31 iyul 2018 15:56
1195

Qitələri birləşdirən “Cənub Qaz Dəhlizi” dayanıqlı inkişafı təmin etmək üçün əsas resurs bazasıdır

Çıxışlarında daim Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,   bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl  söylədiyi “Dünya təcrübəsi göstərir ki,  heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bugünkü reallıqlara əsas yaratdı. Qeyd edək ki,  Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək  üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır. Artıq bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edilir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,   “Cənub Qaz Dəhlizi” bu günə qədər görülən işlərin zirvəsidir. BTC və BTƏ  neft-qaz layihələri icra edilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi”ndən danışmaq qeyri-mümkün idi: “Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.” 27 ilə yaxın  müstəqillik tarixinə malik olan Azərbaycanın son 15 ildə qazandığı uğurların miqyasına  diqqət yetirsək, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini böyük fəxr hissi ilə qeyd edərik. Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlət siyasətinin əsasında dayanır. Azərbaycana artan  maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say  tərkibinin genişliyindən də aydın görünür.  Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi  231 milyard dollardan artıqdır.  Bu investisiyaların yarıdan çoxunu  xarici investisiyalar təşkil edir. “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışının, əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi fonunda  ölkə Prezidenti bildirir ki, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edir və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.

Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev  2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində də iqtisadi amilin qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsində  rolunu xüsusi qeyd etmişdir.  “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavab olaraq ölkə Prezidenti bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Ölkə Prezidenti bu reallığı da vurğulamışdır ki, artıq bu istiqamətdə çox böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüz üçün möhkəm baza formalaşdırıb. “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının artmasına yol açdı.   Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir.

2003-cü ildən sonrakı dövrdə qeyri-neft sektorunun inkişafının prioritetliyi  uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi  görülən işlərin nəticəsində qazanılan uğurların təqdimatı oldu. Dövlətimizin başçısı bildirmişdir: “Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.”

Qeyd etdiyimiz kimi, gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir: “Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk... Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.”

Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində  “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, XXV Beynəlxalq Neft və Qaz sərgisinin keçirilərək 25 ilin uğurlarına baxış keçirildiyi bir zamanda  Cənub Qaz Dəhlizinin rəsmi açılışının  olması  Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. “Cənub Qaz Dəhlizi”nin  tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi mərasimində bu məqam da xüsusi qeyd edilmişdir ki, reallığa çevrilən bu layihələr eyni zamanda Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti təzahürləridir. Hər iki dövlətin siyasi iradəsinin və qətiyyətinin nəticəsi olaraq gerçəkləşən layihələr coğrafiyasını genişləndirməklə əməkdaşlığa yeni əlavələr edirlər. Bu layihələrin reallığa çevrilməsi  nəinki iştirakçı, digər dövlətlərin də davamlı inkişafına imkanlar yaradır.  Məhz keçilən  yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir:  “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.” Amma bu məqamı da unutmayaq ki,  neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirməmişdir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alması diqqətdən kənarda qalmır. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığından da aydın görünür. Ölkə Prezidentinin vurğuladığı kimi, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi: “Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycana nəfəs verən, canlanmasına xidmət göstərən  neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol  açır. Son dövrün əsas hədəflərindən olan enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir.

Yeganə Əliyeva,

“İki sahil”