Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın dünyada sabitlik diyarı kimi mövqeyini möhkəmləndirməsində xalq-iqtidar birliyinin rolunu xüsusi qeyd etmişdir. Eyni fikirlər Prezident İlham Əliyevin yanında respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da diqqətə çatdırılmışdır: “Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə də daxili qüvvə sarsıda bilməz.” Uğurlarımıza söykənərək bu əminlik ifadə olunur ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da öz siyasətimizi aparacaq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik.
Qeyd etdiyimiz kimi, hər bir inkişafın təməlində sabitlik dayanır. Ulu öndər Heydər Əliyevin bu tezisi həyata keçirilən siyasətin əsasında dayanır: Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həllindən söhbət gedə bilməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bu amilin ölkənin hərtərəfli inkişafında yeri və rolunu aydın görmək olar. Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət və marağında olub. Tarixi paralellər fonunda bu marağın zamana və inkişafa uyğun olaraq artdığının şahidi oluruq. Belə ki, müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Xarici investorlar qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması tərəddüdləri aradan qaldırdı, Azərbaycanla iqtisadi əməkdaşlıqla maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı, ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması da bu inamı bir daha nümayiş etdirdi. Artıq o zamandan bizləri 24 ilə yaxın zaman ayırır. Bu müddətdə BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi”nin açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verlməsi, ən əsası “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş, sabit ölkə kimi qazandığı nüfuza bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.”
Ölkədə keçirilən hər bir seçki prosesi, bayram tədbirləri, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin statistik rəqəmlərə əsaslanaraq söylədiyi fikirlər bu reallığın təsdiqidir ki, verilən proqnozlar özünü doğruldur, müəyyən dövr üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrilir. Dövlətimizin təkmil sosial-iqtisadi islahatlarını hesabatlarında yüksək dəyərləndirən beynəlxalq maliyyə qurumları Azərbaycanı ən islahatçı, bu nöqteyi-nəzərdən də xoşbəxt ölkə kimi təqdir edirlər. Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olan Azərbaycan bu uğuru ilə həm sosial-iqtisadi islahatlarını dövrün, zamanın tələbinə uyğunlaşdırmasını, həm də regionda qazandığı sabitləşdirici faktor imicinə işıq salır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu Azərbaycanda gedən inkişaf tempinin bu şəkildə davamının növbəti illər üçün qazandıracağı uğurlardan bəhs edirlər. Proqnozlar sırasında ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsaitin daxili olacağı ilə bağlıdır ki, bu da öz növbəsində büdcənin sosialyönümlülüyünə təsir göstərəcək, dövlətin ali məqsədi olan vətəndaşların yüksək rifahının təmin edilməsi istiqamətində davamlı addımların atılmasına stimul olacaq. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması neftlə zəngin digər ölkələrdən fərqli olaraq Azərbaycanda təbəqələşmə prosesinin baş verməməsini şərtləndirir. Ənənəvi keçirilən Davos İqtisadi Forumunun builki 48-ci iclasının mövzusuna diqqət yetirdikdə də sabitliyin, inkişafın, tərəqqinin davamlılığında rolu aydın görünür. “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” mövzusunda keçirilən iclasda qeyd edilmişdir ki, Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlərin davamlılığı, ölkəmizin, həmçinin yüksək beynəlxalq reytinqə malik olması sabitlik, təhlükəsizlik, əmin-amanlıq, yüksək rifah şəraitində yaşayışın dövlət siyasətinin əsasında dayanmasından, bir sözlə insan amilinə verilən dəyərdən irəli gəlir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Ölkəmiz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini qoruyur və möhkəmləndirir. Təkcə bir rəqəmi qeyd etmək kifayətdir ki, Azərbaycanın bu gününə və sabahına inam barədə aydın təsəvvür yaransın. Son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar investisiya qoyulub. Bu onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Dövlətimizin başçısı eyni zamanda bildirmişdir ki, bu rəqəm ölkəmizdə mövcud olan sabitliyin təzahürüdür. Cənab İlham Əliyev hər çıxışında bu məqamı da xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəetmədə təkmilləşmənin bariz nümunəsidir. Fəaliyyətində daha çox sosial məsələlərin həllinə diqqət yönəldən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən il dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ona göstərilən bu etimadı yüksək dəyərləndirərək bildirmişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Mehriban xanım Əliyevanın bu fikirləri ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin keçirilən hər bir iclasında məmur-vətəndaş münasibətlərinə diqqət yönəldərək verdiyi tapşırıqların davamı, bir tərkib hissəsi kimi də qəbul olunur. “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları!.. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”
Dövlətimizin siyasətində “neft kapitalını insan kapitalına çevirək” tezisinin əsas götürülməsi beynəlxalq səviyyədə də təqdir olunan mühüm addımlar sırasındandır. İqtisadi inkişaf yeni texnologiyaların tətbiqi ilə zəncirvari bağlı olmasını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Yeni texnologiyaların tətbiqi davamlı inkişafı təmin edən əsas amil kimi qeyd edilir, bu isə öz növbəsində idarəetmədə təkmilləşməyə yol açır.
Yeganə Əliyeva,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə