“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik” söyləyən Prezident İlham Əliyevin sözlərini Azərbaycanın inkişaf modelini başqalarına nümünə göstərən beynəlxalq təşkilatlar da təsdiqləyir.
“Standard & Poor’s”: Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq
“S&P” reytinq agentliyinin hesabatında qeyd olunan Azərbaycan iqtisadiyyatının 2021-ci ilə qədər 3 faiz artım proqnozunu əsaslandıran amillərə diqqət yetirək. Dinamik inkişaf yolu ilə irəliləyən ölkəmizin cari il üçün iqtisadi uğurlarının əks olunduğu açıqlamada qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. Agentlik Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV /V” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd olunub.
Azərbaycanın dünya enerji bazarında möhkəmlənən mövqeyini, Avropa ölkələrinin enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən hesabatında qeyd olunur ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış cədvələ uyğundur. Nəzərdə tutulan işlərin qrafikə uyğun davamının nəticəsidir ki, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu uğur Azərbaycanın möhkəmlənən iqtisadi fəallığını özündə ehtiva edir.
Proqnozlar iqtisadi müstəqilliyi ilə dinamik inkişaf yolunu davam etdirən Azərbaycanın son 15 ildə qazandığı nailiyyətlərə əsaslanır. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da qeyd olunan uğurları çıxışlarında qürurla sadalayan Prezident İlham Əliyevin vurğuladığı kimi iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də ölkəmiz iqtisadi gücünü qoruya bilib. O da bəllidir ki, qüdrətli dövlətləri belə təşvişə salan iqtisadi böhrandan Azərbaycanın az itkilərlə çıxması ölkədə davam etdirilən şaxələndirmə siyasətinin özünü doğrultmasıdır. Cari ilin altı ay ərzində ümumi daxili məhsulun 1,3 faiz artması özlüyündə makroiqtisadi inkişafın uğurlu nəticəsidir.
Müvafiq dövrdə ölkə üzrə qeyri-neft sektoru 2, sənaye istehsalı 1, qeyri-neft sənayesi 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Xarici ticarət dövriyyəsi 35, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir və onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.
“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı proqnozu sevindiricidir
İqtisadi islahatların siyasi islahatlarla paralel həyata keçirilməsi ölkədə mövcud olan sabitliyin nəticəsidir. Azərbaycanda mövcud olan sosial və siyasi sabitliyin uğurlarını açıqlayan “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi ölkənin xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB ” səviyyəsində təsdiq edib. Agentliyin proqnozuna görə Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu artım isə neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksələcək ki, bu göstərici ölkə üzrə iqtisadi inkişafın başlıca hədəflərindəndir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. Bir sözlə, əsas iqtisadi göstəricilər uğurludur.
Cari ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları artaraq 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Hesabatlarda qeyd olunduğu kimi Azərbaycan çox inamla inkişaf edir. Sənaye, kənd təsərrüfatı sahələrində böyük işlər görülür. “Neftin yüksələn qiymətləri, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək” kimi proqnozların diqqətə çatdırıldığı hesabatda eyni zamanda qeyd olunur ki, 2018-ci ildə “Brent Crude” neftinin 1 barrelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Demək, beynəlxalq səviyyədə təsdiqlənən, özünü təcrübədə doğruldan, mahiyyətinə və coğrafiyasına görə mühüm əhəmiyyət daşıyan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərin davamlı xarakter daşıması, iqtisadi, sosial və ekoloji məsələləri əhatə edən, biliklərə əsaslanan iqtisadiyyatın dinamik inkişafı, müasir dövrün tələblərinə uyğunlaşdırılması diqqətdə saxlanılır. Deyilənlər onu göstərir ki, sürətlənən iqtisadi islahatların istiqamətləri kimi coğrafiyası da genişlənir, bölgədə sabitliyin təminatına xidmət edir, region dövlətlərinin də iqtisadi yüksəlişinə təsir göstərir.
“Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir” söyləyən dövlət başçımız İlham Əliyevin apardığı qətiyyətli siyasətin nəticəsidir ki, dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan qarşılıqlı əməkdaşlığa sadiq dövlət kimi nümunə göstərilir. İllərlə çəkilən zəhmətin, siyasi iradənin, dövlət başçısının ölkəyə düzgün rəhbərliyinin nəticəsidir ki, inkişafın Azərbaycan modeli nümunə göstərilir.
Dünyanın ən iri neft şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, yeni müqavilələrin imzalanması ölkəmizin təbii resurslarının hasilatına və ixracına imkan yaratmaqla respublika iqtisadiyyatının strateji prioritetlərini müəyyənləşdirir.
Artan neft gəlirlərinin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektorunun formalaşdırılmasına yönəldilməsi, özəl bölmənin təkmilləşdirilməsi, ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaradır. İqtisadi şaxələndirmənin, qeyri-neft sektorunun formalaşdırılması istiqamətində həyata keçirilən əhatəli islahat və layihələrin yeni keyfiyyət və kəmiyyət baxımından müasir tələblərə uyğun davam etdirilməsinin nəticəsidir ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən prosesləri yüksək dəyərləndirir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşmasını təmin edən uğurlar Agentliyin göstəriciləri ilə də təsdiqlənir.
Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə...
Ölkəmizdə mövcud olan daxili sabitlik nəticəsində qazanılan uğurlar iqtisadi inkişafımızın göstəricisidir. Xarici iş adamlarının respublikamıza sərmayə yatırmasının nəticəsidir ki, dünya bazarında Azərbaycan brendi ilə tanınan keyfiyyətli məhsullarımızın sayı artmaqdadır. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə yerli istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün sadalananlar çox mühüm amillərdəndir. Qazanılan iqtisadi uğurlar sosial islahatların tətbiqini də sürətləndirir. İqtisadi, sosial islahatların paralel aparılmasının məntiqi nəticəsi isə ölkə əhalisinin yaşayış tərzinin yüksəlməsi, məşğulluq səviyyəsinin artrılıması ilə nəticələnir.
Cai ilin altı ayında 67 min iş yeri açılmışdır ki, onlardan 58 mini daimidir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir. Hazırda Azərbaycanda işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir.
Pensiya-sığorta sisteminin 2020-ci ilədək texniki cəhətdən yüksəldilməsi, pensiyaların, orta aylıq əmək haqqının artırılması dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqətdir. Son günlərdə əmək haqqı və pensiyaların artımı ilə bağlı imzalanan sərəncamlar dövlət başçısının ölkə əhalisinə qayğısıdır. Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin məntiqi uğuru olan Azərbaycan iqtisadiyyatının şaxələnməsi ilə sosial sahələrdə mühüm nailiyyətlər qazanılmışdır. Sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlərin “Fitch Ratings”, “Moody^s”, “Standart& Poor^s” kimi beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilməsi davam etdirilən düşünülmüş siyasətin ifadəsidir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə ölkəmiz “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına daxil olmuş, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən respublikamızın “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək “yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşması iqtisadi və sosial sahədə qazanılan nailiyyətlərə verilən qiymətdir.
Qeyd olunduğu kimi dünya miqyasında 35-ci yeri tutan, MDB məkanında isə birinci olan, eyni zamanda inklüziv inkişaf indeksinə görə, inkişafda olan ölkələr arasında üçüncü yerdə qərarlaşan Azərbaycan bütün sahələr üzrə rekord göstəricilər qazandığını təsdiqləyir. “İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-nə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Bütün dünya ictimaiyyəti təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı düzgün yoldadır və dinamik inkişaf ölkəmizin sadiq qaldığı siyasətdir. Qazanılan iqtisadi uğurların sosial islahatların həllinə yönəlməsinin nəticəsidir ki, ölkə əhalisinin həyat tərzi gündən-günə yaxşılaşır. Əmək haqqı və pensiyaların artırılması davamlı proses kimi qiqqətdə saxlanılır.
Ölkəmizdə aparılan sosial islahatların məntiqi nəticəsi olan Azərbaycanın əmək haqqı siyasəti sahəsindəki uğurlar Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun hesabatında yüksək dəyərləndirilir. MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayan qurumun nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncü pillədə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
Yəni ölkəmizdə hədəflərə çatmaq üçün qlobal miqyasda çağırışlara cavab verəcək innovasiya və modernləşmə fəaliyyəti keyfiyyətcə yeni müstəviyə qaldırılır. Strateji vəzifə isə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. 2013- 2023-cü illərdə ÜDM-nin artırılmasını başlıca hədəf kimi diqqətdə saxlayan, təbii resurslar baxımından zəngin potensiala malik ölkəmizdə son illərdə həyata keçirilən islahatlar gələcək üçün təminatdır. Bu uğurlar bir daha təsdiqləyir ki, artıq Azərbaycanda keçid dövrü başa çatmış, sərbəst bazar münasibətlərinin qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem formalaşmış, təkmilləşmişdir. Mərhələlər üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsində də məqsəd Azərbaycanı daha çox inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. İnkişafın əsas istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunu genişləndirmək, rəqabət qabiliyyətini yüksəltmək, ixrac imkanlarını genişləndirmək istiqamətində aparılan siyasət özünü doğruldur.
“Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır” söyləyən cənab İlham Əliyev yenə də uğurlar lokomotivinin ən mahir, etibarlı idarəedicisi kimi Azərbaycan xalqını gələcəyə inamla aparır.
Xuraman İsmayılqızı,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə