20 iyul 2018 15:45
954

Ermənistan Ukraynanın əkiz bacısına çevrilir?

Rusiyada Nikol Paşinyanın atdığı bir çox siyasi addımları Ukrayna prezidenti Poroşenkonun siyasi addımlarının təkrarı hesab edirlər

Son zamanlar Rusiyada da belə bir fikir formalaşır ki, bir müddət əvvələdək Rusiyanın “yaxın dostlarından” biri olan Ukraynanın Ermənistanın timsalında əkiz bacısı yaranır. Yəni artıq Ermənistanda 2018-ci ilin “məxməri inqilab”ınan sonra antirusiya tərəfdaşlarının sayı davamlı artmaqdadır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın atdığı bir çox siyasi addımları Ukrayna prezidenti Poroşenkonun siyasi addımlarının təkrarı da hesab edirlər.

İş o yerə çatıb ki, hətta Paşinyanın təyin etdiyi yeni məmurlardan biri, diaspor üzrə nazir müavini, Amerika təhsilli Babken Ter-Qriqoryan Soros Fondunun tədbirlərində Rusiya prezidentini açıq söyüşlə təhqir etmişdir. Ermənistanın yeni əmək naziri Mane Tandilyan isə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını təbliğ edir. Bütün bunlar bir daha göstərir ki, indiki hakimiyyətdə Rusiyaya qarşı hələlik açıq şəkildə çıxış etməyən yalnız Nikol Paşinyandır ki, o da yəqin məqam gözləyir.

Bu arada Ermənistan hökumətinin iyulun 19-da keçirilən iclasında Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunub. Erməni KİV-lərinə istinadən xəbər verilir ki, baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib. “Bəyan etmək istəyirəm ki, bu, sadəcə olaraq yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram” - deyə Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır: “İstənilən halda polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”.

Xatırladaq ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kalonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Bir çoxlarının qorxudan ürəyi gedib. İnsident Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Moskva onun sammitdə iştirakından narazı idi.

Əvvəldə qeyd etdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni kabinetindəki nazirlərin böyük əksəriyyəti antirusiya əhval-ruhiyyəli şəxslərdir. Həmin nazirlər bu gün də Rusiya əleyhinə açıq və gizli şəkildə təbliğat aparmaqdadırlar. Onların qənaətincə, Rusiya Ermənistanı forpost, kölə kimi saxlamaqla müasir inkişafdan, dünyaya inteqrasiyadan yayındırır.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirinin Nikol Paşinyanla davamlı görüşləri də diqqətdən qaçmır. Hətta səfirlə Paşinyanın görüşündə ABŞ-ın Ermənistana hərtərəfli dəstək verməyə hazır olduğu da bildirilmişdi. Paşinyan bu taktika ilə erməniləri inandırmağa çalışır ki, guya onun xarici siyasətində yeniliklər olacaq və bu, Ermənistana inkişaf bəxş edəcəkdir.

Brüssel sammitində isə ermənilər tam olaraq bunun əksini gördülər. Onlar hiss etdilər ki, Ermənistan Avropa üçün çox əhəmiyyətsiz, sıradan bir ölkədir. Hazırda Ermənistan elə bir siyasi və iqtisadi xaosun içərisindədir ki, onun müstəqil xarici siyasət yürütməsi mümkünsüzdür. Bəzi siyasi ekspertlər düşünürlər ki, tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın “qərbyönümlülüyü” isə bəzi ölkələrdən, xüsusilə də ABŞ-dan on milyonlarla dollar maliyyə vəsaiti almağa hesablanıb. Çünki hazırda ABŞ-ın və Avropanın iqtisadi və siyasi sankisiyaları ilə iqtisadi geriləməyə məruz qalan Rusiya Ermənistana daha dilənçi payını da vermək istəmir. Ona görə də Ermənistan əvvəllər Rusiyadan ikiəlli yapışırdısa, indi əlinin birini ABŞ-a uzatmağa məcburdur.

Bu arada erməni mətbuatı yazır ki, ölkəsi Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır. Diqqətçəkici məqam isə odur ki, Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. Məqalədə vurğulanır ki, hətta Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində Ermənistana nisbətən daha çox pul alırlar.

Son 20 ildə Metsamor AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya peşkəş edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas iqtisadi rıçaqlarını həmişəlik itirib.

Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır.

Ermənistanda isə iddia edirlər ki, Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Aİ-nin Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini də əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardımın həcmi 500 milyon dollaradək ola bilər.

Eyni zamanda, erməni ictimaiyyətində belə bir qəti fikir də formalaşıb ki, son dövrlərdə Rusiya erməni maraqlarını hesaba almayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır.

Elçin Zaman,

“İki sahil”