Tanınmış şəxsiyyətlərin həyatı maraqlı, çətin və tarixi hadisələrlə zəngin olur. Dünya siyasətində öz sözünü demiş, ən çətin məqamlarda ağlının, zəkasının gücü ilə qələbə qazanan müdrik siyasətçi Heydər Əliyevin ömür şəcərəsi hər zaman öyrənilməyə ehtiyac duyulan həyat məktəbidir. Azərbaycanı inkişaf etmiş respublikalar səviyyəsinə qaldıran Ulu Öndər buna asanlıqla nail olmamışdı. Adicə misal. Sovetlər dönəmində Bakıda Kondisionerlər zavodunun inşası, C.Naxçıvanski adına hərbi məktəbin açılması ilə bağlı göstərdiyi fədakarlıqlar az-az rəhbərlərdə rast gəlinən qətiyyətin nümunəsi idi. Harada işləməsindən asılı olmayaraq hər zaman ilk növbədə xalqını düşünən, hadisələrə ümumxalq mənafeyindən yanaşan Heydər Əliyev həyatının mənasını millətinə xidmətdə görən dahilərdən idi. Azərbaycan KP MK-nın birinci katibi olanda da, ittifaq əhəmiyyətli fərdi pensiyaçı statusunu alanda da ona edilən təzyiqlərdən qorxmayaraq ancaq Azərbaycanın mənafeyini düşünürdü. Ulu Öndərin dövlətçilik təcrübəsinə, zəkasına, həyata müdrik baxışına həsəd aparan M. Qorbaçovun siyasi qısqanclığının qurbanına çevrildiyi zamanlarda belə Ulu Öndər söylədiyi kimi həyatını xalqının yolunda qurban verməyə hazır olduğunu fədakarlığı ilə təsdiqləyib.
« Siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, öz xalqı üçün dərin məsuliyyət hissi Heydər Əliyevi əvvəlki kimi yenə də tərk etmirdi. Axı Siyasi Büro və Sov.İKP MK üzvlüyündən azad edilsə də, cəsarətindən və qətiyyətindən əl çəkməmişdi, Vətəni üçün taleyüklü günlərdə Heydər Əliyev özü üçün çox pis, bəlkə də, faciəni qurtara biləcək təhlükəli hərəkətlərə qadir olduğunu göstərdi» ( Heydər Əliyev.«Tale yolları») sözləri bu tarixi şəxsiyyət haqqında söylənilənlərin bir damlası belə deyil. Moskvada yüksək vəzifədə işlədiyi müddətdə belə xalqının taleyi üçün narahat olan, Azərbaycanın inkişafı üçün yaranan fürsətlərdən bacarıqla istifadə edən, 21 yanvar 1990-cı ildə sovet tanklarının Bakıya girməsinin və şəhərdə qan tökülməsinin ikinci günü ulu öndər Moskvada SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəliyinə gələrək çıxış etdi. Faciələrlə üzləşən xalqını səbrli olmağa çağırmaqla Azərbaycana qarşı törədilən qırğını respublikanın süverenliyinə təcavüz adlandırdı. Baş verənləri hüquqa, demokratiyaya, yabançı humanizmə və sovetlər birliyində elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hərəkət adlandırdı. «O vaxt çox nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun- sovet diplomat kadrları yetişdirən mərkəzin müəllimi olan oğlu İlham da atasının yanında idi. Bu , görünməmiş bir cəsarət idi və İlham bu addımı atdı. O, özünün vətəndaşlıq borcunu yerinə yetirdi və hər şeyi- işini cəmiyyətdəki mövqeyini, sosial statusunu itirdi.» (Eyni mənbə) «Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır» söyləyən Prezident İlham Əliyev o ağır günlərdə xalqla bir olan Ulu Öndərin qətiyyətini qürurla xatırladır.
Heydər Əliyevin bu hərəkəti böyük sensasiyaya çevrildi, nitqi video kameralara çəkildi, sürətlə yayıldı. Sovet rejimindən ehtiyatlanan insanlar kasetlərə gizlincə baxırdılar. Buna görə də hakimiyyət orqanları bu kasetlərin , plyonkaların yığışdırılmasını tapşıraraq bunları yayanların məsuliyyətə cəlb olunması barədə sərəncam verilmişdi. Kremldə də başa düşürdülər ki, nümayəndəlikdəki bu tarixi çıxış böyük şəxsiyyətin siyasətə qayıdışının başlanğıcı ola bilər. Heydər Əliyevin Azərbaycana qayıdacağından ehtiyatlanan ittifaqın hakimiyyət orqanları təqaüddə olan Kremlin sabiq rəsmisini hərəkət azadlığından, başqa yerə getmək imkanından məhrum etmişdi. DTK generalı kimi Heydər Əliyevin özü də hiss edirdi ki, telefon danışıqları dinlənilir, ünsiyyət dairəsi nəzarət altındadır.
Ulu öndər Heydər Əliyevin yanvarın 19-da, Bakıdakı faciədən bir gün əvvəl Qorbaçovun birdən-birə ona zəng etməsi ilə bağlı ifadəsindən bəzi məqamlar: « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki, Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki, əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirim ki, bunlar hamısı iftiradır;»
Bu sözlər də göstərir ki, özünün, ailə üzvlərinin həyatı bahasına olsa belə yenə də xalqının taleyini düşünən Ulu Öndər qətiyyətinin , xalqına sonsuz məhəbbətinin qarşısını heç bir qüvvə ala bilmədi.
21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosu üzvü vəzifəsindən azad edilməsi barədəki qərarı özünə qarşı ədalətsizlik adlandıran, «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin «istefanın» səbəbləri ilə bağlı sualına Ulu Öndər belə cavab verir : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssəlam.» Ulu Öndərin siyasi hazırlıq və məharətinə qısqanclığı əks etdirən bu kimi faktlar istənilən qədərdir.
Ulu Öndərin Kremldən uzaqlaşdırılması ilə Dağlıq Qarabağ münaqişəsi başlandı. Ulu Öndərin «istefasından» sonra baş verənləri Heydər Əliyev belə izah edir : « Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Deməli bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm.»
Kremlin məkrli gedişləri, sonrakı hadisələr də məhz Qorbaçov «xislətinin» və erməni icmasının planları əsasında davam etdirildi. İttifaq və yerli mətbuatda məhz Qorbaçov iqtidarının göstərişi əsasında Ulu Öndərə qarşı təxribat xarakterli yazılar dərc olundu. Saxta ittihamlar səsləndirildi. Ümummili lider Heydər Əliyevə qarşı təhdid və təzyiqlər başlandı. Onun Moskvanın tərk etməməsi, doğma vətəni Azərbaycana qayıtmaması üçün təzyiqlər başlanıldı. Özünün qeyd etdiyi kimi o dövrdə 30 il sıralarında çalışdığı Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aradan götürülməsi ilə bağlı təxribatlar hazırlanırdı. Ulu Öndərin çıxışlarını dərc edən KİV-lərin redaktorları işdən çıxarılırdı. Lakin heç nədən qorxmayan, çəkinməyən, vətəndaşlıq mövqeyini bütün təhdidlərdən üstün tutan, məhdudiyyətlərə, xəbərdarlıqlara, hətta Azərbaycan rəhbərliyinin etirazlarına baxmayan fərdi pensiyaçı Heydər Əliyev doğma Vətəninə qayıda bildi. Naxçıvanın partiya təşkilatından Azərbaycan KP XXXII qurultayına nümayəndə seçilən Heydər Əliyev yaranan bu toxunulmazlıqdan istifadə etdi.
Azərbaycana qayıdış, gözlənilməz « sürprizlər»
20 iyul 1990-cı ildə canından artıq sevdiyi Vətəninə dönən Ulu Öndər «sürprizlərlə» qarşılaşdı. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi dəyərlərini itirən Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş rəhbərliyi ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişindən təlaşlandı. Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik dahini qorxutmaq, Azərbaycandan çıxarmaq üçün onun əlaqə saxladığı dövlət adamlarına qarşı təxribatlar hazırlandı. Respublikada isə siyasi vəziyyət dözülməz, adamlar təşviş içərisində idi. Erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüz etdiyi bir zamanda ölkədə aparılan «kreslo davası» nəticəsində yaranan qarşıdurma vətəndaş müharibəsi həddinə çatmışdı. Səbatsız, dövləti idarət etmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş , ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur, ölkə əhalisi iqtisadi böhrandan əziyyət çəkir, xaos içərisində qalan insanların sabaha ümidi tükənirdi. Ən əsası isə Azərbaycanın varlığı sual altında idi. Belə bir qarışıq, gərgin zamanda hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər : Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən «kommunist üsul-idarəsinin» başbilənləri Ulu Öndəri Azərbaycandan uzaqlaşdırmaq üçün hər cür çirkin əməllərə əl atdılar. Lakin Heydər Əliyev fenomeni, zəkası, düşüncəsi elə parlaq bir varlığa sahib idi ki, ona heç bir ləkə yapışmazdı. Beləcə iki gün Bakıda qalan, paytaxtda sabitliyin pozulmasını istəməyən müdrik insan 22 iyulda doğulub –boya baş çatdığı Naxçıvana gəlir.
Naxçıvana qayıdış müstəqilliyə aparan zəfər çağırışı idi
22 iyulda 80 mindən artıq sakinin toplaşdığı meydanda həmyerliləri ilə görüşən Ulu Öndərin xilaskarlıq missiyasını əks etdirən nitqi tarixi dönüşün zəfər çağırışı idi. Həmyerliləri ilə görüşündə « Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin birinci mərhələsində olduğu kimi bu tarixi dönüşündə də yalnız Azərbaycanın təhlükə qarşısında qalan taleyini düşünürdü. Məqsəd Azərbaycanın müstəqilliyini, suverenliyini, bir sözlə varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini gücləndirmək, müstəqilliyin əbədiliyinə nail olmaq, insanlarda milli təfəkkür və şüurun möhkəmlənəsini təmin etmək idi.
Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin sədri kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.
17 noyabr 1990- cı ildə keçirilən Ali Məclisin iclasına deputat kimi sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə «Naxçıvan MSSR»-nin adından «sovet, sosialist» sözülərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbulu müdriklik, cəsarət tələb edirdi. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi, YAP-nın yaradılması xalqda böyük ümidlər yaratdı
Fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspora fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.
SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.
Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi oldu. Böyük şəxsiyyət Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid körpüsü» salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu ilə ölkədə bazar iqtisadiyyatının təməli qoyuldu. 1992-ci ildə, Naxçıvanda olarkən Ali Məclisin sədri kimi antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Heydər Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan dövlət çevrilişlərinə cəhdləri də mətinliklə, qətiyyəti sayəsində aradan qaldırdı. Daxili və xarici düşmənlərin birgə planlaşdırdığı bu cinayətlərə müdrikliyi ilə qalib gələn Ulu Öndər növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirdi.
«Əsrin müqaviləsi» kimi qlobal enerji layihəsini imzalamaqla bölgədə sülhün, sabitliyin təminatına, xalqlararası əməkdaşlığın genişləndirilməsinə nail oldu. Üç dəniz əfsanəsinin gerçəkliyinə inanmayan, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla diplomatiyamıza uğurlar qazandırdı. Dünya Azərbaycanlılarının qurultayını keçirməklə soydaşlarımızın birliyini , təşkilatlanmasını təmin etdi. Azərbaycanın dünya birliyində yerini müəyyənləşdirdi. Bu missiyanı onun layiqli davamçısı Prezident İlham Əliyev BTQ, Cənub Qaz Dəhlizi, TANAP kimi layihələrlə davam etdirdi. Azərbaycanın müstəqilliyinin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən Heydər Əliyev siyasi davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.
Dünya birliyində Azərbaycan islahatçı, qüdrətli dövlət kimi tanınırsa, bu nailiyyət Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu irsə sadiqliyinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyasının uğurlu həlli nəticəsində Azərbaycan Avropa İttifaqı dövlətlərinin etibarlı enerji təminatçısı kimi tanınır. Bu günlərdə ölkəmizdə səfərdə olan İtaliyanın prezidenti Sercio Mattarellanın Azərbaycanla bağlı söylədiyi « Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da böyük marağa səbəb olub. Təkcə İtaliyada deyil bütün dünyada marağa səbəb olub» sözlərini ölkəmizlə tərəfdaşlıq edən bütün dövlət başçıları təsdiq edir. Siyasi sabitliyi, iqtisadi qüdrəti, əhalisinin sosial müdafiəsinin üstünlüyü ilə fərqlənən, MDB dövlətləri arasında seçilən Azərbaycanın daxili və xarici siyasəti də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, müdafiə olunur. Bu, maraq isə ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin bu irsə sadiqliyidir.
Xuraman İsmayılqızı,
«İki sahil»
Prezidentin İlham Əliyevin şəxsi uğurunu xalqın və Qarabağın gələcəyinə yönəldən əlamətdar qərar
Kamran Bayramov: Ermənistan tərəfinin revanşist mövqeyi bölgədə davamlı sülhə maneədir
Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə