27 iyul 2018 16:41
1534

Ermənistana ironik-ritorik sual: Bu ordu iləmi?!

Bu günlərdə erməni jurnalist David Qalstyanın  “armeniasputnik.am”  saytında  yer alan “Azərbaycanın “Everesti” yaxud Qarabağdakı qurbangah: sonuncu dayanacaq Lələtəpə” sərlövhəli reportajında  Ermənistanın hərbi-siyasi və iqtisadi durumu  bir neçə aspektdən  öz əksini tapıb.  Azərbaycanın 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə zəfərini guya kölgələməyi hədəfləyən reportaj müəllifi bəlkə də fərqinə varmadan əslində Ermənistanın acınacaqlı, səfil durumunu bircə  yazı ilə gözlər önünə sərib.   

Reportaj jurnalistin Xankəndidən Qarabağın cənubundakı təmas xəttinə qədər uzanan uzun yolçuluğunun təsviri ilə başlayır: “Azərbaycan rəhbərliyi 2016-cı ilin aprelində tutulan Lələtəpənin strateji əhəmiyyətini çox vurğulayır, lakin Ermənistan mövqelərindən təpə daha az təhlükəli görünür. Stepanakertdən (Xankəndi- S.A)  Qarabağın cənubuna - təmas xəttinəcən yol uzundu. Yolun yarısından asfalt yol daşlı-kəsəkli, kələ-kötür astar yolla əvəzlənir, toz da ki bir yandan. Bizi ordunun zabiti müşayiət edir. Həmsöhbətimiz qeyd edir ki, son dövrlərdə valideynlər hərbi hissələrə yetişməyin çətin olduğundan şikayətlənirlər. Ancaq özünüz baxın, yol əlbəttə, şəkər deyil, ancaq praktik olaraq maşınlar keçə bilir. Söhbətin gedişatında o izah etməyə çalışır ki, orduda vəziyyət Yerevanda yazılan kimi də deyil. Orduda qidalanma ilə bağlı məlumatlar xüsusilə şişirdilmişdir, reallıqla əlaqəsi yoxdur,- deyə hərbçi bildirir. Baxmayaraq ki, problemlər kifayət qədərdir,- o etiraf edir. Dediklərinin bəziləri ilə razılaşırıq, bəzi söylədiklərinə etiraz edirik. Səfərimizin əsas məqsədi Lələtəpəni və ətraf əraziləri görmək, onun strateji əhəmiyyətini və rolunu qiymətləndirməkdir...”

Yazının elə ilk abzasından Ermənistanda yol infrastrukturunun, xüsusilə də hərbi hissələrə aparan yolların bərbadlığı ilə tanış oluruq. Daha sonra isə Ermənistan ordusundakı acınacaqlı vəziyyəti elə bir erməninin açıqlamasından oxuyuruq.

Yazının sonrakı frazalarında jurnalist Lələtəpəyə yetişdikdə guya ki, strateji yüksəkliyin əhəmiyyətini azaldan kəlmələr işlədir:  “Səngərlə irəliləyirik. Qarşıda artıq Azərbaycan Ordusunun mövqelərini, ilk növbədə də Lələtəpəni görürük. Etiraf edək ki, biz tamam başqa şey gözləyirdik, amma ilk reaksiyamız belə oldu: “elə bu?”

Bu məqamda erməni jurnalistinə xatırlatmaq yerinə düşərdi ki, sadə bir yüksəklik  hesab etdiyi bir “təpə” üçün Ermənistan ordusu o qədər itki verərdimi? Həmin Lələtəpədə Azərbaycan Milli Ordusunun aslanları 30-dək erməni tankını və işğalçı ordunun 320 hərbçisini məhv edib, 500-dən artıq döyüşçüsünü yaralayıb. Azərbaycan əsgəri öz canı bahasına tarixi torpağı olan Lələtəpəni işğaldan azad edib və öz müqəddəs bayrağını görk olaraq oraya sancıb! 

Yazıda jurnalistin qeyd etdiyinə görə, guya Ermənistan hərbi hissələri strateji yüksəkliyin əldən getməsinə baxmayaraq Azərbaycan mövqelərində texnikanın və canlı qüvvənin hərəkətinə tam nəzarət edə bilirlər. Bəs əslində vəziyyət necədir?

Vəziyyətin əslini isə hərbi ekspertlərin qiymətləndirməsindən öyrənirik. Hərbi ekspert Üzeyir Cəfərov mətbuata açıqlamasında Lələtəpə yüksəkliyinin Azərbaycan silahlı qüvvələrinə Horadiz və Füzuli rayonunu nəzarətdə saxlamağa imkan verdiyini bildirmişdi: “Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətində olması o istiqamətdən yarana biləcək təhlükələrin qarşısını alır. Azərbaycan Milli Ordusu hərəkətə keçəcəyi təqdirdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli rayonlarını işğaldan azad edə bilər”.

Birinci Qarabağ müharibəsi qazisi Nazim Bayramov da mətbuata verdiyi məlumatda qeyd etmişdi ki, Lələtəpə yüksəkliyi ordumuza Horadiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almağa imkan verməklə yanaşı, uzaq məsafələrdə belə düşməni gizli cəmləşmə və hərəkət imkanlarından məhrum edən strateji mövqedir”.

Səfərin gedişatında jurnalistə qoşulan Aprel döyüşlərinin iştirakçısı təbii ki, məğlub psixologiyası ilə Lələtəpənin alınmasını böyük uğur hesab etmədiyini dilə gətirsə də, sonra etiraf etməli olur ki, önəmsiz mövqe olmur, aprel döyüşlərində əldən verdikləri ərazilər əhəmiyyətli və strateji mövqelər idi.

Yazının sonrakı abzaslarında erməni hərbçilərin gülünc şəkildə “Biz Lələtəpəni geri ala bilərdik, lakin Azərbaycan tərəfindən fərqli olaraq qurbanların ola biləcəyini nəzərə aldıq”. Erməni hərbçiləri öz dilləri ilə etiraf edirlər ki, Azərbaycan hərbçiləri qanları bahasına irəliləyib Lələtəpədə üstünlüyü qazanıblar. Elədir. Çünki Azərbaycan ordusu bu döyüşdə  öz torpağı üçün, Vətəninin işğaldan azad edilməsi üçün savaşırdı, öz canı haqqında düşünmək Vətənin ərazi bütövlüyündən sonra gəlirdi. Çünki Azərbaycan hərbçisi üçün həmişə ilk öncə Vətən olub! Başqasının torpağını zəbt edən işğalçı bir dövlətin terrorçu qruplaşmalarının nümayəndələri təbii ki, bu müqəddəs missiyanı  anlamaq iqtidarında deyillər.

Yazı fotolarını  nə zaman və harada görə biləcəkləri ilə maraqlanan erməni əsgərlərinin  jurnalistə sual ünvanlaması ilə yekunlaşır.

Reportajda tozlu, kələ-kötür, bərbad yolların, eləcə də  komandirini qorxu dolu nəzərlərlə  süzən, aciz görünüşlü, cılız, zəif erməni əsgərlərinin fotoları da yer alıb. Erməni ordusunun miskin vəziyyətini bütün aydınlığı ilə ortaya qoyan bu fotolara baxdıqca, Ermənistanın müdafiə naziri David Tonoyanın son günlərdə Azərbaycana qarşı işlətdiyi absurd təhdidləri,  gülünc bəyanatları kinayəli təbəssümlə xatırlamamaq qeyri-mümkündür.  “Ermənistan mümkün hərbi əməliyyatlara universal şəkildə hazırlaşır” - bu günlərdə Rusiya mətbuatına müsahibə verən David Tonoyana öz ölkəsinin jurnalistinin qələmə aldığı reportajı və orada yer alan fotoları göstərib elə həmin reportyorun üslubunda  bircə ironik-ritorik sualla  cavab vermək kifayət edərdi:  Bu orduylamı?!

Sevinc Abdullayeva,

“İki sahil”