“Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir” söyləyən Prezident İlham Əliyevin sözlərini reallaşdıran amillər çoxdur.
Azərbaycanın qonşu dövlətlərlə münasibətləri çox formatlı, qarşılıqlı hörmət prinsipləri əsasında davam edir və hazırda ən yüksək səviyyədədir. Azərbaycanın təşəbbüslərinin reallaşması naminə yaradılan əməkdaşlıq formatları işlək olmaqla dünya siyasətinə təsir edən amildir. Üç və dördtərəfli münasibətlərin iştirakçı dövlətlərin milli maraqları əsasında inkişafı regional sabitliyə, təhlükəsizliyə də müsbət təsirini göstərir. Regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün əməkdaşlıq formatları böyük rol oynayır. Beynəlxalq təşkilatlarda təmsilçiliyə böyük önəm verən Azərbaycanın diplomatik gedişlərinin dünya birliyi tərəfindən dəstəklənməsinin nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdar olan Azərbaycanın mövqeyini müdafiə edən önəmli qətnamələr qəbul olunmuşdur. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatların münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələri hüquqi baza kimi önəmlidir.
Cari ilin birinci yarısında ölkəmizdə keçirilən mötəbər tədbirlər respublikamızın beynəlxalq nüfuzunu artırır, Azərbaycan dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim olunur. Yarandığı gündən böyük hörmət qazanmış və tərəfdarları artmış, mühüm məsələlərin müzakirə olunduğu Bakı Qlobal Forumunun beynəlxalq platforma kimi əhəmiyyəti artır.
Ən əsası odur ki, dünya siyasətini düşündürən problemlərin həlli yolları sabit ölkə kimi tanınan Azərbaycanda müzakirə olunur.
Üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının Bakıda təşkili qurumda təmsil olunan 120 ölkənin Azərbaycana olan inamın təzahürüdür.
“Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm ki, mən bütün görüşlərdə həmkarlarıma və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri çatdırıram” söyləyən Prezident İlham Əliyevin son üç ayda bu istiqamətdə apardığı siyasət, Azərbaycanın enerji ilə bağlı təşəbbüslərinin reallaşması göstərir ki, beynəlxalq təşkilatlarda ölkəmizin fəaliyyəti yüksək dəyərləndirilir.
Təbii ki, bu əməkdaşlıq coğrafiyasında Avropa ölkələrinin çəkisi və sayı artmaqdadır. Azərbaycan bütün ölkələrlə, bütün güc mərkəzləri ilə əməkdaşlığı səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər əsasında davam edir.
Cari ilin birinci yarısı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından zəngin olmuşdur.
Neft strategiyasının uğurlarından olan “Cənub Qaz Dəhlizi” və TANAP-ın açılış mərasimlərində iştirak edən dövlətlərin sayının artması, enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi aparılan xarici siyasətin, qarşılıqlı anlaşma prinsiplərinə sadiqliyin ifadəsidir. “Cənub Qaz Dəhlizi”nin açılışında iştirak edən Avropa ölkələri rəsmilərinin Azərbaycanla bağlı söylədikləri Cənubi Qafqazın lider ölkəsi olan ölkəmizin dünya siyasi, iqtisadi platformasında qazandığı uğurlara verilən dəyərdir. “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkənin -Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirakı geniş beynəlxalq əməkdaşlıq formatıdır. Üç Balkan ölkəsinin - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar sırasına qoşulması Azərbaycan - Avropa İttifaqı əməkdaşlığının uğurlu davamının təsdiqidir. “Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.” Cənab İlham Əliyevin sözlərini açılışda çıxış edən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirkin, OPEK-in baş katibi Məhəmməd Varkindonun, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinin, “BP Group Upstream”ın baş icraçısı Bernard Luneyin də təsdiqləməsi o deməkdir ki, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan ölkəmizin təşəbbüsləri dünyəvi əhəmiyyət daşıyır.
Azərbaycan -Avropa dövlətləri arasında möhkəmlənən əlaqələrə nümunələr isə dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlərdə tərəfləri maraqlandıran və qitə üçün önəmli məsələlərin müzakirəsidir.
Cari ilin may ayında Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəmizə səfəri hər iki dövlət arasında əlaqələrin uğurlu inkişafı üçün qətiyyət və siyasi iradənin olduğunu göstərir. Serbiyalı qonağın azərbaycanlı həmkarına “ Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz” sözləri Azərbaycan diplomatiyasına verilən dəyərlər silsiləsindən nümunədir.
Dünya siyasətinin daha da mürəkkəbləşdiyi, təhlükələrin, terrorların, risklərin , münaqişə ocaqlarını alovlandıran amillərin aradan qaldırılmasına heç bir cəhdin göstərilmədiyi, miqrant ordusunun çoxaldığı bir məqamda sülhsevər siyasətini beynəlxalq təşkilatlarda bildirən, bu istiqamətdə lazımi dəstəyə hər zaman hazır olduğunu əməli ilə sübut edən Azərbaycanın xarici siyasətinin əsasında bütün dövlətlərlə qarşılıqlı anlaşma prinsiplərinə sadiqlik dayanır.
Prezident İlham Əliyevin bu günlərdə Brüsselə səfəri zamanı keçirdiyi görüşlər, söylədiyi “Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir” sözləri beynəlxalq təşkilatlarla səmərəli, işgüzar, bərabər hüquqlu münasibətlərin davamını şərtləndirir.
Bəllidir ki, zamanın mürəkkəb çağırışlarına hazır olan dövlətlərin beynəlxalq aləmdəki mövqeyini şərtləndirən amillərin ən önəmlisi siyasi-iqtisadi müstəqillik, yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini əks etdirən kursun nəzərə alınması, hərbi qüdrətin gücləndirilməsi, başqa ölkə və beynəlxalq təşkilatlardan maliyyə asılılığının minimuma endirilməsi, diplomatik əlaqələrində sərbəst olmasıdır. Bu istiqamətlər üzrə sözünü inkişafı, hərbi qüdrəti, diplomatik uğurları ilə təsdiqləyən Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əhəmiyyəti beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da etiraf olunur.
Prezident İlham Əliyevin bu günlərdə Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının (Aİ) rəhbərləri, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlara töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Qətiyyətli Dəstək Missiyası üzrə Şimali Atlantika Şurasında keçirdiyi görüşlər, imzalanan sənədlər tarixi məqamları ilə yadda qalmaqla Azərbaycan-Avropa İttifaqı arasında möhkəmlənən əməkdaşlığın ifadəsi idi.
Aİ Şurasının prezidenti Donald Tuskla görüşü zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat məsələləri ilə bağlı fikir mübadiləsi aparan, perspektivlərdən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələrin qitə dövlətləri üçün əhəmiyyətini diqqətə çatdırdı.
Azərbaycan -Aİ arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənədi, ölkəmizlə Avropa, Qərb arasında siyasi, iqtisadi, energetika, nəqliyyat sahəsindəki əməkdaşlığı yeni mərhələ kimi dəyərləndirmək olar. Ölkələrin ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi və bütün Şərq Tərəfdaşlığı ölkələrində münaqişələrin nizamlanmasına vahid yanaşmada da Azərbaycanın israrlı mövqeyi nəzərə alındı.
Ölkəmizin beynəlxalq güc strukturları ilə əlaqələri diplomatik qaydalara uyğun, qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirilir. Dünyanın ən güclü təşkilatı NATO siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Brüssel səfəri çərçivəsində NATO-nun mənzil qərargahında keçirilən görüşdə bildirildi ki, Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Şimal Alyansa üzv dövlətlərin ölkəmizin siyasi müstəqilliyinə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə göstərdiyi dəstək güclü müdafiə qüdrətinə malik ölkəmizə inamdan qaynaqlanır.
Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlığının bariz nümunəsi İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, mühüm əhəmiyyətli sənədlərin imzalanması, İtaliya-Azərbaycan dostluğunun nümunəsi olan Sumqayıt Kimya Sənayesi Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun istifadəyə verilməsi idi. Mərasimlərdə qeyd olundu ki, hər iki dövlət arasında siyasi, iqtisadi, ticari əlaqələrin bundan sonra da qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında davamı qitə üçün töhfədir. Səfərin əhəmiyyətini “ Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi, ikitərəfli əlaqələrimiz - bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür” sözləri ilə ifadə edən Prezident İlham Əliyev, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in hazırkı sədri İtaliyanın münaqişənin həllində böyük rol oynayacağına əminliyini ifadə etdi. Sercio Mattarella “Bizim münasibətlərimiz siyasi, iqtisadi, energetika baxımından təbii ki, ən əhəmiyyətli rola malikdir” söyləməklə onu da bildirdi ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı Azərbaycanın xidmətlərini İtaliya yüksək dəyərləndirir.
Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun digər üzvü Fransaya səfəri, dövlət başçımızın yüksək səviyyədə qarşılanması da xarici siyasətimizin uğurudur. Səfər zamanı 2,3 milyard dollarlıq müqavilələrin imzalanması Avropanın ən qüdrətli ölkəsi olan Azərbaycan-Fransa əlaqələrini sürətləndirməklə hər iki dövlətin iqtisadiyyatına mühüm töhfədir. Ölkəmizdə 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Dünyanın mədəniyyət beşiyi adlandırılan Fransa ilə ölkəmiz arasında mədəni, humanitar əlaqələrin genişlənməsində xüsusi xidmətləri olan respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq və humanistlik fəaliyyətini fransızlar yüksək dəyərləndirirlər. Azərbaycanda Fransız Liseyinin, Fransız- Azərbaycan Universitetinin açılması hər iki ölkə arasında təhsil sahəsində davam etdirilən əməkdaşlığın ifadəsidir.
Deyilənlər qısa zaman çərçivəsində Azərbaycanın xarici siyasətini əks etdirən bəzi nümunələr idi. “Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi xarici siyasətimizin qarşıdakı illər üçün də əsas perspektivlərindəndir.
Xuraman İsmayılqızı,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə