, dünyaya bir mesajdır. Bu fikir də ölkə Prezidentinin çıxışlarında xüsusi yer alır ki, bu birliyimizi möhkəmləndirəcək əsas amillərdən biri bir dövlətin digərinin problemlərini öz problemi kimi qəbul edib, onun həlli istiqamətində ciddi səylər göstərməsidir.

Cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində “Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır” söyləyərək, hazırkı dünyada yeni risklərin, təhdidlərin yarandığını, yeni münaqişələrin, müharibə ocaqlarının alovlandığını önə çəkərək, uzun illərdən bəri Ermənistanın işğalından əziyyət çəkdiyimizi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırması da yuxarıda qeyd etdiyimiz çağırışından qaynaqlanır.

Son illərdə türk dünyasının birliyi naminə keçirilən bir-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlərə - türk dövlətləri başçılarının zirvə toplantılarına, diaspor təşkilatları rəhbərlərinin forumlarına diqqət yetirsək, dünya Azərbaycan və Türkiyənin birliyini ümumilikdə bütün türk dünyasının güclənməsinə yönəldilmiş böyük dəstək kimi dəyərləndirir, beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış etmək bu həmrəyliyin bariz nümunəsi kimi qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir: “ Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik.

Qeyd edək ki, cari ilin mayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, iyun ayında isə onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı olan Türkiyə-Azərbaycan birliyinin fonunda reallığa çevrilən, eyni zamanda, həm region, həm də dünya dövlətlərinin iqtisadi inkişafına geniş yol açan layihələrin davamlılığından xəbər verir.” Cənab İlham Əliyev Sammitdə ötən ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ölkələr, xalqlar arasında dostluq, qardaşlıq körpüsü roluna da diqqəti yönəltmişdir: “Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir.”

Hər bir tədbir əhatə etdiyi mövzu, həmçinin qarşıya qoyulan məqsəd və mərama çatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkdilli dövlətlərin bu günə qədər keçirilən Zirvə toplantıları da günün tələbinə uyğun olaraq gündəmə gətirilən məsələlərin müzakirəsi və ümumi rəyin ortaya qoyulması baxımından yaddaqalan olub. 2009-cu ildə Naxçıvanda keçirilən tədbiri yaddaqalan edən Türkdilli dövlətlərin dövlət başçılarının zirvəsinin institutlaşaraq Türk Şurası adını alması olmuşdur. Belə ki, Naxçıvan Sammiti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərarın qəbulu ilə yekunlaşmışdır.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci Zirvə görüşü 2011-ci ildə Almatıda “İqtisadi əməkdaşlıq”, ikinci Zirvə görüşü  2012-ci ildə Bişkekdə “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, üçüncü Zirvə görüşü 2013-cü ildə Qəbələ şəhərində “Nəqliyyat və bağlantı”, dördüncü Zirvə görüşü 2014-cü ildə Bodrum şəhərində “Turizm sahəsində əməkdaşlıq”, beşinci Zirvə görüşü 2015-ci ildə Astanada “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusunda  keçirilmişdir. Növbəti VI Zirvə görüşünün mövzusu isə milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Göründüyü kimi, hər bir Zirvə görüşündə dövrün çağırışlarına uyğun mövzuların seçilməsi bir tələb kimi ortaya qoyulub. Eyni zamanda etiraf edək ki, türkdilli dövlətlər arasında birlik, həmrəylik zaman keçdikdə möhkəmlənmiş və diqqətçəkən olmuşdur. Hər bir çağırış mövqelərdə yaxınlaşmada stimulverici amil rolunu oynayır. Rəsmi Bakı türkdilli ölkələr arasında birliyə, həmrəyliyə müəyyən addımları ilə xələl gətirən ölkələrin mövqeyinə sərt münasibətini dəfələrlə bəyan edib. Ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Qırğızıstan hökumətinin qəbul olunan bəyanatın siyasi müddəalarına qoşulmaması Azərbaycan dövlətinin etirazına səbəb olmuşdur. ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafa və əməkdaşlığa mane olur. Bundan əlavə, həmin bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunmuşdur. O da bildirilmişdir ki, ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvi bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Qırğızıstanın bu prinsiplərə önəm verməməsi müxtəlif versiyaların yaranmasına, ən əsası rəsmi Bakının haqlı narazılığına səbəb olmuşdur.

Qırğızıstanın Ermənistana dəstək kimi dəyərləndirilən bu addımını qiymətləndirərkən bu xatırlatma da edildi ki, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərkən “soyqırım” abidəsinə gül-çiçək qoymuşdu. Sözsüz ki, bu kimi addımlar türk dünyasının birliyinə, həmrəyliyinə böyük maneələr yaradır, ölkələr arasında soyuq küləklərin əsməsinə rəvac verir. Amma illər keçdikcə dövlətlər arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafı bu maneələrin aradan qalxmasına, ümumi mövqenin ortaya qoyulmasına geniş yol açdı.

VI Zirvə görüşünü başa çatdıran Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məqsəd və vəzifələrində də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi; regionda və dünyada sülhün bərqərar edilməsi; xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi; beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi; ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması; hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi; elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi; kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər əsas yer tutur. Hər bir Zirvə görüşü üçün seçilən mövzular bir daha ölkələrin həmin sahələrdə malik olduqları imkanların təqdimatında, təcrübə mübadiləsində əhəmiyyətli rol oynayır.

Mövzuya uyğun olaraq Azərbaycanın idman sahəsində qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilib. Onların arasında xüsusilə I Avropa Oyunları qeyd edilir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi. Bu Oyunlarda Avropanın bütün ölkələrini təmsil edən 5 mindən çox idmançı iştirak etmişdir. Ondan iki il sonra, yəni ötən il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. 

VI Zirvə görüşünün iştirakçılarının çıxışlarında, eyni zamanda, qəbul olunan Bəyannamədə bu inam ifadə olunmuşdur ki, türkdilli dövlətlər arasında dostluq, qardaşlıq daha da möhkəmlənəcək, əməkdaşlıq əlaqələri genişlənəcək. Əməkdaşlıq Şurasının növbəti Sammitinin gələn il Bakıda keçirilməsi barədə qəbul olunan qərar bir daha ölkəmizin bu birliyə töhfələrinin miqyasının nə qədər geniş olmasına aydınlıq gətirir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirmişdir ki, Zirvə görüşünün çox böyük mənası var, gözəl nəticələri olacaq. Qazaxıstan Prezideni Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Sammitdə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor Orban əlaqələrin inkişafının zəruriliyindən geniş bəhs etmişlər. “Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik” söyləyən R.T.Ərdoğan bildirmişdir ki, bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə hazırıq. 

Yeganə Əliyeva, “İki sahil”