Fransa Avropanın ən müasir və inkişaf edən ölkələrindən biridir. Ərazisinin böyüklüyünə görə də Avropada Rusiya və Ukraynadan sonra üçüncü yerdədir və 70 milyona yaxın əhalisi var. Bu ölkə dünyada, eləcə də Avropa İttifaqında iqtisadi, siyasi, mədəni çəkisinə görə də fərqlənir.
Ona görə də SSRİ-nin süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu Avropa ölkəsi ilə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olub. Önəmli faktlardan biri də odur ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyan, həmin ilin fevralında isə diplomatik əlaqələr yaradan ilk xarici ölkələrdən olub. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub.
Ancaq bütün bunlara baxmayaraq, bu ölkədəki erməni lobbisinin güclü olması səbəbindən Azərbaycan-Fransa münasibətləri ilkin mərhələdə nisbətən zəif inkişaf edib, hətta bəzi hallarda ermənilər bundan yararlana da biliblər. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti gücləndirilib. 1993-cü ildən etibarən Avropa dövlətləri, xüsusən də Fransa ilə əlaqələrin genişləndirilməsinə başlanılıb. 1993-cü ilin sonlarında ulu öndər Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb və xaricə ilk rəsmi səfərini Fransa Prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ulu öndər Heydər Əliyev Parisdə olduğu zaman ATƏM-in əsas müqavilələrindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan “Paris Xartiyası”nı da imzalayıb. F.Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan edib. O, münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü bildirib. F.Mitteran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda vəziyyətin daha gərgin olduğunu təsdiqləyib və Fransanın evlərini və torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini deyib. Ümummilli lider də F.Mitterana Azərbaycanın Fransa ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini, onun sərhədlərin toxunulmazlığı barədə bəyanatını yüksək qiymətləndirdiyini bəyan edib. Beləliklə də bu səfərdən sonra Azərbaycan-Fransa iqtisadi əlaqələri genişlənməyə başlayıb.
Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyev bu ölkə ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirərək irimiqyaslı işlər həyata keçirib. 2003-cü ildə Prezident seçilən İlham Əliyev xaricə ilk rəsmi səfərinə Fransadan başlayıb. Prezident 2004-cü (2 dəfə), 2006-cı (2 dəfə), 2007-ci (2 dəfə), 2009-cu, 2012-ci, 2014-cü (2 dəfə), 2015-ci, 2017-ci və bu illə birlikdə Fransaya ümumilikdə 13 dəfə səfər edib.
2011-ci ildə Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub. Bu səfər çərçivəsində Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi olub və Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edib.
2014 və 2015-ci illərdə Fransanın sabiq prezidenti Fransua Olland Azərbaycana rəsmi səfərlər edib. Cənab İlham Əliyev və Fransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib. İki ölkə arasında mühüm sənədlər imzalanıb. İki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və bir çox sahələri əhatə edir. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır.
Prezident İlham Əliyevin daha bir önəmli səfəri isə bu ilin iyulun 19-da reallaşdı. Belə ki, Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edən Prezident İlham Əliyev bir sıra önəmli görüşlər keçirdi. Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransada prezident Emmanuel Makron, eləcə də bu ölkədə fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər əlaqələrin daha da dərinləşməsinə, yeni müstəviyə yüksəlməsinə stimul vermiş oldu. Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronun adından Prezident İlham Əliyevin şərəfinə verilən naharda iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Bildirildi ki, Fransa münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha fransalı həmkarının diqqətinə çatdırdı.
Azərbaycanın mövqeyi isə dünya birliyinə artıq bəllidir: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin.
Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçılarının iştirakı ilə imzalanan yeni sənədlərdə Fransanın Azərbaycanla ikitərəfli əlaqələrinin daha da genişlənməsinə böyük önəm verilir. Nəticə isə qürurvericidir: Fransa şirkətləri ölkəmizdə bir sıra sosial infrastruktur layihələrin həyata keçirilməsinə öz köməyini göstərəcək. Belə ki, “Azərkosmos” ASC ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi bağlandı. “Azərsu” ASC və “SUEZ Group” arasında Niyyət Sazişi, “Azərbaycan Hava Yolları” QSC ilə “Modern Construction Group” və “Thales” şirkətləri arasında Anlaşma Memorandumu, 3 müqavilə və Niyyət Məktubu imzalandı.
Prezident İlham Əliyevin Parisdə Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji və Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə keçirdiyi görüşlərdə də Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan söz açıldı, həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, “Cənub qaz dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulandı. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olundu.
Bu görüşlərdə səslənən fikirlərdən bəlli oldu ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, aparılan müzakirələr Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək.
Belə ki, Prezident İlham Əliyevin Fransanın 11 şirkətinin nümayəndəsi ilə səmərəli görüşləri isə əlbəttə ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdı. Onu da vurğulayaq ki, görüşlər nəticəsində yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə 2,3 milyard dollarlıq yatırım anlaşmaları imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.
Elçin Zaman,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə