24 avqust 2018 14:29
1559

Enerjinin İpək Yolu: TANAP

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik

“Qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlardır. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.”

Dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrikində əksini tapan bu fikirlər bir daha “bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə münasibətlərinin dünəninin və bu gününün aydın ifadəsini yaradır. Cari ilin mayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, iyun ayında isə onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı olan Türkiyə-Azərbaycan birliyinin fonunda reallığa çevrilən, eyni zamanda, həm region, həm də dünya dövlətlərinin iqtisadi inkişafına geniş yol açan layihələrin davamlılığından xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bildirmişdir: “Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır.”

Bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihənin gündəmə gətirilməsinə stimul verməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə yol açmışdır. Artıq bu gün çoxtərəfli əməkdaşlıq formatları yaranır və səylərin birləşdirilməsi nəticəsində hər bir layihənin icrası nəzərdə tutulan vaxtda başa çatır. Məlumdur ki, “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində qoyulmuşdur. Ölkə Prezidenti daim bildirirdi ki, əsas məsələ layihənin nəzərdə tutulan vaxtda başa çatdırılmasıdır. 2018-ci ilin enerji sektorunda əldə olunan uğurlar sırasında əsas yer alan “Cənub Qaz Dəhlizi”nin açılışının iştirakçı, həmçinin digər dövlətlər üçün əhəmiyyəti bu gün də geniş müzakirə olunmaqdadır. “Cənub Qaz Dəhlizi”nin dörd böyük layihədən - “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, “Cənubi Qafqaz Kəməri”, TANAP və TAP layihəsindən ibarət olduğunu, onlardan üçünün artıq reallaşdığını önə çəkən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Bu baxımdan TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, biz XXI əsrin enerji tarixini birlikdə yazırıq: “Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda götürür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.”

Ölkə Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-Trans-Anadolu qaz kəmərinin istifadəyə verlməsi münasibətilə təntənəli mərasimdə, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən qələbəsi münasibətilə təbrik məktubunda da iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirmişdir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da  ifadə edilmişdir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Bir əsas məqam da hər zaman dünyanın diqqət mərkəzindədir ki,  həm Türkiyə, həm də Azərbaycan prezidentləri prezident seçkilərində qələbələrindən sonra ilk səfərləri ilə ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, Türkiyə-Azərbaycan birliyi sözdə deyil, əməldə özünü təsdiqləyir.

“Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır. Azərbaycan müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda  güclü diasporanın  Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar hesab olunur.

“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi. Dağlıq Qarabağ probleminin həllində bilavasitə Azərbaycanın yanında olmaqla ən yüksək tribunalardan problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bəyan edən rəsmi Ankara münaqişənin həllində vasitəçiliyi həyata keçirməyə hazır olduğunu da bəyan edir. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bu mühüm hadisəni Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdir. İki dost, qardaş ölkənin daim vahid mövqedən çıxış etməsi dünyaya nümunə kimi qeyd edilir. “Eurovision” mahnı yaırışmasında Azərbaycan təmsilçilərinin səhnəyə Azərbaycan və Türkiyənin bayrağı ilə çıxmaları da bu birliyin, həmrəyliyin dünyaya nümayişi idi. 

Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTƏ neft-qaz kəmərlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu reallığı ortaya qoydu ki, bu layihə də siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Tarixi İpək Yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu, bütün Avropa ölkələrini birləşdirir. Geosiyasi inqilab adlandırılan bu xətlə Çindən gələn və  Transsibir magistralı ilə ötürülən yüklər Bosfordan keçməklə Avropa ölkələrinə daşınacaq. Böyük əhəmiyyətli marşrut kimi miqyasına, coğrafiyasına və qitələrarası əməkdaşlığın gücləndirilməsi baxımından böyük imkanlara malik olan, diqqət çəkən, siyasi və iqtisadi əhəmiyyətinə görə fərqlənən BTQ dəmir yolu da hər iki xalqın qardaşlığının təcəssümü kimi dünya dövlətlərini birləşdirir. “Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik” kimi sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən Prezident İlham Əliyev dövlətlər, xalqlar arasında körpü rolunu oynayan layihələrin hər iki dövlətin siyasi iradəsi və qətiyyəti əsasında gerçəkləşdiyini bildirir. TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsinin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığını bir daha nümayiş etdirdi. “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir.

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq təkcə region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün  əhəmiyyətlidir. Bu əməkdaşlığın inkişafına xidmət edən mühüm amillərdən biri də son günlərin əsas müzakirə mövzusu olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın imzalanmasıdır. Azərbaycan dövlətinin siyasi iradəsinin və qətiyyətinin, beynəlxalq hüququn norma və prinsiplərini atdığı hər addımında əsas tutmaq niyyətinin göstəricisi olan bu mühüm hadisənin əhəmiyyətindən bəhs edərkən, bu məqam xüsusi qeyd edilir ki, Konvensiya ilk növbədə Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri (indiki xəzinə və maliyyə naziri) Berat Albayrak Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində bir çox uğurlu layihələrin həyata keçirildiyini, “Enerjinin İpək Yolu” adlandırılan TANAP layihəsinin həm də qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə olduğunu bildirmişlər.

Yeganə Əliyeva, “İki sahil”