19 iyul 2018 22:33
1695

Polipropilen zavodu qeyri-neft sektorunun inkişafına dəstək olacaq

Sumqayıt Kimya Sənaye Parkının (SKPS) yaradılmasının əsas məqsədi Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi və innovativ sənaye sektorlarının inkişafı baxımından aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət aparma qabiliyyətinin artırılmasından ibarətdir. Burada tam infrastruktur dəstəyi təmin olunur, vergilərdən əhəmiyyətli dərəcədə azad olmalar və icazələrin əldə edilməsi üçün vahid pəncərə metodu tətbiq edilir. Bununla da SKPS sənaye sahəsində innovativ təşəbbüslərə dəstək verir. Sumqayıt Kimya Sənaye Parkında yerləşən, beynəlxalq statusu olan, miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihə olan  "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer" zavodlarının təməli qoyulub. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək qurğulardan ibarətdir. Həmin qurğular müvafiq olaraq 180000 və 120000 ton illik istehsal gücünə malik olan həmin PP və YSPE qurğularıdır.

Layihəni həyata keçirmək üçün «SOCAR Polymer» şirkəti İtaliyanın "Maire Tecnimont" layihə-konstruktor şirkətini EPC podratçısı qismində, digər aparıcı layihə-konstruktor şirkəti olan Hollandiyanın «Fluor» şirkəti isə EPC podratçısının fəaliyyətinə nəzarət etmək məqsədi ilə PMC podratçısı qismində işə cəlb edilib.

Qeyd edək ki, kimya sənayesi Azərbaycanda 4-cü böyük istehsal sektorudur. Azərbaycanın istehsal sektorunun 6,2%-dən artıq bir hissəsi kimya sənayesinin payına düşür. "SOCAR Polymer" zavodları ətrafında yeni müəssisələrdən ibarət sənaye klasterinin təşəkkül tapacağını nəzərə alaraq qarşıdan gələn bir neçə il ərzində ölkənin kimya sektorunda ciddi artım gözlənilir.

Xəbər verildiyi kimi, iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik edərək bildirib: "Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır."

İtaliya Prezidenti Sercio Mattarella çıxışında vurğulayıb ki, bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir: "SOCAR-a və "Maire Tecnimont"a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir."

Qeyd edək ki, hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. "SOCAR Polymer" zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. "Ekoloji cəhətdən təmiz" plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

Qeyd edək ki, "Socar Polymer" Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. "SOCAR Polymer"in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunacaq. İnvestisiyaların 60 faizi Rusiyanın "Gazprombank", qalan hissəsi isə müvafiq olaraq "SOCAR", "Vitol", "Paşa Holdinq", "Gilan Holdinq" və "Azərsun Holdinq" tərəfindən təmin edilib. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir ki, bunun da 768 milyon dolları artıq xərclənib. Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Bütün bunlar bir daha sübut edir ki, ölkə sənayesinin və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Sənaye sahələrinin inkişafı istiqamətində atılan addımlar, sənaye parklarının, məhəllələrinin yaradılması ilə bərabər, aqroparkların yaradılması kompleks şəkildə gələcək üçün planlaşdırılmış layihələrdir. Azad sahibkarlığın formalaşması və inkişafına istiqamətləndirilən uzunmüddətli bir prosesdir. Sadalananlardan da aydın görünür ki, regionlarda sənayenin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə bu sahənin inkişafı baxımından sənaye zonalarının yaradılması mühüm önəm daşıyır.

Orxan Vahidoğlu,

"İki sahil"