Həmin tarixdə Naxçıvan MR Ali Məclisinə sədr seçilən ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədiyyət salnaməsini yazdı
Ulu Öndər kamillik zirvəsində yaşam haqqı qazanan dahilərdəndir
Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.» Roma imperatoru və filosofu M.A.Avreli demişdir ki, insanlar biri-biri üçün yaranır. Xoşbəxt o insandır ki, varlığı ilə milyonların qəlbində yer tapır, sevilir, daim xatırlanır, əməlləri ilə yaşayır. Ümummilli lider Heydər Əliyev kimi. Heydər Əliyev ona görə dahidir ki, zaman və təsadüfdən anında, düşünülmüş şəkildə bəhrələnməklə ən böyük möcüzə olan inama inanıb, ağlına, zəkasına güvənib, başqalarını da həqiqətə inandırmağı bacarıb.
Fəaliyyətini liderlik fəlsəfəsinə uyğun istiqamətləndirməyi bacaran, qeyri -adi istedadı, zəkası ilə tarixdə, cəmiyyətdə izi qalan tanınmışlar uzagörən siyasətləri ilə tarix yazır, yaşadır və yaşayırlar. Liderlərə məxsus keyfiyyətləri şəxsiyyətində birləşdirən müdrik siyasətçi Heydər Əliyevin adı dahilər sırasında birinci çəkilməsi bu baxımdan təbiidir. Əsrlər boyu istiqlalına can atan Azərbaycan xalqını arxasınca aparmağı bacaran liderlər olub. Onların arasında tarixi şəxsiyyətlər kimi salnaməmizdə özünəməxsus yeri olanlar tək-təkdir. Xilaskarlıq missiyasını onu sevən milyonların istək və arzularını reallaşdırmaqla davam etdirən, xalqın qəlbində əbədiyaşarılıq qazanan Ulu Öndər əsrdə bir dəfə yetişən müdriklərdən olduğunu Vətəninə, torpağına, yurduna bağlılığı ilə subut etmiş, gələcək nəsillərə də örnək olmuşdur.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti , dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyev siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı olmuşdur.
Ulu Öndərin dövlətçilik təcrübəsinin və müdrikliyinin nəticəsidir ki, geostrateji, iqtisadi və mədəni potensialından düşünülümüş şəkildə istifadə olunan ölkəmiz Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır və dünyanın ən dinamik inkişaf edən diyarlarından birinə çevrilir, qüdrətli respublikalar arasında daxili və xarici siyasəti, nüfuzu ilə seçilir.
Azərbaycanı dünyaya tanıdan dahinin Vətən sevgisi
Təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda az adam tapılar ki, müstəqillik yolumuzun başlanğıcı adlandırılan həmin günü həyəcanla xatırlamasın. Mürəkkəb, gərgin hadisələrlə dolu o günlər bütün Azərbaycan xalqı üçün ən çətin, məsuliyyətli zamanın sınaq imtahanı idi. «Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi» söyləyən Prezident İlham Əliyev müstəqilliyə aparan o günü ulu öndər Heydər Əliyevin xalqı qarşısında ən böyük, əvəzedilməz xidmətləri kim dəyərləndirir, milyonların taleyində dönüş nöqtəsi adlandırır.
…Ötən əsrin sonlarında dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olmasa da o dövrün çətinliklərini, Azərbaycanı gözləyən taleyüklü problemlərin ağırlığını uzaqgörən siyasəti ilə dərk edir, Vətənini sevən, elinə-obasına bağlı övlad kimi baş verənləri narahatlıqla izləyirdi. Danılmaz faktdır ki, 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə, itirilimiş imkanlarla üz-üzə dayanmışdı.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində azərbaycanlılar Dağlıq Qarabağdan, ətraf rayonlardan çıxarılır, işğal olunan torpaqların ərazisi genişlənirdi. Kreslo davası aparan qüvvələrin səbatsızlığı səbəbindən itirilən torpaqlardan qovulan azərbaycanlılar ən çətin və dözülməz şəraitdə yaşamağa məcbur idilər. Dövlətçiliyin əsaslarının formalaşmasından belə danışmaq mümkün deyildi. Yaranan vəziyyətdən istifadə edən ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmırdı. Hərtərəfli təmin olunan və xarici qüvvələr tərəfindən dəstəklənən, hərbi sursatla təmin olunan ermənilərin Ulu Öndərin Qarabağın üzük qaşı adlandırdığı Şuşanı və Laçını işğal etməsindən sonra sabaha ümidini itirən xalq AXC-Müsavat hakimiyyətinin səbatsızlığının ağrı-acısını da yaşayırdı. Belə ağır, çətin zamanda xalqı ilə birlikdə olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin varlığından belə narahat olan qüvvələr hamının el ağsaqqalı, müdrik şəxsiyyət kimi sevdiyi ümummilli lider Heydər Əliyevə qarşı da xəyanətlər törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində olan şər qüvvələrdən qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq idi.
Naxçıvanlılar doğma övladını məhəbbət və hörmətlə qarşıladı
22 iyul 1990-cı ildə doğulub boya başa çatdığı Naxçıvana qayıdan Ulu Öndəri xilaskar kimi qarşılayan həmyerliləri həmin günü bütün Azərbaycan xalqının nicat tarixi adlandırırlar. Bu tarixi ölkəmizin müstəqilliyinin əbədiliyinə aparan yolun başlanğıcı adlandıranların sözlərində həqiqət var. Ulu Öndərin həyat salnaməsində yer alan hər dövr mahiyyət və əhəmiyyət etibarı ilə diqqət çəkir. Uzaqgörən siyasi xadim, zəngin dövlətçiik təcrübəsi ilə seçilən, cəsarətli insan, öz xalqına bağlı vətənpərvər kimi taleyini xalqından ayrı təsəvvür etmədi, Vətəninin intibahı üçün çalışdı.
Azərbaycanın Ulu Öndərlə bağlı, qərinədən də artıq bir dövrü əhatə edən illərinə nəzər saldıqda bir reallığa inanırsan: ONU Azərbaycanın memarı adlandıran xalq bütün dövrlərdə ümummilli lider Heydər Əliyevə sevgisini, inam və hörmətini ifadə etməkdə qətiyyət göstərmişdir.
Naxçıvana gəlişi ilə bu qədim diyarın insanlarına ümid, həyat verən, sabaha inamı artıran Ulu Öndər muxtar respublikda Azərbaycan naminə çox böyük və əhəmiyyətli tarixi hadisələrin əbədilik müəlliflik hüququna imza atdı. Bir el ağsaqqalı kimi ziyarətinə gələn həmyerlilərinin söhbətlərini dinləyən, problemlərlə maraqlanan Ulu Öndər bir həqiqəti ilk günlərdən dərk etdi: Vəziyyət təsəvvür olunandan da artıq çətin, ağır, dözülməz idi. Ermənistan tərəfindən blokaya alınan muxtar respublikanın əhalisi Bakıda kreslo hərisi olan, muxtar respublikanı Azərbaycanın kor bağırsağı adlandıran rəhbərlər tərəfindən də diqqətdən kənarda qalmışdı. Əhalisi enerji, ərzaq, gündəlik tələbat malların tapmaqda belə çətinlik çəkirdi.
Həmişə dar məqamlarda birlik göstərən xalq həmrəyliyi ilə növbəti dəfə də taleyin sınağından çıxmağı bacardı. Belə çətin günlərdə Naxçıvanda məskunlaşmaqla insanlarla həmrəy olan Ulu Öndərin deputatlığa namizədliyini irəli sürənlər bu müdrik insanın rəhbərliyinə də ehtiyac duyulduğunu hiss etdilər. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. Ali Məclisə sədrliyinə namizədliyi irəli sürülən Heydər Əliyevin qərarı bütün Azərbaycanın taleyinin dönüş nöqtəsi olmalı idi. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini « Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.» «Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı» söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi.
Bu gün ölkəmizə uğur qazandıran islahatların müəllifi daim yenilik həvəsi ilə çalışan Ulu Öndər oldu
Ulu Öndərin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli bir dövrü əhatə edir. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır.
… 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasına ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. Ali Məclisə sədrliyi dövründə daha əhəmiyyətli islahatların həllinə nail olan Ulu Öndər Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərinin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan siyasətçi «İttifaq müqaviləsini» Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. «Yenidənqurma» oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş etdi.» Yalan , saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etirazını KP sıralarından istefa verməklə bildirən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də uzun illər «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah-sursatın, əmlakın, mülkü texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf edildi. Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin sədri kimi Azərbaycan üçün xidmətlərindən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Azərbaycanın ictimai- siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin şəxsi nüfuzunun nəticəsi kimi ilk gündən YAP ətrafına yüz minlərlə insan toplandı.
1992-ci ildə hakimiyyətdə olan və səriştəsiz rəhbərlikləri üzündən Azərbaycanı uçuruma aparan, Naxçıvanda dövlət çevrilişinə cəhd edən AXC-Müsavat iqtidarındakı bəylərin «unitar dövlətdə muxtariyyat ola bilməz» kimi səhv ideyalarına Ulu Öndər «Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram» sözləri və xalqla həmrəyliyi ilə tutarlı cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi. Məhz onun rəhbərliyi ilə sonradan Azərbaycanın bütün rayonlarında tətbiq olunan rentabelli işləməyən kolxoz və sovxozların, torpaqların özəlləşdirilməsi kimi aqrar islahatların təməli qoyuldu.
…1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi: «Dövlət müstəqilliyini möhkəmləndirmək, süveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü, təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.»
1994-1995-ci illərdə xarici qüvvələrin təhriki ilə törədilən dövlət çevrilişinə cəhdlərin qarşısını müdrik siyasəti və xalqla həmrəyliyi ilə alan Heydər Əliyev bir daha müstəqilliyimizi qorudu.
Respublikaya rəhbərliyi dövründə əməkdaşlıq və dostluq kəməri adlandırılan, ölkələri birləşdirən «Əsrin müqaviləsi»ni reallaşdırmaqla Azərbaycanı enerji diyarı kimi dünyada tanıdan Heydər Əliyevin hazırladığı neft strategiyasının uğurlu həlli ilə ölkəmizin iqtisadi inkişafının təməli qoyuldu. Dünyanın enerji xəritəsində Azərbaycanın önəmli yer tutması, BTC və BTƏ-nin davamı olan «Cənub Qaz Dəhlizi»nin, TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TAP- da tikinti işlərinin uğurla davam etdirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, xalqına xilmət nümunəsi idi.
…Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ulu öndər Heydər Əliyev hadisələrin gedişini irəlicədən müəyyən edir, olduqca böyük əhəmiyyət daşıyan qərarların qəbulu zamanı əsl vətənpərvər mövqeyini bildirirdi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideyası Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyli üçün möhkəm zəmin yaratmışdır.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bu günkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.
Bu ideyalar Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi, gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.
Prezident kimi fəaliyyətə başladığı gündən «Heydər Əliyev siyasi kursu davam etdirilməlidir» söyləyən cənab İlham Əliyev dünyada sabitlik diyarı kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin artması üçün Ulu Öndərin müəyyənləşdirdiyi dəst- xətti, islahatları davam etdirir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi adlandırılması da ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təzahürüdür. Son illərdə bölgələrdə aparılan yenidənqurma işləri və islahatlar da təsdiqləyir ki, bu siyasətə əsaslanan milli iqtisadi inkişaf modeli alternativisizdir. Azərbaycanın inkişafı çox möhkəm dayaqlar üzərində qurulub, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlə davam etdirilir. Haqlı olaraq deyilir ki, Heydər Əliyev daim yaşayan müasirimiz , müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır.
Xuraman İsmayılqızı, «İki sahil»
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib