24 iyul 2018 15:19
1125

Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığı artır

ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər

“Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişafı, qarşılıqlı səfərlərin say tərkibinin, ev sahibliyi etdiyimiz beynəlxalq səviyyəli tədbirlərin miqyasının genişliyi və s. kimi mühüm amillərlə əsaslandırır.

Ən əsası xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya dövlətlərinin, təşkilatların mövqeyi, qəbul etdikləri qərar və qətnamələr Azərbaycana beynəlxalq dəstəyin göstəricisidir.

Xarici siyasətində Avropa istiqamətinə xüsusi önəm verən Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı son addımlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin Belçika və Fransaya, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, səfərlər çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən sənədlərin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Hər bir səfər ölkələrin iqtisadi imkanlarının təqdimatında, eyni zamanda reallıqlarımızın dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rola malikdir.

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzusu olan dövlətimizin başçısı İlham Əliyevin Fransa səfərinə üç istiqamətdən diqqət yönəldilir: Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını artırması və Fransa ilə əlaqələrin inkişafının Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafını stimullaşdırması.

Səfər zamanı ölkə Prezidenti İlham Əliyev Fransa Prezidenti Emamnuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirmişdir. Cənab İlham Əliyevin səfərinə göstərilmiş yüksək diqqət ölkə Prezidentinin simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Qeyd edilmişdir ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır. Bu rəqəm də açıqlandı ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs olunmuşdur. May ayında açılışı olan “Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında roluna bir daha işıq saldı. Xatırladaq ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Fransaya səfəri çərçivəsində Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşü olmuşdur. Həmin görüşdə Azərbaycanın neft və qeyri-neft sektorunda mövcud imkanlarından geniş bəhs edən cənab İlham Əliyev bu reallığı qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda çox güclü əlaqələrimiz vardır. İcra olunan və icrası davam edən layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev təkmil islahatların davamlı inkişafa, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə geniş yol açdığını bildirmişdir.

Ölkə Prezidentinin bu günlərdə reallaşdırdığı Fransa səfəri bir daha iki ölkə arasında əlaqələrin dünəninə və bu gününə işıq saldı. Səfər zamanı Prezident İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “CIFAL” qrupunun prezidenti Jil Remi, “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi,  “Wilmotte & Associes Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye, “SUEZ”” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Nava”l” qrupunun sədri və baş direktoru Erve Giyu və s. ilə görüşlər keçirmişdir. Hər bir görüş iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafına töhfə kimi dəyərləndirildi. Yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri ilə görüş nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanmışdır. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Bir sözlə, Azərbaycan dünyada, Avropada, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir və buna adekvat münasibətə layiq görülür.

Əvvəldə də qeyd etdiyimiz kimi hər bir səfər yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsində mühüm rol oynayır. Cənab İlham Əliyev daim bəyan edir ki, Dağlıq Qarabağ probleminin həlli yolları bəllidir. Mövqeyimiz dəyişməzdir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. ATƏT də bu məsələ ilə bağlı öz bəyanatını səsləndirir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Münaqişənin həlli yolu budur.

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin mövqeyi təbii ki, ölkəmiz üçün xüsusi önəm daşıyır. Ölkə Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bu baxımdan daha çox təhlil olunur. Dövlətimizin başçısının səfər çərçivəsində keçirdiyi görüşlərdə də Dağlıq Qarabağ problemi əsas müzakirə mövzularından olmuşdur. 20 faiz torpağımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşadığı bir daha diqqətə çatdırılmışdır. Məlum olduğu kimi, ötən il Dağlıq  Qarabağ problemini müzakirə etmək məqsədilə martın 8-də Ermənistanın keçmiş prezidenti S.Sarkisyan Fransa prezidentinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Həmin səfərdə diqqət çəkən məqamlardan biri də Ermənistan rəhbərinin ölkəsi barədə yüksək fikirdə olması, innovasiyalar ölkəsi kimi təqdim etməsi olmuşdur. İşğalçı ölkənin rəhbərinin səfərindən sonra dövlətimizin başçısı cənab İlham Əliyevin Fransaya səfəri olmuşdur. Cənab İlham Əliyev Ermənistanın keçmiş prezidentinin xarici iş adamlarını ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışmasını belə cavablandırmışdır: “O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var- əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin.. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.” Ermənistanın yeni hakimiyyəti də bu gün əvvəlki ənənəni davam etdirməkdə, ölkədə narazılığı son həddə çatdırmaqdadır. 

Bu günün əsas çağırışlarından biri təbii ki, bu günə qədər kağız üzərində qalan qərar və qətnamələrin icrası üçün konkret addımların atılmasıdır. Baxmayaraq ki, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur, hələ ki, konkret icra mexanizminin “müəyyənləşdirilməməsi” işğalçı Ermənistanın əsassız iddialarını daha da genişləndirməsinə stimul verir. Müəyyənləşdirilmədiyini ona görə dırnaqarası qeyd edirik ki, tətbiq mexanizmləri maraqlara uyğun həyata keçirilir. Qısa desək, dünya hüquq problemini çözməkdə çətinlik çəkir.

Dövlətimizin başçısı İlham Əliyevin Fransa səfəri bu kimi məqamların açıqlanmasında yardımçıdır. Sirr deyil ki, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Bu gün Azərbaycan diasporunun gücündən nə qədər bəhs etsək də, hələlik ki, erməni diasporunun yalan, əsassız təbliğatı öz işini görməkdə davam edir. Tarixi vərəqləsək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk xarici rəsmi səfəri Fransadan başlamışdır. Eyni ənənəni cənab İlham Əliyev də davam etdirmişdir. Belə ki, 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev ilk səfərini 2004-cü ilin yanvarında Fransaya etmişdir. Bu fikirlər hər zaman önə çəkilir ki, dünyada Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparan ermənilərin və erməni diasporunun olduğunu unutmamalıyıq. Tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımız erməni yalanlarının ifşa olunmasına, həqiqətə həqiqət gözü ilə baxmağa geniş imkanlar açır. Azərbaycan dövlətinin, xalqının gözləntisi budur ki, dünya bu imkanlara əsaslanaraq özündə işğalçı Ermənistanı cəzalandırmaq gücü tapsın.

O da məlumdur ki, həmsədr dövlətlərin ayrı-ayrılıqda təşəbbüskarlığı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri keçirilib. Ermənistan tərəfi hər görüşdə müxtəlif bəhanələrlə yayınmağa, yaxud sülh danışıqlarına sadiqlik görüntüsü yaratmağa səy göstərib. Hər görüş, danışıq problemin həlli istiqamətində mühüm addım olsa da, konkret nəticənin olmaması narahatlıq yaradan amillərdəndir. Azərbaycan sülh danışıqlarına sadiqliyini atdığı hər addımında təsdiqləyir. Amma bu reallıq da hər zaman bəyan edilir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı azad etmək üçün digər varianta üstünlük veriləcək.

Azərbaycan dövlətinin ədalətə əsaslanan mövqeyi beynəlxalq aləmdə dəstəklənir. Qeyd etdiyimiz kimi, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasəti pislənir, işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxması qeyd olunur. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan rəsmi Bakının gözləntisi təbii ki, fərqlidir. Bu baxımdan ki, həmsədr dövlətlər işğalçı Ermənistana təzyiq göstərmək, ədaləti müdafiə edib, məsələnin tezliklə həllinə dəstək vermək məsuliyyətindədirlər. Amma təəssüflər olsun ki, məsuliyyət hələ də tərəflərin özündə görülür.

Ümumiləşdirmə aparsaq, Fransa-Azərbaycan əməkdaşlığı bütün istiqamətlərdə uğurla inkişaf edir. “Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir” söyləyən cənab İlham Əliyev qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını bildirmişdir. İnkişaf modeli nümunə göstərilən Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğunu təsdiqləyən amillərdən biri kimi fransalı iş adamlarının ölkəmizlə əməkdaşlığını önə çəkən ölkə Prezidenti əlaqələrin coğrafiyasının genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırmışdır.

Səfər ölkə Prezidenti İlham Əliyevlə fransalı həmkarı Emmanuel Makron arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da mühümdür. ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər. Həmçinin Fransanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olduğunu nəzərə alsaq, bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından da mühümdür. Səfər zamanı aparılan danışıqlar, imzalanmış sazişlər bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir. Əlaqələrin inkişafı fonunda Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşmaya inam formalaşmaqdadır.

Yeganə Əliyeva,

“İki sahil”