01 avqust 2018 17:23
1111

İtin dişi, tülkünün dərisi...

Keçən həftənin sonunda Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçilib. O, ölkənin Konstitusiya quruluşunun  dəyişdirilməsində ittiham olunur. Bu cinayət sübut edilsə,  Koçaryan 15 il müddətinə azadlıqdan məhrum oluna  bilər.

Koçaryan həbs edilməzdən əvvəl özünə haqq qazandırmağa çalışıb, Ermənistan ictimaiyyətinin rəğbətini yenidən qazanmaq və təəssübkeşlik hissini artırmaq üçün bəlağətlə deyib ki, onun tutulması Azərbaycanda şadyanalıq yaradacaq. Hətta öz həbsini belə qiymətləndirməkdən də utanmayıb: “Azərbaycana  bunu hədiyyə edin”.

O iddia edib ki, Ermənistana “37-ci il gəlib”. Sonra söyləyib  ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində onun iştirakının qarşısını almaq üçün həbs edəcəklər.

Koçaryan özünü Ermənistan üçün çoxlu işlər görmüş “qəhrəman” və “millətsevər” kimi də təqdim edib.

Ancaq  faktlar  başqa şey deyir. Koçaryan 2008-ci il martın 1-də hakimiyyətin Serj Sarkisyan tərəfindən zəbt edilməsinə rəhbərlik etməkdə, həmin hadisələr zamanı 10-dan çox dinc aksiya iştirakçısının ölümündə ittiham olunur. Başqa sözlə, o, əlini “xeyirinə çox işlər gördüyü millətinin”  qanına batırdığı üçün həbsdədir.

Xatırladaq ki, 2008-ci ilin fevralında keçirilən prezident seçkisində müxalifətin namizədi Levon Ter-Petrosyanın qalib gəldiyini iddia edənlər etiraz aksiyası keçiriblər. Martın 1-də onların aksiyasını hakimiyyət güc tətbiq etmək, o cümlədən odlu silahdan atəş açmaqla yatırıb.  Koçaryan  Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, Xocalı soyqırımını törətmiş hərbi canilərdən biridir.

İşğal edilmiş Azərbaycan torpaqlarında onun “separatçıların prezidenti” olmasını  təşkil etdilər. Oradan isə Koçaryan Ermənistanın prezidentliyi postuna gətirildi. Deməli, Qarabağda havadarlarının tapşırığına canla-başla əməl etdiyinə görə ona Ermənistanı idarə etməyi həvalə ediblər. Ölkəni idarə edən zaman Koçaryan qansız ötüşməyib. Bu dəfə Ermənistanda qan töküb və hakimiyyəti qanla Serj Sarkisyana verilməsinə rəhbərlik edib.

Serj Sarkisyan isə 2008-ci ildə hakimiyyəti  silah gücünə  zəbt edərək prezident olub. O, 2007-ci il aprelin 4-dən 2008-ci il aprelin 9-dək baş nazir vəzifəsini tutub. Deməli, martın 1-dəki məlum hadisələrdə onun da məsuliyyəti var. Bu baxımdan o, dinc aksiyaların zor gücü ilə yatırılması zamanı ölkənin ikinci şəxsi kimi məsuliyyətə cəlb edilməlidir.

Bundan başqa, o da zəbt edilmiş hakimiyyəti 10 il idarə edib. İndi onun törətdiyi saysız-hesabsız  əməllərin üstü açılır. Onun hakimiyyət illərində dövlət əmlakının mənimsənilməsindən tutmuş, xeyriyyə fonduna verilən ianələrin oğurlanması halları baş verib. Serj Sarkisyan işini bir az ehtiyatlı tutana oxşayır. Tələyə düşəcəyini hiss edərək ölkədən qaçıb.  O, Ermənistanda baş verənləri indi  uzaq İtaliyadan izləyir. İyulun 24-də, yəni Koçaryan həbs edilməzdən 4 gün əvvəl müalicə olunmaq adı altına İtaliyaya 15 günlük səfər edib.

Onun “müalicəsinin” belə tez “başa çatacağı” gözlənilmir. Çünki Ermənistan Respublikaçılar Partiyasının sözçüsü, təşkilatın parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryan Sarkisyanın səhhətində problem olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.

Məlum aksiyalar zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi isə hazırda  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general-polkovnik  Yuri Xaçaturov olub. O da   Ermənistan Xüsusi İstintaq Xidmətində ifadə verib. Rəsmi İrəvan onun işdən çıxarılması və yerinə başqa şəxsin təyin olunmasını  təklif edib. Bu isə Yuri Xaçaturovun da həbs olunacağını ehtimal etməyə tam əsas verir.

“Bu, ciddi daxili hüquqi prosedurdur. Ermənistanda aparılan cinayət işi çərçivəsində işə Ermənistan vətəndaşı cəlb olunub. Nəzərə alsaq ki, söhbət KTMT-nin hazırkı baş katibindən gedir, Ermənistan KTMT üzrə tərəfdaşlara baş katibinin əvəzlənməsi prosesinə başlamağı təklif edib”, - T.Balayan “İnterfaks”a belə deyib.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürüb. O, 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə günahlandırılır. Y.Xaçaturov eyni zamanda  konstitusiya quruluşunu devirməkdə ittiham olunur. İrəvanın birinci instansiya məhkəməsi onu girov müqabilində  hələlik zaminə buraxıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Yuri Xaçaturovla bağlı narahatlığını gizlətməyib. Onun əvəz edilməsi prosedurundan bəhs edib.  RF XİN az qala bunun mümkünsüzlüyünü vurğulayıb. Ermənistanın Xarici İşlər Nazirliyi isə generalın ölkədaxili istintaq qaydaları çərçivəsində cəlb edildiyini bildirib.

2008-ci ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi, sonralar isə baş nazirin müavini olmuş Edvard Gevorkyan da hadisələrlə bağlı istintaqa cəlb edilib. 2018-ci ilin aprel hadisələri zamanı Rusiya rəhbərliyi vəziyyəti müzakirə etmək üçün onu Moskvaya dəvət etmişdi.

Həbslərdən belə nəticəyə gəlmək olur ki, baş nazir Nikol Paşinyan “rahat işləmək üçün” keçmiş opponentlərinin hamısını tezliklə sıradan çıxarmağı planlaşdırıb. O, yaxşı başa düşür ki, onlar meydanda qaldıqca işi rəvan getməyəcək. Təbii ki, “vurulmuş adamlar” ona qarşı birləşməyə can atacaqlar. Ona görə də Paşinyan “Qara məni basınca, qoy qaranı mən basım” ideyası ilə “təmizləmə” işinə rəvac verib. Necə deyərlər, “İtin dişi, tülkünün dərisi.”

Vəli İlyasov,

“İki sahil”