Azərbaycanın iqtisadi inkişafı xalqın rifah halının yaxşılaşdırılmasına təsir edən əsas amildir. Vətəndaşların həyat səviyyəsinin yüksəlməsi həm də dövlətin inkişafı və güclənməsi deməkdir. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prinsiplərindən biridir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlini sosialyönümlülük təşkil edir. İqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi tanınır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsidir ki, Azərbaycanda insanların həyat səviyyəsi daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 15 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurları da ayrıca vurğulamaq vacibdir.
Dünyanın indiki mürəkkəb dövründə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. Son 15 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin siyasətində vətəndaşların sosial rifah halının yaxşılaşdırılması prioritet yerlərdən birini təşkil edir. Burada əhalinin həssas təbəqəsinə göstərilən diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan dövləti əhalinin aztəminatlı hissəsini, şəhid ailələrini, Qarabağ müharibəsinin iştirakçılarını və əlillərini, o cümlədən qaçqın və məcburi köçkün ailələrini hər zaman diqqət mərkəzində saxlayır, onların sosial təminatına, məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı ilə yanaşır.
Əhalinin həssas təbəqəsinə dövlət və Prezident qayğısının daha bir nümunəsi avqustun 1-də reallaşdırılıb. Belə ki, qeyd olunan tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasimdə qeyd edilib ki, nəzərdə tutulan təbəqədən olan şəxslərə ümumilikdə 35 mənzil verilib ki, onlardan 23-ü Qarabağ müharibəsi əlilləri, 12-si isə şəhid ailələridir. Mənzillər yüksək şəraiti ilə diqqət çəkir. Daimi qaz, su və işıqla təchiz edilən evlər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıqla təmin ediliblər.
Mərasimdə iştirak edən Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb və bu addımı dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirib: “Son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”.
Cənab Prezident təkcə mənzil şəraitinin yaxşılaşdırılmasına deyil, həm də ehtiyacı olan insanların məşğulluq məsələlərinin həll edilməsinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, hazırda genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlanılıb. Hər il ən azı yeddi min ailənin bu proqramlara cəlb olunması nəzərdə tutulub. Proqrama əsasən, hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqların verilməsi planlaşdırılır. Müharibə əlilləri və şəhid ailələrinin də bu proqramla əhatə olunmasına xüsusi diqqətlə yanaşılır.
Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial siyasət uğurlu nəticələri ilə diqqəti cəlb edir. Dövlətimizin başçısı məhz buna işarə edərək deyib: “Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir”.
Azərbaycan nadir ölkədir ki, burada məcburi köçkünlər üçün yaradılan şərait dünyanın heç bir ölkəsi ilə müqayisə edilə bilməz. Beynəlxalq təşkilatlar da ölkəmizdə məcburi köçkünlərin sosial şəraiti ilə bağlı görülən işləri unikal hadisə kimi qiymətləndirirlər. Yalnız son 15 ildə qaçqın və məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb, məşğulluq üçün minlərlə iş yerləri yaradılıb.
Ölkə Prezidenti sözügedən mərasimdəki nitqində bu məsələləri bir daha xatırladaraq bildirib ki, indiyədək görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biri olaraq daim diqqət mərkəzində saxlanacaq: “Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər”.
Taleh Turqut,
“İki sahil”
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə
Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib