Şirinliyi ovsunlayıb çox milləti,
Misilsizdir musiqisi, şeriyyəti;
Əzəl gündən sevir haqqı, hüriyyəti
Keşiyində durub xalqım, elim mənim,
Azərbaycan türkcəsidir dilim mənim!
Şair Oktay Rza.
“Ana dilimiz: mənəvi pasportumuz, ruhumuz, əbədiyyət rəmzimiz” sözləri təsadüfi işlədilən ifadələrdən deyil. Korifeylərimizin bu dildə dünya ədəbiyyatı xəzinəsinə bəxş olunan misilsiz əsərlərinin müxtəlif xalqlar tərəfindən sevilməsi Azərbaycan dilinin gözəlliyi, saflığı, imkanlarının tükənməzliyi ilə bağlıdır.
Ana dilini milli dövlətçiliyin başlıca rəmzləri kimi dəyərləndirən və doğma dildə poeziyamızın klassik nümunələrini yaradan sərkərdə, görkəmli şair Şah İsmayıl Xətai gənclərə nəsihətində yazırdı: “ Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin. Yaxşı nə etdimsə davam etdirin, xətalarımı təkrar etməyin... Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz, vətənimiz.”
Dilimizin gözəlliyinə dəyər verənlərdən biri də rus yazarı M.Y.Lermantov olub: “Azərbaycan dili burada, ümumilikdə Asiyada fransız dilinin Avropada oynadığı rol qədər zəruri bir dildir.”
“Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə , hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin” söyləyən ulu öndər Heydər Əliyevin xalqları birləşdirən dilimizin saflığının qorunmasındakı xidmətləri əvəzsizdir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azarbaycançılıqdır” söyləyən Ulu Öndərin ən dəyərli tövsiyələrindən biri də bu idi ki, xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən olan dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.
...XIX-XX əsrlərdə dəfələrlə latın qrafikalı əlifbaya keçmək üçün səylər göstərilmişdir. Tarixdən də bəllidir ki, müxtəlif zamanlarda təzyiq və təsirlərə məruz qalan Azərbaycan dilinin əlifba islahatları dramaturq M.F.Axundov kimi digər maarifçi ziyalıları da düşündürmüş, bu istiqamətdə müəyyən addımlar atılmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması, yeni tərkibə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması bu istiqamətdə atılmış ilk addım olsa da, bu təşəbbüs uzun sürmədi. 1 yanvar 1940-cı ildən latın əlifbası kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi bir daha ziyalıları əlifbanın təkmilləşdirilməsi yolunda düşünməyə vadar etdi.
Türk dünyasının birliyini təmin edəcək bu missiyanı yerinə yetirmək isə uzaqgörən siyasətçi, ən böyük azərbaycanlı Ulu Öndərə nəsib olmuşdur. Türkçülük ideyasının mübariz təbliğatçısı, Azərbaycan xalqının yaxın dostu, Qazax yazıçısı Oljas Süleymenov Azərbaycanda diqqət yetirilən dil siyasətinin əhəmiyyətini, ulu öndər Heydər Əliyevin bu sahədə göstərdiyi fədakarlığı bu sözləri ilə qiymətləndirmişdir: “Latın əlifbasına keçmək böyük cəsarət, siyasi iradə tələb edirdi. Cənab Heydər Əliyevdə bu keyfiyyətlər, habelə zəngin siyasi təcrübə, kəskin və tarixi prosesləri istiqamətləndirə bilmək istedadı vardır. Bu tarixi bir qərardır.”
1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi məsuliyyətlə yanaşan ümummilli lider Heydər Əliyev ziyalılarla görüşü zamanı dilimizin taleyi ilə əlaqədar geniş müzakirə apardı. Ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi. Milli mənəvi dəyərlərimizin qorunmasında xüsusi xidmətləri olan Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ( 18 iyun 2001-ci il) və “ Azərbaycan Respublikasında dövlət dili haqqında Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) fərmanlarının həyata keçirilməsi ilə ədəbi dilimizin fəaliyyət imkanları daha da genişləndirilmiş, üslub potensialları təkmilləşdirilmiş, nitq mədəniyyətimizin qarşısında yeni üfüqlər açılmışdır.
Ulu Öndər 9 avqust 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı imzalamaqla latın qrafikalı əlifbanın daha geniş miqyasda işlədilməsini təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Dilimizin inkişafında, təkmilləşməsində, saflığının qorunmasında fədakarlıq göstərən Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən və dil siyasətini davam etdirən, “Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur” ideyasına sadiq qalan Prezident İlham Əliyev “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “elektron hökumət”, “elektron dərslik”, “elektron kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli Ensiklopediyanın nəşri haqqında” sərəncam imzalandı.
Dünya Azərbaycanlılarının, türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarında, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında irəli sürülən təklif və təşəbbüslər əsasında da türk birliyinin gücləndirən oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə saxlanıldı. Yekdil qərar əsasında yaradılan TÜRKSOY-un təklifinə əsasən türkdilli akademiyanın təsis olunması təşəbbüsünün əsasında da oxşar və ortaq dəyərlərə malik xalqların birlik, həmrəylik istəkləri dayanır. Bu gün artıq işlək qurum kimi fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasının türk dünyası birliyinin möhkəmlənməsində xidmətləri əvəzsizdir. Türk dövlət və cəmiyyətləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ortaq əlifbanın, ortaq türk televiziyasının yaranmasının əsasında da ünsiyyət vasitəsi olan dil amili dayanır.
Dünya hadisələrinin qloballaşdığı, beynəlxalq layihələrin xalqları birgə əməkdaşlığa cəlb etdiyi müasir dövrümüzdə eyni əlifbanı, oxşar dili paylaşan türk xalqlarının birliyi daha vacibdir. Beynəlxalq səviyyədə mənafelərini müdafiə etməsi baxımından dili, əlifbası, tarixi və mədəniyyəti oxşar olan türk xalqlarının həmrəyliyi, bu çərçivədə vahid dil istiqamətində çalışmaları daha önəmlidir.
Dost ölkədə ənənəvi olaraq keçirilən Türk Dili Olimpiadalarında bütün qitələri təmsil edən məktəblilərin eyni dildə - türk dilində mahnı oxuyub, şeir söyləməsi möhtəşəm bir hadisədir. Bu möhtəşəmlik türk birliyinin, həmrəyliyinin əbədilik simvoludur. Azərbaycan dilinin təkmilləşdirilməsi, dövlət qayğısının artırılması, dilçilik araşdırılmalarını əsaslı surətdə yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səyləri bu gün də aktualdır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamili olduğunu bir çox ölkələrin nümayəndələri də etiraf etmişlər. Dil bilmək yaxşıdır. Bir neçə dil öyrənmək hər kəsin intellekt səviyyəsini yüksəldir, başqa xalqların tarixi, mədəniyyəti, məişəti barədə məlumat əldə etməsi imkanlarını artırır. Amma ilk növbədə öz tarixini öyrənmək, ana südü ilə ruhumuza daxil olan ana dilini sevmək insanların vətəndaşlıq borcudur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda Azərbaycan dilinin öyrənilməsinə maraq artmaqdadır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaq, dünya dilləri qrupunda mövqeyini möhkəmləndirməkdir. Unutmayaq ki, Ana dilimiz ulularımızdan bu günümüzə miras qalan ən qiymətli xəzinədir.
Xuraman İsmayılqızı,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə