Əbəs yerə deyilmir ki, məqsəd uğurların başlanğıcıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək uçün son 15 ildə bölgələrin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul olunub. Artıq üçüncü proqramın icrası bu il başa çatır. Hər bir sənəd özündə konkret görüləcək işləri və icra mexanizmini əks etdirir. Yeni iş yerlərinin yaradılmasını qeyri-neft sektorunun, bölgələrin inkişafı kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq birinci Dövlət Proqramının əhatə etdiyi 2004-2008-ci illərdə 5 min yeni iş yerinin açılması nəzərdə tutulurdu. Sənədin icrası bu rəqəmin 600 minə çatdırılması ilə başa çatdı. Son 15 ildə ümumilikdə bir milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. Dövlət proqramlarının uğurlu icrası nəticəsində işsizlik və yoxsulluğun səviyyəsi bu gün 5 faizdir. Nazirlər Kabinetinin son iclasında cənab İlham Əliyev bir daha bildirmişdir: “ Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır.” Dövlətimizin başçısı bunu belə əsaslandırır ki, bəzi ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür: “Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır... Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq.” Məhz bu məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhranından uğurla çıxdı, iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Ölkəmizin bu uğurunu beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi də təsdiqləyir. Dünya Bankının açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında bildirilir ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır. Bunu ölkəmizin həmin hesabatda 65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir. Ölkəmiz, həmçinin Minilliyin İnkişaf məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Bütün bu uğurların davamlılığını təmin etmək üçün dövlətimizin başçısı İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji yol Xəritəsi” təsdiqlənmişdir. Bu Strateji Yol Xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu xəritələr milli iqtisadiyyatın perspektivini, neft-qaz sənayesinin inkişafını, kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalını, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafını nəzərdə tutur. Əvvəldə də qeyd etdiyimiz kimi, əsas hədəfin düzgün seçilməsi və buna çatmağın yollarının müəyyənləşdirilməsidir. Azərbaycanın 27 ilə yaxın müstəqillik tarixini təhlil etdikdə ayrı-ayrı dövrlər üçün müəyyənləşdirilən hədəflərə nail olmaqla bugünkü uğurlara geniş yol açıldığının şahidi oluruq.
Bu günümüzün əsas çağırışı isə budur - Daxili bazarımız, yerli istehsal qorunsun, inhisarçılıq hallarına qarşı mübarizə gücləndirilsin, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində də önəmli addımlar atılır. Son 15 ildə ölkə iqtisadiyyatına qoyulan 231 milyard dollara yaxın investisiyanın böyük hissəsini xarici investisiyalar təşkil edir. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. O da məlumdur ki, ölkə Prezidenti İlham Əliyev 2016-cı il 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi - dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün böyük inamla bildiririk ki, Azərbaycan brendi dünyaya səs salıb. “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir” söyləyən dövlətimizin başçısı bu əminliyi ifadə edir ki, iqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsi imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektoruna xarici sərmayə daha böyük həcmdə qoyulsun. Ənənəvi kənd təsərrüfatı sahələrinin-pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və s. inkişafı, özünüməşğulluğun təminatı, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-in və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması bir məqsədə xidmət edir: Sosial-iqtisadi sahədə davamlı inkişafa nail olmaq, ölkənin hərtərəfli inkişafını təmin etmək. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır. Özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. “Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var” söyləyən ölkə Prezidenti bildirir ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaq, ailələrini saxlayacaq və ölkə iqtisadiyyatına töhfələr verəcəklər.
Göründüyü kimi, kiçik və orta sahibkarlığın inkişafına dəstək davamlıdır. O da məlumdur ki, 2015-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmana əsasən sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır. Bu müddət ötən il cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilədək uzadıldı. Daim qeyd olunduğu kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sistemində təkmilləşmə aparmaq mütləqdir. Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti prioritetləri açıqlayarkən bildirmişdir: “Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidir ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyına ziyan vurmamaq... Hamı qanun qarşısında bərabər olmalıdır.” Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Ölkə Prezidenti İlham Əliyev əminliklə bildirir ki, dünya bazarında mövqeyimiz möhkəmləndikcə, Azərbaycan məhsullarına tələbat çoxaldıqca, nailiyyətlərimiz də artacaq.
Yeganə Əliyeva,
“İki sahil”
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə