01 avqust 2018 15:08
1374

Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə təsir göstərəcək

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə  aparılan islahatlar öz gözəl bəhrəsini verir: “Əgər biz  bu islahatları aparmasaydıq, bu qədər böyük  iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki,  indiki dövrdə  biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.”

Reallıqlara söykənərək, bu fikri böyük inamla qeyd edirik ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan ölkəmizdə həyata keçirilən  islahatlar, icra olunan  Dövlət Proqramları, infrastruktur layihələri nəticəsində  ölkə iqtisadiyyatı dinamik inkişaf edir.  2008-ci ildən başlanan və nəticələri bu günə qədər davam edən,   bütün dünya dövlətlərinin iqtisadiyyatına, maliyyə vəziyyətinə təsir edən böhranın, risklərin  Azərbaycan  iqtisadiyyatına  təsirsiz ötüşməsi istiqamətində  görülən tədbirlərin müsbət nəticələndiyi göz qabağındadır.    Büdcədən ayrılmalarda  sosial yönümlü islahatlar üçün lazımi  səviyyədə  vəsaitlərin ayrılması dövlət siyasətinin əsasında insan amilinin dayanması tövsiyəsinin hər zaman aktual olduğunu göstərir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapır. Bir məqamı da qeyd edək ki, 2009-cu ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsinə çıxarılan ən mühüm əlavələrdən biri məhz “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavədir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi vətəndaşların hüquq və azadlıqlarının, eyni zamanda yüksək rifahının təmin edilməsidir. Bu, bir daha insan amilinə verilən dəyəri ortaya qoyur.

“Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir” söyləyən  Prezident İlham Əliyevin vurğuladığı kimi  valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları  böhranı hiss etməsinlər.  Azərbaycanın  böhranın nəticələrini hiss etməməsini şərtləndirən əsas amil  iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasıdır.  Neft gəlirlərindən səmərəli istifadə, iqtisadiyyatın  güzgüsü olan  dövlət büdcəsinin sosialyönümlüyünün ildən ilə daha  da artması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığı ilə müşayiət olunur. Ölkə Prezidenti İlham Əliyevin çıxışlarının əsas mahiyyətini bu əsas məqam təşkil edir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizin əmək haqqı siyasəti sahəsindəki uğurları bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun hesabatında da   yüksək dəyərləndirilib. Belə ki,  MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayan qurumun  nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü pillədə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Bu rəqəmləri açıqlamağımız səbəbsiz deyil. Məlum olduğu kimi,  Tarif Şurasının iyulun 30-da keçirilən iclasında  ictimai nəqliyyatda  sərnişindaşıma xidmətləri üzrə yeni tariflər  təsdiq edilib. Metro nəqliyyatında  sərnişindaşıma xidmətinin tarifi bir gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də  digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə məsafədən asılı olaraq bir gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün  2,4 qəpik təsdiq olunub.

Tarif Şurasının  məlum qərarı ilə bağlı  “Bakı Metropoteni” QSC-nin  mətbuat xidməti və  ictimaiyyətlə əlaqələr  şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, dünya ölkələri ilə  müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı  səviyyədədir.  Metroda sonuncu dəfə qiymət artımı 2011-ci il dekabrın 1-də olub və həmin zaman qiymət 15 qəpikdən 20 qəpiyə qalxıb. O zamandan  Metropolitendə heç bir tarif dəyişikliyi olmayıb. Metroda bu gün bir sərnişinin daşınması üçün istismar xərcləri 47 qəpikdir. Tarif dəyişikliyindən sonra  17 qəpiklik fərq qalır. 47 qəpiklik xərc yalnız istismara aiddir, bura yeni stansiyaların tikilməsi, mövcud stansiyaların əsaslı təmiri, yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri daxil deyil.

B.Məmmədov  müqayisə üçün dedi ki,   yaxın zamanlarda Kiyevdə metroda qiymətlər qaldırılaraq  41-50 qəpik oldu.  Minskdə 55 qəpik, Daşkənddə 37 qəpikdir. Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində qiymətlər Bakıdan dəfələrlə yuxarıdır. Amma nəzərə alaq ki,  Rusiyanın metro sahəsində böyük istehsal gücü vardır. Bizim əsas təchizatımız isə xarici ölkələrin hesabına və xarici valyuta ilə həyata keçirilir. Postsovet məkanında ən ucuz metro yenə də Bakıdadır”.

O da bildirildi  ki, əvvəllər qatarları xarici ölkəyə çıxarıb orada əsaslı təmir edirdik. Bu zaman nəqliyyat və gömrük xərcləri də əlavə olunurdu. İndi isə biz mütəxəssislər yetişdirərək yerli şəraitdə təmir edirik”.

Açıqlamada bu statistika da qeyd edildi: Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Qazaxıstanda 0,20-0,40,  Gürcüstanda 0,35, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

B.Məmmədov  şəhər ictimai sərnişindaşıma nəqliyyatının ən əhəmiyyətli qollarından biri olan metropoliten sistemində zamanın tələblərinə uyğun həyata keçirilən təkmilləşmədən, yeniləşmədən bəhs edərək bildirdi ki, metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Əksər stansiyaların əsaslı təmiri, yeni çıxışlarının tikilib istifadəyə verilməsi yeraltı dünyamıza yeni rahatlıq gətirir. Dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa əsas verir.  

Mətbuat xidmətinin rəisi  vurğuladı ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin  sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  dünya iqtisadi sisteminə inteqrasiya edən,  müxtəlif dövlətlərlə iqtisadi, ticari əlaqələri genişlənən,  ixrac, idxal imkanları  artan Azərbaycanın dövlət siyasəti  dünyada  baş verən hadisələrə, iqtisadi əlaqələrə uyğun tarazlanmaqla, ölkə əhalisinin tələbatına, yeni məzənnə siyasətinə uyğunlaşdırılır. Məqsəd ölkədə  iqtisadi artımı  stimullaşdırmaq, qiymət siyasətini  dünyanın çağırışına  uyğunlaşdırmaqdır.  Güclü  iqtisadi potensiala, zəngin təbii  resurslara, düşünülmüş investisiya proqramına malik olan,  maliyyə mənbələri, valyuta ehtiyatları artan   ölkəmizdə əhalinin sosial müdafiəsinin etibarlı təminatının təşkili prioritet məsələ kimi öndədir. Gətirilən arqumentlərdən də aydın olur ki,  siyasi, iqtisadi qüdrəti, dinamik, davamlı inkişafı ilə dünya iqtisadi sisteminə inteqrasiya edən  Azərbaycanda  tarif islahatlarının aparılması da  ölkənin dayanıqlı inkişafına xidmət edir. 

Yeganə Əliyeva,

“İki sahil”