Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam hər zaman xüsusi yer tutur ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin. Bu gerçəklik ayrı-ayrı ölkələrdə iqtisadi, yaxud demokratik inkişafın birtərəfliliyi fonunda təsdiqlənir.
Bu baxımdan ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində də demokratik inkişaf əsas faktorlardan biri kimi önə çəkilir. Təbii ki, hər bir dövlət əməkdaşlıq əlaqələri qurmaq istədiyi ölkədə demokratiyanın əsas tələblərindən olan ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət göstərir ki, bunlar da öz növbəsində demokratik inkişafın əsas göstəriciləridir.
Dövlətimizin başçısı İlham Əliyevin Belçika və Fransaya, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də ölkəmizin demokratik islahatlar sahəsində qazandığı uğurların əlaqələrin inkişafına verdiyi töhfələr yüksək dəyərləndirildi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu önə çəkərək bildirmişdir ki, ölkəmizdə insan haqları ilə bağlı vəziyyət təqdirəlayiqdir, bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsi vacibdir. Ölkəmizdə qurum arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədinin tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağına əminlik ifadə olunmuşdur.
İlk gündən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu yolda üzləşdiyi çətinliklər məlumdur. Ölkəmizin demokratik inkişafını istəməyən daxili və xarici bədxahlarımız ən çirkin yollara əl atırdılar. Lakin ulu öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti bu maneələrin dəf olunmasını, ölkəmizin demokratik inkişafını şərtləndirdi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Komissiya tərəfindən işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bu günə qədər Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 3 dəfə keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərdən ən ümdəsi insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi olub. 2016-cı ilin sentyabrında keçirilən referendum demokratiyanın inkişafı istiqamətində növbəti addım kimi dəyərləndirildi. Əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmədə təkmilləşməyə xidmət edirdi. 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərdən ən önəmlisi “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə olmuşdur. Belə ki, həmin əlavəyə görə dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifahının təmin edilməsidir. Bu əlavə bir daha dövlətimizin siyasətində insan amilinə böyük dəyər verildiyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyunun İnsan Hüquqları Günü kimi təsis edilməsi də bunun bariz nümunəsidir. Bir sözlə, ölkəmizdə elə bir sahə yoxdur ki, hüquqi baza mövcud olmasın. Müstəqil dövlətimizin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, əlaqələrinin yüksələn xətt üzrə inkişafı, eyni zamanda BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi də ölkəmizin demokratik prinsiplərə sadiqliyinin əyani sübutudur. Dövlətimizin başçısı daim bu fikri bildirir ki, bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsəd Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.
Son 15 ildə ulu öndər Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyev demokratikləşmə prosesinin bir şüar, niyyət olmadığını, ölkənin hərtərəfli inkişafının əsası olduğunu önə çəkərək, bu sahədə həyata keçirdiyi biri-birindən əhəmiyyətli islahatlarla Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə imicinin möhkəmləndirilməsinə əsas yaradır. Bu gün böyük inam və qətiyyətlə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi təqdir olunur və nümunə göstərilir. Əsas budur ki, reallığı olduğu kimi qəbul edib, düzgün dəyərləndirmə aparmağı bacaraq. Dövlətimizin başçısı İlham Əliyevin ötən il Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi iradları xatırlayaq. Ölkə Prezidentinin avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini, iradlarını təşkilatın təmsilçiləri də etiraf etmişdilər. Qurumla Azərbaycanın gələcək inkişafına aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə kampaniyanı ikili standartların növbəti mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq bildirmişdir ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək xarici siyasətini müdrikliklə müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən cənab İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyev görüş zamanı bu faktı da diqqətə çatdırmışdır ki, Avropa Parlamentinin qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı qərəzli mövqe nümayiş etdirildiyi halda qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.
Bu reallıq hər zaman önə çəkilir ki, bəzi QHT-lərin Azərbaycanın demokratik inkişafına qara eynəkdən baxmaları qərəzdən, uğurlarımızı həzm etmək gücündə olmamalarından irəli gəlir. Amma dünyada cərəyan edən proseslərə diqqət yetirdikdə bu reallıq da özünü qabarıq şəkildə büruzə verir ki, demokratik dəyərləndirmə maraqlara uyğun şəkildə aparılır. Bir ölkədə insan hüquq və azadlıqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur, bu, demokratik prinsiplərə hörmət kimi qəbul olunur, amma Azərbaycanda kiçik bir olaya dərhal şişirdilərək demokratiyanın boğulması kimi şərh edilir. Maraqlı yanaşma deyilmi? Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində “Amnesty İnternational” təşkilatının guya ölkəmizdə 19 siyasi məhbusun olması ilə bağlı məlumatına əsasən jurnalistin qərəzli şəkildə verdiyi suala cavabını xatırlayaq: “Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər.”
İşğalçı Ermənistanda cərəyan edən prosesləri xatırlatmaq kifayətdir ki, dünyanın ədalət meyarına hansı şəkildə yanaşdığını diqqətə çatdıraq. Amma dünya mətbuatı bu reallıqların üstündən elə sürətlə keçir ki, sanki yaşananlar demokratiyanın tələblərinə tam şəkildə “cavab verib”. Dünya dövlətləri belə ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu, artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.
Bütün bu yanaşmalara baxmayaraq, Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratiyanı strateji kursunun əsası kimi qəbul edən dövlətimiz heç bir qüvvənin bizi bu yoldan döndərə bilmədiyini bəyan edir, göstərilən cəhdlərin qarşısını qətiyyətlə almaqla bunu əməli işində təsdiqləyir. İyulun əvvəlində baş verən Gəncə hadisələri bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin yanında respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da qeyd olunmuşdur ki, bizim siyasətimizə, iradəmizə şər qüvvələr heç bir təsir edə bilməz.
Azərbaycan hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Vətəndaşların bütün azadlıqları təmin edilir, eyni zamanda onların dövlət qarşısında öz məsuliyyətlərini də dərk etmələri əsasdır.
İstər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin inkişafında əsas faktor olan demokratik tərəqqi bütün istiqamətlərdə özünü təsdiqləyir. Müstəqil mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin normal fəaliyyəti, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi dövlət siyasətinin əsasında dayanır və bu yönümdə davamlı tədbirlər həyata keçirilir. 11 aprel prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixində yeni bir mərhələnin başlanğıcıdır. Qarşıdakı 7 il müstəqillik tariximizin uğurlarının miqyasını daha da genişləndirəcək, Azərbaycan siyasi və iqtisadi islahatların vəhdətliyi fonunda beynəlxalq nüfuzunu artıracaq. İnkişafa geniş yol açan sabitlik xalq-iqtidar birliyinin sarsılmazlığı əsasında daha da möhkəmlənərək, beynəlxalq əməkdaşlıqda yeni-yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açacaq.
Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdən biri də tolerant, multikulturalizm təcrübəsi digər ölkələrə nümunə olmasıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr təqdir olunur.
Ümumiləşdirmə aparsaq, əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, əldə edilən təcrübələrin mübadiləsinə də öz müsbət təsirini göstərir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın inkişaf modeli dünyaya nümunə göstərilsə də, uğurlarımızla kifayətlənməməyi qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyev modernləşməni, yeniləşməni əsas tələb kimi irəli sürür. Siyasi və iqtisadi islahatların dövrün, zamanın tələbinə uyğunlaşdırılması Azərbaycanın demokratik inkişafına yeni-yeni əlavələr edir.
Yeganə Əliyeva,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə