Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək
Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ikitərəfli əlaqələrin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qonşu dövlətlərlə əməkdaşlığın daha da inkişafına və möhkəmləndirilməsinə verilən önəm istər regional əməkdaşlığa verilən töhfələrdən, istərsə də qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlərin bütün sahələri əhatə etməsindən daha aydın görünür. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri də bu baxımdan diqqətçəkəndir. «Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir » söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, keçirilən bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Münasibətlərimizin səviyyəsindən məmnunluğunu ifadə edən ölkə Prezidenti İlham Əliyev vurğulamışdır ki, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, münasibətlərimiz çoxşaxəlidir, həyatımızın bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2016-ci ildə Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində «Siz Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirirsiniz» sualına cavabında keçilən yolun, birgə həyata keçirilən layihələrin təhlili fonunda bu əminliyi ifadə etmişdir: «Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.»
Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə də strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Cənab İlham Əliyev bəyanatında bildirmişdir ki, müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur: «Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək.»
BMT Təhləkəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın mövqeyi təbii ki, ölkəmiz üçün önəmlidir. Yuxarıda qeyd etdiyimiz müsahibədə Rusiya Prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı suala cavabını da yada salmaq istərdik. V.Putin «Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı» sualına cavabında bildirmişdir: «Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.» Həmin müsahibədə bu fikir də yer almışdır ki, öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Dövlətimizin başçısı İlham Əliyevin Rusiyaya rəsmi səfərində də V.Putin bu bəyanatla çıxış etmişdir ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Ölkə Prezidentinin hər çıxışında, xarici səfərləri çərçivəsində keçirdiyi görüşlərdə Dağlıq Qarabağ probleminin əsas müzakirə mövzusu olması bir daha bu tələbi ortaya qoyur ki, beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunsun, məsələnin həllində ədalətli yanaşma nümayiş etdirilsin. Həmsədr dövlətlərin bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın mövqeyi dəstəklənsə də, konkret addımın atılmaması məsələnin həlli prosesinin uzanmasına səbəb olur. Azərbaycan dövləti münaqişənin sülh danışıqları əsasında çözülməsinin tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. Bu bəyanat da ən yüksək tribunalardan bəyan edilir ki, işğal altında torpaqlarımızı sülh danışıqları əsasında çözmək mümkün olmadığı təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir.
O da məlumdur ki, Rusiyanın təşəbbüsü ilə dəfələrlə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü olub. Rusiya tərəfi məsələnin tezliklə həllinin vacibliyini bəyan edir.
Hər zaman qeyd olunduğu kimi, artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanıdır. Təbii ki, işğalçı dövlətə təzyiq göstərilməsə, ondan öz istəyi ilə məsələnin həlli istiqamətində müsbət addım gözləmək sadəlövlük olar. Yəni işğalçının adı ilə çağırılması artıq günümüzün əsas çağırışına çevrilib. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiya münaqişəsinin çözülməsinə xidmət edən təşəbbüslərini konkret əməli ilə təsdiqləsə, sözsüz ki, işğalçı Ermənistan təxribatlarından əl çəkər, konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətində qalar. Regionun iqtisadi inkişafı üçün böyük maneə kimi dəyərləndirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli birgə səylərin göstərilməsini, ən əsası ikili yanaşmaları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməyi bir tələb kimi ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Rusiya ilə münasibətlərimizin yüksələn xətt üzrə inkişafı sözsüz ki, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz olmayacaq.
Bu təhlillər əsasında deyə bilərik ki, qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, hər bir ölkənin potensial imkanlarının təqdimatına da öz müsbət təsirini göstərir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Rusiya və Azərbaycan dövlət başçıları Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırmışlar.
Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. İmzalanan sənədlərdən da əlaqələrin çoxşaxəliliyi aydın görünür. Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat»ın, eyni zamanda «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı»nın, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planının (5 «yol xəritəsi») təsdiqlənməsi qarşıdakı illərdə iki ölkə arasında əlaqələrin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır.
Son üç ayda Rusiya Prezidenti ilə 3 dəfə görüşdüyünü xatırladan cənab İlham Əliyev bildirmişdir ki, müntəzəm əlaqələrimiz çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir.
Ötən ay Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasında da sahilyanı ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi rol oynadı. Uzun illərdən bəri davam edən danışıqlar prosesi sonda bütün tərəfləri razı salan, ən əsası beynəlxalq hüquq normalarına əsaslanan sənədin imzalanması ilə yekunlaşdı. Azərbaycan, Rusiya və İran arasında yaranan və regional əməkdaşlığın inkişafına xidmət edən üçtərəfli əməkdaşlıq formatının da bu kimi məsələlərin həllinə təsiri inkaredilməzdir. 2016-cı ildə keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisə kimi dəyərləndirildi. Bu mühüm hadisə bir daha Azərbaycanın təşəbbüskar ölkə olduğunu dünyaya bəyan etdi. Azərbaycanın təşəbbüskarı olduğu belə bir formatın yaranması bir daha təsdiqlədi ki, birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar. Həmin Zirvə görüşündə bu bu inam ifadə olunmuşdur ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq Xəzər dənizinin hüququ statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hər birinin mənafelərinə uyğundur. Zirvə görüşündən 2 il sonra bu Konvensiyanın imzalanması ümumi razılıq üçün imkanların mövcudluğunu bir daha təsdiqlədi.
Atılan hər bir addım, imzalanan sənədlər özlüyündə münasibətlərin inkişafına əlavə imkanlar yaradır. Azərbaycan Prezidentinin Rusiya səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. «Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bu sahədə çox yaxşı potensial və perspektivlər var.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi xoş münasibətlər əlaqələrin yeni mərhələlər üzrə inkişafını şərtləndirir.
Yeganə Əliyeva, «İki sahil»
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib