Dövlətimizin başçısının bölgələrə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır
“Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, “qara qızıl”, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq.”
Dövlətimizin başçısı İlham Əliyev bu məqamı da açıqlayır ki, Davos Forumunun hesablamalarına əsasən, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”
Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”
Son 15 ildə sosial məsələlərin prioritetliyini statistik rəqəmlərlə açıqlayaq. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3000-dən çox məktəb, 600 mindən artıq xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. O da bildirilir ki, növbəti illərdə daha ciddi islahatların aparılacağını nəzərə alsaq, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Qeyd etdiyimiz kimi, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. İşsizlik 5 faiz səviyyəsindədir. Son 15 ildə bir milyon 900 minə yaxın yeni iş yeri yaradılıb.
Son 15 ilin uğurlarından bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. İdarəetmədə təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına xidmət edən mühüm addımlar sırasındandır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini, bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətini açıqlayaraq, qısa dövrdə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi ilə diqqət çəkir.
“Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev eyni zamanda bildirir: “Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz əldə edilmiş uğurlarla fəxr edə bilərik.” Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur.
Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də uğurlu, təkmil sosial-iqtisadi islahatlar dayanır. Təkrarən də olsa, beynəlxalq səviyyəli tədbirlərdə səsləndirilən bu fikri bir daha qeyd etmək istərdik ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemində təkmilləşmə, iqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizdə təbəqələşmə prosesinin baş verməməsini şərtləndirib. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır ki, bu da öz növbəsində bu günümüzün əsas çağırışlarından olan yeni hədəflərə doğru inamla irəliləməyə əsas verir. Azərbaycanı qarşıdakı illərdə yüksək gəlirli ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq əsas hədəflərdəndir.
Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər: “Budur bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür.
Cənab İlham Əliyev bu günlərdə Şamaxı və İsmayıllı rayonlarına səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə də sosial məsələlərin həllinin vacibliyini xüsusi qeyd etmişdir. Ölkə Prezidenti bildirir ki, regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Ötən il, eyni zamanda, cari ilin ötən dövründə bölgələrə səfərlərin, həmçinin səfərlər çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən yeni müəssisələrin say tərkibinə diqqət yetirsək, yüksək rifahın dövlət siyasətinin əsası olduğu özünü qabarıq şəkildə büruzə verir. Ölkə Prezidenti bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da aşağı düşəcək və 15 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır.”
Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsədlərə xidmət edir. Strateji yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən addımlar xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində “Əhalinin sosial müdafiəsi prioritetdir” çağırışının təsdiqidir. Bu vacib məqam da qeyd olunmuşdur ki, iqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının hesabatlarında Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir. Sosial mənzillərin inşası, özünüməşğulluğun təminatına yönələn “ABAD” mərkəzlərin yaradılması, həmçinin ölkə Prezidentinin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımların əsas tərkib hissələrindəndir. Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılması da təqdir olunan addımlar sırasındandır.
Ölkənin hərtərəfli inkişafına xidmət edən yeni qanunların qəbulu, eyni zamanda, mövcud qanunlarda təkmilləşmə də qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas verir. “Məşğulluq haqqında” qanun da əhalinin məşğulluğunun təminatında, sosial müdafiənin gücləndirilməsində mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən təsdiqlənən yeni qanunda əksini tapan maddələrdə həllivacib məsələlər qeyd olunub. Atılan hər addım sözsüz ki, hədəflərə çatmaqda bir töhfədir. Məşğulluq probleminin həlli bu günümüzün əsas çağırışlarındandır. Özünüməşğulluğun təminatı istiqamətində atılan addımlar göz önündədir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını yerinə yetirən “ABAD” mərkəzlərinin coğrafiyasının genişləndirilməsində də məqsəd budur. Ailələr həm məhsullarını bazara çıxarmaq üçün əlverişli imkan əldə edir, eyni zamanda, bununla öz sosial vəziyyətlərini yaxşılaşdırırlar.
Qısa təhlil ölkə Prezidenti İlham Əliyevin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin davamı olaraq söylədiyi “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” tezisinin reallıqlara əsaslandığını təsdiqləyir.
Yeganə Əliyeva, “İki sahil”
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib