31 iyul 2018 16:21
2057

Xalqımızın dini radikallara cavabı tolerantlıq, milli birlik və həmrəylikdir

Beynəlxalq münasibətlər sistemində etnik separatizmin  sülh, əmin-  amanlıq üçün təhlükə olduğunu bildirən rəsmilər Azərbaycanda mövcud olan multikulturalizmi, vicdan azadlığını, millətlərin birgə yaşayış qaydalarını ən dəyərli təbliğat vasitəsi adlandırırlar

16 noyabr 1995-ci ildə YUNESKO-da təmsil olunan 185 ölkənin birgə iştirakı ilə “Tolerantlığın prinsiplərinin izahı” ilə bağlı qəbul olunan sənəddə əksini tapan müddəalara əməl etməklə bəşəri dəyərlərə hörmətlə yanaşan, milli mənəvi zənginliklərini qoruyub təbliğ edən Azərbaycanda tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmış, qorumuşdur. Müstəqillik əldə etdikdən sonra daha sivil şəkildə formalaşmış mənəvi sərvətlərimizə, dini ənənələrimizin təbliğinə, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. Dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin yaşayış normalarına çevrilməsinə, qorunmasına diqqət artırılmışdır.

Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin, bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən Azərbaycan təcrübəsi nümunədir.

Çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda əsrlərdən bəridir ki, dini etiqad azadlığı mövcuddur. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Dövlət tərəfindən məscidlərin, pravoslav və katolik kilsələrin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. İndi məscidlərin sayı 2000-dən artıqdır. Son illərdə 140 məscid tikilib, 80 dini ocaq təmir olunub. Ölkədə rəsmi şəkildə 525 islam, 34 digər təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Başqa dinlərə, konfessiyalara hörmət ölkəmizin tolerantlıq ənənələrinin çoxəsrlik tarixindən xəbər verir. Azərbaycanda katoliklər, yəhudilər üçün yaradılan şəraitin özü tolerantlıq nümunəsidir. Azərbaycan xristian, yəhudi, katoliklər üçün doğma vətəndir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranıb, dövlət -din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına təsirini göstərmişdir.

Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər xalqların milli birliyini gücləndirir, Azərbaycanın uğurlu inkişafına xidmət edir. Ölkəmiz artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübəyə malikdir. Respublikamızda vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir.

İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. Dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini günümüzəcən yaşatmışlar.

İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dünya dini liderlərinin iştirakı ilə Bakıda keçirilən, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” sammitində qeyd olunduğu kimi dünyada sülhün təmin edilməsinin başlıca şərti tolerantlıqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda təşkil olunan Beynəlxalq Forumda separatizmi yaradan səbəblər, təhlükə mənbəyi olması, dövlətlərin müstəqilliyinin varlığı üçün törətdiyi fəsadlar, işğalçılıq siyasəti nəticəsində yaranan miqrantların üzləşdikləri əzab- əziyyətlər barədə ətraflı danışılmaqla Azərbaycanın bu istiqamətdə apardığı siyasət yüksək dəyərləndirilmişdir.

Qanlı faciələrə səbəb olan dini radikalizm milli birlik və həmrəyliyə zərbə vurmaqla, dövlətlərin müstəqilliyinə edilən qəsdlər zamanı istifadə olunan ən zərərli, qorxulu tendensiyadır. Dünyada terrorizmə, ekstremizmə, separatizmə qarşı mübarizənin genişləndirdiyi indiki dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafına təkan verəcək tolerantlıq təcrübəsinin yayılması həmişəkindən daha aktualdır. Bu sahədə zəngin ənənələri, dərin tarixi və mədəni kökləri olan Azərbaycanın tolerantlıq təcrübəsinin təbliği daha önəmlidir.

“Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir və bu birlik ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin çoxşaxəli siyasəti ictimaiyyət tərəfindən dəstəklənir. Dünyanın ən təhlükəsiz dövlətlərindən olan ölkəmizdə ictimai asayiş qorunur. Bütün azadlıqlar təmin edilir. “Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik” söyləyən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizdə bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma, vicdan azadlığı tam təmin olunur, çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edir. Bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu birlik isə Azərbaycan xalqının dəyişilməyən mənəvi sərvəti olmaqla vətəndaş həmrəyliyi, sülhü üçün əsas şərtdir. Tarixin heç bir dönəmində Azərbaycanda milli və ya dini zəmində nəinki qarşıdurma, ayrı-seçkilik, anlaşılmazlıq belə olmamışdır. Cənab İlham Əliyevin vurğuladığı kimi, dövlət siyasətinin əsas amili olan bu birlik Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verir. Xalqların birgəyaşayış qaydalarını təmin edən multikulturalizm Azərbaycan vətəndaşlarının həyat tərzidir. “Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır” söyləyən Prezident İlham Əliyevin sərəncamlarına əsasən respublikamızda “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi ili”nin qeyd olunması tolerantlığına verilən dəyərdir.

Ali qanunumuz olan Milli Konstitusiyamızda da insanların malik olduğu dinlə bağlı vicdan azadlığı qanunla müəyyənləşdirilir. Bildirilir ki, hər bir azadlıq kimi vicdan və din azadlığı üçün də ölkədə münbit şərait formalaşmışdır. Hər bir şəxs, xalq öz dini etiqadını və əqidəsini ifadə etməkdə sərbəstdir, dini mərasimlər keçirmək, belə tədbirlərdə iştirak etmək hüququ vardır.

Çox təəssüf ki, xalqların birgəyaşayış tərzini istəməyən, sabitliyi boğmaq üçün milli münasibətlərdə gərginlik yaratmağa çalışan radikal dini qruplaşmalar mənfur niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Azərbaycanın son illərdə dünya birliyində əldə etdiyi uğurlara kölgə salmaq istəyən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən missionerlər ölkəmizin dövlətçilik ənənələrinə, idarəçilik sisteminə təsir etmək üçün təxribatlara ələ atırlar. Təfəkkürü hələ də formalaşmamış gəncləri aldadaraq, onları “rahat həyat” vədləri ilə şirnikləndirərək təhlükəli ideyaların yayılmasına cəhd göstərirlər.

Amma göründüyü kimi bütün cəhdlər uğursuzluqla nəticələnir. Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur.

Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Çünki dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Yəni ölkəmizdə qərb və şərq mədəniyyətlərinin sintezi mövcuddur. Bu isə xalqımızın milli mənliyini şərtləndirən amillərdəndir. Buna görə də azad cəmiyyətdə yaşayan Azərbaycan vətəndaşları təxribatla məşğul olan dini təşkilatlara , ziyanlı cərəyanlara heç vaxt maraq göstərmir, mədəni sivil mübarizə yollarına üstünlük verir, terroru lənətləyir. Radikal dini qruplaşmaların, qərəzli qüvvələrin Azərbaycanda təxribat aparmaq cəhdləri heç zaman baş tuta bilməz, çünki xalq-iqtidar birliyi belə qüvvələrə layiqli cavablarını verir.

Ötən əsrdən başlayaraq dünyanın siyasi səhnəsində “lider rolunu” ifa edən dövlətlərin milli maraqlarına uyğun baş verən hadisələrin yönləndirilməsində istifadə edilən separatizm, “ikili standartlar” termini birbaşa dini radikalizmlə bağlıdır. Artıq axarından çıxan qloballaşma prosesi bu siyasətin acı nəticələrini qısa zamanda bumeranqa çevirərək onu yürüdənlərin özlərinə qarşı çevrilsə də bu zərərli tendensiyanı yaradıb dəstəkləyənlərin istifadə etdikləri etnik separatizm davam etməkdə, müxtəlif bölgələrdə alovlanmaqdadır.

Separatizmlə nəticələnən və ən qorxulu virus qədər təhlükəli olan “ikili standart”ların yaratdığı bu bəladan qurtarmağın yollarını axtaran siyasətçilərin fikirləri müxtəlif olsa da hamını düşündürən bəşəriyyətin gələcək taleyidir. İllərdən bəri Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətindən əziyyət çəkən, torpaqlarının 20 faizinin təcavüzə məruz qaldığı Azərbaycanın həqiqətlərini diqqətə çatdıran, beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin yaratdığı böhranın həlli yollarının axtarılması ilə bağlı məsələlərin müzakirəsi zamanı məntiqli çıxışı ilə diqqət çəkən cənab İlham Əliyevin bu istiqamətdə göstərdiyi fəallıq hər zaman nümunə göstərilir. Etnik münaqişələrin yayılma cöğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Finlandiya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosova, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s arasındakı münaqişələr dini radikalizm və separatçılıqdan qaynaqlanan etnik təmizləmə siyasəti nəticəsində yaranır.

Keçmiş SSRİ məkanında etnik separatizmin ünvanı kimi Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələri regional sabitliyin təminatına maneədir. Dövlətlərin müstəqilliyinə qarşı ciddi təhdid olan, beynəlxalq hüquq normalarını “kəsərdən salan” separatçılıq nəticəsində milli münaqişələrin yaranması və genişmiqyaslı əraziləri əhatə etməsi dünya ictimaiyyətini düşündürən təhlükədir.

Təcrübə göstərir ki, bəşəriyyətin mütərəqqi inkişafı üçün alternativi olmayan multikultural, tolerant cəmiyyətlərin sivilizasiyalararası dialoq təşəbbüsləri dini radikalizmə qarşı ən sivil mübarizədir. Son illərdə dünyada sülhün qarantı kimi yaradılan BMT-nin, digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsi dünyada yeni münaqişə ocaqlarını yaradır. Gücün qarşısında “susan”, dünya dövlətlərinin birliyi ilə qəbul olunan mühüm sənədlərin həyata keçirilməsinə nail olmayan BMT-nin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul etdiyi 4 qətnaməyə kiçik dövlət olan Ermənistan tərəfindən məhəl qoyulmaması qurumun daxilində mövcud olan ikili standartların hələ də “söz sahibi” olmasını göstərir. Əgər 30 ilə yaxın müddətdə Ermənistana təcavüzkar ölkə kimi heç bir təzyiq göstərilmirsə, işğalçı kimi cəzalandırılmırsa, əksinə “demokratik” ölkə adlandırılaraq münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələrdən hər cür maddi yardım göstərilirsə demək, hüquq da, ədalət də “ikili standartlar” qarşısında acizdir. Halbuki zamanında təcavüzkar da, işğala məruz qalan da öz adı ilə çağırılsaydı əlavə münaqişə ocaqları yaranmazdı.

Ermənistanın dəstəklədiyi terror təşkilatlarının müxtəlif dövlətlərdə törətdikləri kütləvi qırğınlar, dağıntılar nəticəsində minillərlə dinc insan həyatını itirsə də, hələ də İslami dəyərləri gözdən salmaq naminə yaradılan “islamofobiya” terminini hallandıranlar, “Yaxın Şərqdə terrorçuların qəddarlığı ürək dondurur” deyənlər Ermənistanın törətdiyi Xocalı soyqırımını xatırlamaq istəmirlər. Beynəlxalq aləmdə “prinsipsiz siyasət” adlandırılan “ikili standartlar”ın nəticəsidir ki, müxtəlif bölgələrdə silahlar ədalətə qalib gəlir, “beynəlxalq standartları, hüquq normalarını” arxa plana keçirir. Separatizmi yaradan səbəblərin təhlükə mənbəyi olması, dövlətlərin müstəqilliyinin varlığı üçün törədilən fəsadlar, işğalçılıq siyasəti nəticəsində yaranan miqrantların üzləşdikləri əzab- əziyyətlər barədə danışılsa da hələ də radikalların törətdikləri silahlı qarşıdurmalardan insanlar əziyyət çəkir, qanlar axıdılır. Azərbaycanda belə gərginlik yaratmaq istəyən, dini radikalizmdən istifadəyə çalışan təxribatçıların qarşısı yenə də xalqın birliyi, dövlətin qanunları çərçivəsində alınacaqdır. Azərbaycanı dini dözümsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edir, məsələni siyasiləşdirməklə hakimiyyəti şantaj etmək istəyirlər. Ancaq nə din xadimləri, nə də ictimaiyyət antiazərbaycan təbliğatına yol vermirlər. Son vaxtlar sosial şəbəkələrdə “fəallaşan informasiya terrorçuları”nın məqsədi ölkəmizdə qarışıqlıq yaratmaq, fiziki terroru gerçəkləşdirməkdir. Belə qüvvələri yönləndirənləri qıcıqlandıran Azərbaycanda olan milli birlik, inkişaf və sabitlikdir. Belə məsələlərdə dini ayrı -seçkilik hallarına istinad edənlərin hədəfi Dağlıq Qarabağ probleminin həllinə mane olmaq, din pərdəsi altında siyasi şantaj vasitəsilə ara qarışdırmaqdır. Azərbaycan ictimaiyyətinin belə dairələrə cavabı sabitlik, xalqların milli birliyi və həmrəyliyidir.

Xuraman İsmayılqızı,

“İki sahil”