21 iyul 2018 19:19
2449

Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir

       Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bir daha Azərbaycanın regionun təhlükəsizliyinin təmin edilməsinə töhfələrini diqqətə çatdırdı   

    Dövlətimizin başçısı İlham Əliyev reallıqlara söykənərək böyük inamla bildirir ki,    Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır. Son  15 ildə dünyanın müxtəlif bölgələrində,  Avropada çox təhlükəli proseslər baş verib: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir.  Ölkə Prezidenti bu əminliyi ifadə edir: «Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq.»

   Azərbaycan bu gün dünyada sabitlik diyarı kimi tanınır. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu sahələrdə əldə etdiyi uğurlar göz önündədir. Demokratiyanın sabitliyin, qanunun aliliyinin təmin edildiyi ölkədə inkişaf etdiyini nəzərə alsaq, dövlətimiz daim bu istiqamətdə davamlı addımlar atmış, ən əsası Azərbaycan regionda sabitləşdirici faktor kimi nüfuz qazanmışdır. Azərbaycanın tolerantlıq təcrübəsi nümunədir, multikultural dəyərlərin inkişafına töhfələri davamlıdır.  Bu gün dünyada cərəyan edən hadisələrə,  baş verən qarşıdurmalara diqqət yetirdikdə ölkəmizin qazandığı sabitləşdirici rolu  daha aydın görünür.

     Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında  sabitliyin təminatçısı kimi xalq-iqtidar birliyi, qanunun aliliyinin təmin edilməsi  xüsusi yer tutur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu son 15 ildə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanın davamlı inkişafını şərtləndirir. Atılan hər addımın əsasında özünə diqqət və qayğının şahidi olan xalqımız ölkə Prezidentinin ətrafında sıx birləşərək, hər birimizin qurur mənbəyi olan Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə öz töhfələrini verirlər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 11 aprel prezident seçkilərində qələbə xalqımızın son 15 ildə  əldə olunan uğurlara, görülən işlərə dəyəridir. Xalq-iqtidar birliyinin sarsılmazlığı sabitliyin təminatçısı  kimi daim davamlı inkişafa yol açır. Sabitliyin, təhlükəsizliyin təmin edilməsi, insanların əmin-amanlıq şəraitində yaşayışı dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.

    Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçıları ilə görüşündə də ölkəmizin bu sahədə qazandığı uğurlardan geniş bəhs olunmuşdur.

    Azərbaycanın bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində, iştirakçısı və təşəbbüsçüsü olduğu layhələrin uğurlu icrasında  bu faktorun rolu inkaredilməzdir. Cari ildə enerji sektorunda əldə olunan uğurlar sırasında xüsusi qeyd olunan Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi  mərasimlərində də Azərbaycanın regionun təhlükəsizliyinin təminatına verdiyi biri-birindən önəmli addımlar qeyd edilmişdir.

      Keçirilən hər bir görüş, eyni zamanda, hər bir beynəlxalq səviyyəli tədbirlərdə günümüzün əsas çağırışlarına diqqət yetirilir, fikir mübadiləsi aparılmasına mühüm zəmin yaradır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qeyd edilən görüşdə  xüsusi vurğulamışdır ki, MDB Daxili İşlər Nazirləri Şurası  cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır. Hər bir dövlət bu kimi məsələlərin  həllini  tapmasında malik olduğu imkanları ortaya qoymaq, səylərini birləşdirmək əzmindədir. Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu bildirən Mehriban xanım  Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı inkişaf etdirmək olduğunu diqqətə çatdırmışdır.  MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir. Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına davamlı töhfələr verir.

     Görüşdə  ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu önə çəkən Azərbaycanın Birinci  vitse-prezidenti qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın vacibliyini diqqətə çatdırmışdır.

     Qeyd edək ki, Yer üzərində sülhün bərqərar olunması, xalqların qardaşlıq, dostluq şəraitində yaşaması üçün təşkil olunan  bütün danışıqlarda  sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqət çəkən dövlətimizin başçısı  İlham Əliyev  dəfələrlə bildirib ki, müasir dünyamızın əsas çağırışları əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, vahid mövqenin ortaya qoyulmasını bir zərurətə çevirir.   Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının uzvü kimi sədrlik etdiyi  iclaslarda da terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlərdən geniş bəhs edən cənab İlham Əliyev bildirirdi ki,   Azərbaycan terrorçuluğun bütün forma və  təzahürlərini qəti surətdə pisləyir.  Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizim və mütəşəkkil cinayətkarlığa bağlılığı var. Bu fakt da ən yüksək tribunalardan bəyan edilir ki,  Ermənistanın  Azərbaycanın mülki əhalisinə və  infrastrukturuna  qarşı törətdiyi  terror aktları nəticəsində  2 mindən artıq  dinc əhali qətlə yetirilmiş,  həmin  vəhşiliyin kulminasiya nöqtəsi olan Xocalı şəhəri bir gecədə dağıdılmış, bütün əhalisi məhv edilmiş, insanlar diri-diri basdırılmış, yandırılmışdır.  «Beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna  inteqrasiya edilib» söyləyən Prezident İlham Əliyev bildirir ki, ermənilərin  soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti  nəticəsində ermənilərin nəzarətində olan Azərbaycanın işğal olunmuş əraziləri terrorçuluqla bərabər separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və  silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir.

   Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da qeyd olunan görüşdə bu məsələyə diqqət yönlətmişdir: «Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.»

     Əvvəldə də qeyd etdiyimiz kimi, bu kimi  görüşlər  qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmaq üçün imkanlar yaradır. Ən əsas  reallıqlarımız əsaslı şəkildə diqqətə çatdırılır. Azərbaycan daim öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir.  Dünya siyasətçilərinin də etiraf etdikləri kimi,   təhlükəsizliyin təminatçısı olan  Azərbaycan beynəlxalq antiterror koalisiyasına fəal  şəkildə  töhfə verən ölkə olduğunu əməli işi ilə təsdiqləyib. Həssas regionlara yaxın ərazidə yerləşən Azərbaycan  təbii olaraq milli  səviyyədə  geniş tədbirlər görməkdədir və terrorçuluğun qarşısının alınması üçün beynəlxalq səyləri dəstəkləyir, müdafiə edir. Beynəlxalq terrorizmə qarşı koalisiyada təmsil olunmaqdan imtina edən  işğalçı Ermənistan  bu addımı ilə də dövlət səviyyəsində həyata keçirdiyi terroru dəstəklədiyini təsdiqləyir. 

     Keçirilən görüşdə bu kimi məsələlər bir daha müzakirə olunaraq, ədalət prinsipinə söykənərək, zəruri addımların atılmasının vacibliyi bildirilmişdir. Rusiyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının sədri Vladimir Kolokoltsev  birgə səylərin vacibliyini önə çəkərək  qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırmışdı.

    Bölgədə və dünyada sabitliyin, təşlükəsizliyin təminatı davamlı inkişafın əsas şərtlərindən biridir. Bütün istiqamətlərdə biri-birindən önəmli uğurlara imza atan Azərbaycan yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ümumilikdə bölgənin inkişafına böyük maneə olduğunu bəyan edərək, beynəlxalq təşkilatların kağız üzərində qalan qərar və qətnamələrinin icrasının zamanı olduğunu bildirir.

Yeganə Əliyeva,

«İki sahil»