27 avqust 2018 23:12
1746

Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Cənubi Qafqaz regionuna səfəri çərçivəsində  Azərbaycanda  olan  Almaniyanın Federal Kansleri Angela Merkel bir daha bu reallığı diqqətə çatdırmışdır ki,  ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki,  bu regionda  Azərbaycanın simasında  ən böyük və vacib ticarət tərəfdaşımız var

«Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində  Azərbaycan demək olar ki,  bütün ölkələrlə, bütün güc mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında  qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki,  bu mühiti biz yaratmışıq. Əminəm ki,  bundan sonra da  bu istiqamətdə  ardıcıl  siyasət aparacağıq.» Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında xarici siyasətimizin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı və quruma üzv olan  ölkələrlə  əməkdaşlığa xüsusi diqqət yönəldərək bildirir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə  Azərbaycanın strateji  tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki,  Azərbaycan Avropa üçün strateji əhəmiyyət  daşıyan ölkədir.

Cari ilin ötən dövründə ölkə Prezidenti İlham Əliyevin bu və ya digər Avropa ölkələrinə, eyni zamanda,  Avropa ölkələri rəsmilərinin Azərbaycana səfərlərinin say tərkibinə, görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirsək, bu önəmi daha aydın şəkildə görə bilərik. Cənab İlham Əliyevin Belçika və Fransa səfərləri, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın və Almaniyanın Federal Kansleri Angela Merkelin  Azərbaycana səfərləri bir çox məqamlarla yaddaqalan oldu.  Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu nəzərə alsaq, bu səfərlərin hər birində ölkəmizin enerji sektorunda qazandığı uğurlar, gündəmə gətirilən layihələrin coğrafiyasının genişləndirilməsi  kimi məsələlər, eyni zamanda,  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından olmuşdur.

Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaz regionu ölkələrinə səfərinə Gürcüstandan başlayıb  Azərbaycanla sona çatdırması da bu gün ölkə və dünya mətbuatında ölkəmizin istər regionda, istərsə də dünyada əsl söz sahibi kimi nüfuzunu təsdiqləyir.  Bu kimi məqamlar bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Qərb mediasında  Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi «Cənub Qaz Dəhlizi»nin genişləndirilməsi olduğu bildirilir. Qeyd edilir ki, Almaniya «Cənub Qaz Dəhlizi»nə regiondakı digər ölkələri də cəlb etməyi arzulayır.

Səfərin məqsədini və əhəmiyyətini müxtəlif istiqamətlərdən şərh edən ekspertlər bu məqamı xüsusi qeyd edirlər ki, səfərin Azərbaycanla sona çatdırılması bir daha təsdiqlədi ki, regionun digər ölkələrində əldə olunan razılaşmaların icrasında Azərbaycanın razılığı,  rolu önəmlidir. 

Dövlətimizin başçısı İlham Əliyev mətbuat konfransında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü səviyyəsindən geniş bəhs edərək bildirmişdir ki, bu il  qurumla ölkəmiz arasında  tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində  çox konstruktiv şəkildə  iş aparılır.  Danışıqların yaxın zamanlarda uğurla başa çatacağına əminliyini ifadə edən cənab İlham Əliyev qeyd etmişdir ki, bundan sonra  Avropa İttifaqı ilə Azərbaycan  arasında  əməkdaşlıq üçün yeni dövr başlanacaq.

Səfər çərçivəsində bu və ya digər məsələlər ətrafında aparılan səmimi müzakirələrin qurumla Azərbaycan arasında səmimi, dostluq münasibətlərinə bir daha aydınlıq gətirdiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev səfərin əlaqələrin möhkəmləndirilməsində  böyük rol oynayacağını qeyd etmişdir. Qeyd edək ki, bu günə qədər  ölkə Prezidenti İlham Əliyev Almaniya kansleri ilə  dəfələrlə  görüşmüş, iki ölkənin rəhbərliyi arasında səmimi dialoq, etimad mühiti  yaranmışdır. Azərbaycan və Almaniya rəhbərləri arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir.

Federal Kansler kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirən  Angela Merkel ölkəmizin inkişafından məmnunluğunu ifadə etmişdir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu təqdir edən  Almaniyanın Federal Kansleri ölkəmizin iqtisadiyyatın şaxələndirilməsində maraqlı olduğunu, Almaniyanın bu sahədə öz ciddi töhfələrini verə biləcəyini diqqətə çatdırmışdır. Qeyd edək ki,  qarşılıqlı səfərlər çərçivəsində keçirilən biznes forumları hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu nöqteyi-nəzərdən Almaniya-Azərbaycan biznes forumu da  diqqətçəkəndir. Bu əminlik ifadə olunmuşdur ki, biznes forum Almaniyadan olan şirkətlərin  fəaliyyətini daha da genişləndirəcək. Görüşlərdə bu statistika da açıqlanmışdır ki, Almaniyadan olan şirkətlər Azərbaycanda  1 milyard dollardan çox dəyəri olan layihələr icra ediblər. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafında alman şirkətləri ilə əməkdaşlıq genişləndiriləcək.

Səfərin məqsədindən bəhs edərkən daha çox səsləndirilən fikirlərdən biri qeyd etdiyimiz kimi,  «Cənub Qaz Dəhlizi» layihəsinin  genişləndirilməsidir. Çoxtərəfli əməkdaşlığa xidmət edən bu layihənin coğrafiyasının genişləndirilməsi təbii ki, həm iştirakçı, həm də digər dövlətlər üçün iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev «Cənub Qaz Dəhlizi»nin rəsmi açılış mərasimində «Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub Qaz Dəhlizi» haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur» söyləyərək bu məqamı da xüsusi olaraq vurğulamışdır ki, «Cənub Qaz Dəhlizi»nin icrasında yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi,  geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda bu əminlik də ifadə olunmuşdur ki,  üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi  növbəti mərhələdə bu layihəyə qoşulacaq: ««Cənub Qaz Dəhlizi»nin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.»

Siyasi ekspertlərin açıqlamalarında bu fikir də yer tutur ki,  Azərbaycanın Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verməsi təsadüfi deyil. 1991-ci ildə tarixi maneələri dəf edərək bütövləşmiş Almaniya bu gün dünya iqtisadiyyatında və siyasətində  mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanılması prosesinin fəal iştirakçısıdır.  Almaniyanın Federal Kansleri Angela Merkel mətbuat konfransında ölkəsi ilə yanaşı, Azərbaycanın bu gün regionda və dünyada yeri və rolundan məmnunluğunu qeyd etməklə yanaşı, bu fikri xüsusi vurğulamışdır ki, bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki,  bu  regionda  Azərbaycanın simasında  ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycan, həmçinin  Avropa İttifaqının enerji şaxələndirilməsində də  güclü bir amildir, «Cənub Qaz Dəhlizi»nin açılması Avropanın enerji təminatında  böyük rol oynayacaq.

Səfər çərçivəsində keçirilən görüşlərdə  Azərbaycanın enerji və nəqliyyat layihələrinin mərkəzi kimi  tutduğu mövqe yüksək dəyərləndirilərək, bu günün reallıqlarının qarşıdakı dövr üçün əlaqələrin inkişafına böyük stimul olduğu bildirilmişdir. Ötən ilin  oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bu inam səsləndirilmişdir ki, bu dəmir yolu  Avropa ilə  ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın  lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla  əməkdaşlığın daha da dərinləşməsinə, ölkəmizin Avroatlantik strukturlara inteqrasiyasına ciddi maraq göstərir. Azərbaycanın mühüm geostrateji ərazidə yerləşməsi, bölgədə müşahidə olunan tendensiyalar fonunda müasir dünyəvi müsəlman dövləti modeli onun Qərb üçün cəlbediciliyini xüsusi olaraq artırır.  BTC və BTƏ neft-qaz kəmərlərinin  gerçəkləşməsi ilə təşəbbüsləri gerçəkliyə çevirən imicini daha da möhkəmləndirən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu yüksək dəyərləndirən Almaniya həmin layihələrin ardıcılları kimi «Cənub Qaz Dəhlizi»nin əsas seqmentlərinin önəmini qeyd edir. Bu ilin iyununda istifadəyə verilən TANAP, 2020-ci ildə istifadəyə verilməsi  nəzərdə tutulan TAP ölkəmizin bu rolunu daha da möhkəmləndirəcək, çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinə stimul olacaq. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, həm də  alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Azərbaycanla Avropa İttifaqı  arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Almaniya üçün də xüsusi önəm daşıyır. Dövlətimizin başçısı İlham Əliyevlə Almaniyanın Federal Kansleri Angela Merkel arasında keçirilən ikitərəfli görüşdə də bu kimi məsələlər müzakirə olunmuş, «Bizim bundan sonrakı dialoqumuzun intensivləşməsi üçün şərait və əsaslar var» söyləyən A.Merkel bu reallığı da diqqətə çatdırmışdır ki,  bəzən fərqli fikirlər olanda da bu barədə danışmaq və fikir mübadiləsi aparmaq lazımdır.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini qeyd edən  Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən  dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verərək bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etmişdir- Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Azərbaycan rəhbərliyi əməkdaşlıq etdiyi bütün qurumlar və dövlətlər üçün ölkənin ərazi bütövlüyünün prioritet olmasını bəyan edir.

Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etməsi də bu prinsipial mövqeyin nəticəsidir. Rəsmi Berlinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqeyini bir daha bəyan edən  Almaniyanın Federal Kansleri bildirmişdir ki,  Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna  Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik: «Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də  bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan  verilməsinə səbəb ola bilər və Almaniya da  burada iştirak edə bilər… Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir.»

Bu gün Azərbaycanla Almaniya arasında əlaqələrin inkişaf  səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Almaniya Avropa İttifaqının lokomativ ölkəsi sayılır və bu səfər qurumla Azərbaycan arasında əlaqələrin daha da  inkişaf etdirilməsi baxımından mühümdür. Səfər zamanı aparılan danışıqlar bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir.

Göründüyü kimi, Azərbaycanın davamlı inkişafı, təkmil sosial-iqtisadi islahatları, yerləşdiyi coğrafi məkan və malik olduğu enerji resurslarından səmərəli istifadə  beynəlxalq münasibətlər sistemində yeri və rolunu günbəgün artırır və möhkəmləndirir. Regional iqtisadi inkişafın aparıcı qüvvəsi kimi beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Beləliklə, səfər Azərbaycanla Almaniya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı;  ölkə  iqtisadiyyatının şaxələnməsi və tenxonoloji baxımdan müasirləşməsinə töhfə verilməsi;  ölkəmizlə  Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi;  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının fəallığının artırılması;  Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etiraf olunması baxımdan mühüm hadisə kimi qiymətləndirilə bilər.

Yeganə Əliyeva, «İki sahil»