İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab İlham Əliyevin böyük inamla söylədiyi kimi, sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib.
Beynəlxalq Humanitar forumlara, Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqəti yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Ölkəmizin bu üstünlüyü də hər zaman önə çəkilir ki, Azərbaycan təbii ehtiyatlarla zəngin olan ölkədir və bu ehtiyatlardan səmərəli şəkildə istifadə etməklə iqtisadi və siyasi imkanlarını artırır.
Bu günlərdə Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin demokratik inkişafına xüsusi diqqət yönəldilmişdir. “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” söyləyən Almaniya Kansleri münasibətlərin inkişafında demokratik inkişafın düzgün dəyərləndirilməsinin böyük rolu olduğunu da qeyd etmişdir.
Almaniyalı jurnalistin Azərbaycanla bağlı aldığı sifarişi biabırcasına icra etməsi də bir çox məqamlara aydınlıq gətirdi. Jurnalistin verdiyi sualın sifariş olduğunu ört-basdır etmək cəhdi hansı ölkədə olmasını “unutması ilə” ilə sonuclandı. Bu gediş, eyni zamanda, dünya dövlətləri üçün bir xəstəliyə çevrilən beynəlxalq hüquq normalarının, ədalətin zamana və məkana görə dəyişməsi faktına da aydınlıq gətirdi. Avropa İttifaqının lokomotiv ölkəsi sayılan Almaniyanın tanınmış mətbu orqanının təmsilçisinin reallıqlara sifarişlərə uyğun şəkildə yanaşması, ən əsası hansı ölkədə olduğunun fərqində olmaması ədalət meyarının maraqların arxasında necə əridiyini bir daha ortaya qoyur. Düşünürük ki, bu addıma da “anlaşılmazlıq” adı ilə bəraət qazandırılmayacaq, həqiqətlərin bu şəkildə təhrifinə göz yumulmayacaq.
Dövlətimizin başçısı İlham Əliyev suala cavabında Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddalarla çıxış etdiyini bir daha diqqətə çatdırdı. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”
Səfər çərçivəsində keçirilən görüşlərdə, biznes forumda əsas diqqət göstərilən məqam bu olmuşdur ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail ola bilməzdik. Yoxsulluq səviyyəsi bu gün 5 faiz səviyyəsindədir. Bu onun nəticəsidir ki, maddi resurslar insan kapitalına çevirilir. Cənab İlham Əliyev uğurların təməlində dayanan əsas amillərdən bəhs edərkən ölkəmizdə mövcud olan sabitliyi xüsusi qeyd etmişdir. İnvestorlar və şirkətlər tam əmindirlər ki, inkişaf təhlükəsizlik və sabitlik olan yerdə mümkündür. Qanunun aliliyi, insan hüquqlarının qorunması da sabitlik yaradan amillərdir.
“Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib” söyləyən ölkə Prezidenti İlham Əliyev bu reallığı da diqqətə çatdırmışdır ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.
Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir. Müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Dövlətimizin başçısı İlham Əliyev və Almaniya Kansleri Angela Merkel ikitərəfli görüşdə, həmçinin mətbuat konfransında bu kimi məqamlara xüsusi diqqət yönəltmişlər.
Məhz demokratik inkişaf ölkəmizdə iqtisadi tərəqqiyə geniş yol açır. İqtisadi və siyasi islahatların paralelliyi fonunda Azərbaycanın davamlı inkişafı təmin edilir, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi artır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayədir.
Almaniya Kansleri Angela Merkel ümidvar olduğunu bildirmişdir ki, alman şirkətləri Azərbaycanda fəaliyyətlərini uğurla davam etdirəcək, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsinə öz ciddi töhfələrini verə bilərlər.
Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə Almaniyaya səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın iqtisadi ugurları ilə yanaşı, demokratik islahatlar sahəsində əldə etdiyi nailiyyətlər təqdir olunub. Hər bir səfər çərçivəsində keçirilən mətuat konfranslarında jurnalistlərin sifarişdən qaynaqlanan qərəzli suallarına rast gəlinib. Səfərlərdən biri zamanı dövlətimizin başçısı İlham Əliyevin ünvanlanan “İnsan hüquqları məsələsi ilə əlaqədar xanım Kansler Sizinlə söhbət etmişdir. Bilmək istərdim, Sizin bu məsələ ilə əlaqədar fikriniz necədir? Yəni, Siz hakimiyyəti tənqid edən mətbuat üzvləri ilə əməkdaşlığa hazırsınızmı, açıqsınızmı” sualına cavabını xatırlatmaq istərdik: “Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki, insan hüquqlarının qorunmasında heç bir ölkə özünü kamil hesab edə bilməz. Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədər ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz... Azərbaycanda müasir dövlət qurulur.”
Reallıq budur ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb və Avropa dövlətindən geri qalmır. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Onların fəaliyyəti üçün mövcud qanunvericilik bazasının ildən-ilə təkmilləşdirilməsi dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir. Bu kimi faktlar eyni zamanda göstərir ki, siyasətində insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı tərəflərin maraqlarına uyğun şəkildə davam etdirilir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızın təhlili fonunda bir daha bildirir ki, əsas məqsədimiz Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.
Müasir dövrümüzün əsas çağırışı məhz reallıqlara ədalət meyarından yanaşıb düzgün dəyərləndirmə aparmaqdır. Bu amil arxa plana keçdikcə dünya dövlətlərinə, təşkilatlara inam azalır. Beynəlxalq hüquq probleminin yaşandığı dünyada sözsüz ki, ədalətdən danışmaq mümkünsüzdür. Azərbaycan istər yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə, istərsə də demokratik islahatların dəyərləndirilməsinə yanaşmada daim qərəzin, ikili standartların şahidi olur. Lakin bu yanaşmalar dövlətimizin uğurlu siyasətinə təsir etmək imkanında deyil. Hüquqi, demokratik, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə təkmil islahatları ilə davamlı inkişafı stimullaşdırır. Azərbaycanın uğurlarını həzm etməyən dairələr istər açıq, istərsə də almaniyalı jurnalist kimi “vasitəçilərin” vasitəsilə gizli şəkildə öz çirkin niyyətlərini nümayiş etdirirlər. Bu kimi cəhdlər daim Azərbaycanın reallıqları fonunda boşa çıxıb.
Yeganə Əliyeva, “İki sahil”
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib