“Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir.”
Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hazırda dünyada gedən çox ağır proseslər şəraitində Azərbaycan nümunəsi özünü daha aydın şəkildə büruzə verir. Azərbaycan nümunəsi təsdiqləyir ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşaya bilər: “Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir.” Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlılığı, tolerant ölkə kimi qazandığı nüfuz göz qabağındadır. 2016- “Multikulturalizm İli”, 2017- “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlər, həmçinin ölkəmizin 2015-ci ildə ev sahibliyi etdiyi ilk Avropa Oyunları, ötən il IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın multikulturalizmi həyat tərzi qəbul etməsinə, müxtəlif mədəniyyətlər və dinlər arasında körpü roluna bir daha aydınlıq gətirdi.
Bu günümüzün əsas çağırışlarından olan İslam həmrəyliyinin möhkəmləndirilməsi, İslam mədəniyyətinin dünyaya təqdimatının yüksək səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Bu günlərdə cənab İlham Əliyevin Belçikaya səfəri cərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də ölkəmizin sabitləşdirici faktor kimi mövqeyi, mədəniyyətlər və dinlərarası dialoqların təşkili üçün ideal məkan qəbul olunması yüksək dəyərləndirilmişdir.
Qarşıdakı illər üçün hədəflər açıqlanarkən bir daha bildirilir ki, milli mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycanın göz önünə gəlməsi təsadüfi deyil. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, xalqımız vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bu məqamı da təəssüf hissi ilə qeyd edirik ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir.
Əvvəldə vurğuladığımız kimi, çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişafında da onun tutduğu mövqe əhəmiyyətli rol oynayır. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev ötən il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır.
Müsəlman ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirən cənab İlham Əliyev qeyd edir ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur: “Bizim üçün islam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük... Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək.”
Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edən ölkə Prezidenti İlham Əliyev diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistan dünya dövlətlərinin ona göstərilən maddi və mənəvi dəstəyindən ərköyünləşir, daha böyük iddialarla yaşayır.
Rəsmi Bakı bəyanatlarında bildirir ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasından imtina etməsi, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin nümunəsidir.
Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini verir, müsəlman dövlətlərində baş verən və maraqlı qüvvələrin təhriki ilə hələ də davam etdirilən problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır, prinsipial mövqeyini əməli ilə təsdiqləyir. “Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir.
İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşıb. Ölkəmizdə demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir.
Bu faktı da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açır və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması, fəaliyyətinin istiqamətləndirilməsi, mövcud ictimai-siyasi sabitliyin pozulması və s. kimi hallar dini radikal təşkilatların ümumi xarakteristikasını təşkil edir. Həmin radikal dini qruplar məhz gəncləri məqsədli fəaliyyətlərinin əsas oyunçularına çevirməyə cəhd göstərirlər.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Lakin hansısa dinin təbliği, insanların təfəkkürünün dəyişdirilməsi istiqamətində gostərilən cəhdlər yolverilməzdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğunu daha dərindən dərk etmiş olarıq.
Dövlətimizin bu kimi cəhdlərin qarşısının alınması yönümündə atdığı addımlara diqqət yetirsək, görərik ki, Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Son zamanlar radikal dini qruplaşmaların fəallaşmasına ictimaiyyətin sərt münasibəti də bu reallığı təsdiqləyir ki, günbəgün güclənən, iqtisadi qüdrətini artıran, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür. Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirən hər kəs ölkədə tolerantlıq mühitindən sui-istifadə edən radikal dini qruplaşmaların cəhdlərinin əbəs olduğunu bildirir. Xalq-iqtidar birliyinin möhkəmliyi fonunda bütün bu kimi cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınır. Prezident İlham Əliyevin yanında respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda dövlətimizin başçısı İlham Əliyev iyulun əvvəllərində dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdə əsas məqsədin Azərbaycanda sabitliyi pozmaq, gərginlik yaratmaq olduğunu önə çəkərək, bir məqamı da qeyd etmişdir ki, bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir: “Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək... Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir.”
Yeganə Əliyeva,
“İki sahil”
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib