02 avqust 2018 15:45
1529

Din pərdəsi arxasında gizlənən terrorçular

Məqsəd ölkəmizdəki daxili sabitliyi pozmaq, insanların dini inanclarını istismar etməklə öz çirkin niyyətlərini həyata keçirməkdir

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Din uğrunda edilən müharibələr və ya din pərdəsi altında aparılan işğalçılıq fəaliyyətləri dini radikalizmin bariz nümunəsidir. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərinə şamil edilir. Bu gün dünyanın müxtəlif yerlərində İslama qarşı hücumlar təşkil olunur. İslamı müharibə, qəddarlıq dini kimi qələmə verməyə çalışırlar. Halbuki, bütün bunlar əsl İslama aid deyil.

Azərbaycanda din dövlətdən ayrı olsa da, cəmiyyətimiz islam əxlaqı ilə yaşayır. Bu gün dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin müstəsna hüququdur, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri uğurla davam etdirir. Lakin bəzi radikal dini cərəyanlar və ya radikal insanlar ölkədəki tolerant vəziyyətdən, insanların inam və etimadından sui-istifadə edərək onları radikal addımlar atmağa təhrik edirlər. Dövlətimiz əleyhinə reallığı əks etdirməyən, sərsəm fikirlər səsləndirirlər. Din pərdəsi altında gizlənən bu təxribatçılar sosial şəbəkələrdə yaydıqları müxtəlif status, rəy və videomüraciətlərdə guya Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğunu, dindarların sıxışdırıldığını və s. kimi absurd iddiaları ortaya atırlar. Belə bir durumda Azərbaycanda islama basqı iddiasını ortaya atmaqda məqsəd nə ola bilər? Təbii ki, ölkəni qarışdırıb sonra həlli çox çətin olacaq təlatümlərə sürükləmək. Azərbaycanı da Suriya, İraq, Liviya bataqlığında boğmaq. Elə bir bataqlıq ki, burada heç bir vətəndaş bir saniyə belə özünü güvəndə hiss etməsin, hər an ölümlə üz-üzə qalsın, daim təlatüm və qorxu içində yaşasın. Amma bütün hallarda belə təxribatlar heç bir nəticə vermir, verməyəcək də. Bu gün bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır, qəbul edir. Ölkəmizdə yüzlərlə məscid, ibadət mərkəzləri dövlət tərəfindən bərpa edilir, mühafizə olunur. Azərbaycan müharibələrin, diskriminasiyaların, dini-irqi ayrı-seçkiliyin baş alıb getdiyi dünyada multikulturalizm adası olaraq beynəlxalq mərkəzə çevrilib. Bu baxımdan, Azərbaycanda inanclı şəxslərin sıxışdırıldığına dair iddialar absurd olduğu qədər də tutarsızdır. Cəmiyyətin bu cür iddialar üzərindən aparılan manipulyasiyaları qəbul etmədiyini görən təxribatçı qruplar və onların din pərdəsi arxasında gizlətdiyi vətən xainləri nəyin bahasına olursa-olsun vətəndaşlar arasına nifaq toxumu səpməyə çalışsalar da, bu, baş tutmayacq. Ən vacibi isə odur ki, ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub. Onu pozmağa heç kim cürət edə bilməz. Bir neçə araqarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır. Azərbaycanın dövlət müstəqilliyinə, ölkəmizdəki ictimai-siyasi sabitliyə qarşı çıxan hər bir qüvvə bu birlik və həmrəylik qarşısında gücsüzdür.

Sevinc Azadi,

“İki sahil”